Modern.az

Azərbaycandan sovet əmanətlərinin qaytarılması üçün hüquqi baza var imiş

Azərbaycandan sovet əmanətlərinin qaytarılması üçün hüquqi baza var imiş

Ölkə

20 Aprel 2010, 17:30

Son günlər sovet dövründə əhali tərəfindən banklarda yatırılmış əmanətlərin geri qaytarılması məsələsi yenidən gündəmə gəlib. Müstəqil ekspertlər, bir sıra millət vəkilləri əmanətlərin qaytarılmasının zəruriliyini bildirsələr də, hökumət tərəfindən hələ ki reaksiya yoxdur.

Azərbaycan hökuməti 1991-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə bağlı müxtəlif hüquqi aktlar qəbul edib. Ancaq təəssüf ki, bütün bunlar kağız üzərində qalıb, reallıqda icra olunmayıb.

Redaksiyamıza müraciət edən oxucularımız sovet əmanətlərinin qaytarılmasının hüquqi bazasının olub-olmamasını bilmək istəyirlər. Onların hökumətin ümumiyyətlə bu fikirdən vaz keçə biləcəyi ehtimalından narahatdırlar. Oxucularımız bu əmanətlərin qaytarılması ilə bağlı hökumətin hüquqi öhdəliyinin olub-olmamasını bilmək istəyirlər.

"İqtisadi forum" jurnalı sovet əmanətlərinin indekslərşdirilməsi və qaytarılmasl ilə bağlı hökumətin imzaladığı hüquqi aktların adlarını və xronoloji ardıcıllığını təqim edib:

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti 27 mart 1992-ci il tarixində “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verib. Qərarda vətəndaşların əmanətlərinə dövlət tərəfindən təminat verilməsi əksini tapır. Qərar əsasında Əmanət Bankın əmanətlərinin faiz tarifi 1 yanvar 1992-ci ildən tələb edilənədək əmanətləri üzrə 2%, müddətli əmanətlər üzrə isə 3% artırılıb.

1992-ci il iyunun 3-də Nazirlər Kabineti  “Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsindən və Goranboy rayonunun keçmiş Şaumyan (kənd) ərazisindən didərgin düşmüş vətəndaşların əmanətlərinin ödənilməsi haqqında” 310 saylı Qərar verib. Qərarda adıçəkilən bölgələrdən didərgin düşmüş vətəndaşların əmanətlərini əmanət kitabçaları əsasında, hərtərəfli dəqiqləşdirdikdən sonra sənədləşdirib mərkəzləşmiş qaydada bu bölgələrin 1991-ci il yanvarın 1-nə kredit ehtiyatlarından yaranmış, respublika əmanət bankının balansında qalan gəlir hesabına verilməsi haqqında nəzərdə tutulur.

1992-ci il iyunun 15-də president səlahiyyətlərinin icrasına başlayan Əbülfəz Elçibəy həmin ayın 17-də “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun imzalayır.Qanunla vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsasları müəyyən edilir. Bu qanunun tələblərinə uyğun olaraq 1993-cü il iyunun 3-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün faiz tariflərinin artırılması barədə” 23 saylı Qərar qəbul edir. Qərar əsasında Səhmdar Kommersiya Əmanət Bankının idarələrində əmanətlərin bütün növləri üzrə faiz tarifləri artırılaraq 1993-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

«Tələb olunanadək» əmanəti üzrə -      15 faiz

Müddətli əmanətlər üzrə:

1 ildən — 3 ilə                                    20 faiz

3 ildən — 5 ilə                                    30 faiz

5 ildən yuxarı                                     40 faiz

Bundan başqa qalığı 50 min rubldan (5 min manat) yuxarı əmanətlər üzrə 40 faiz, məqsədli uşaq əmanəti üzrə isə 60 faiz müəyyən edilib.

6 may 1993-cü il tarixində Prezident inflyasiyanı nəzərə alaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmanət banklarında olan əmanətlərin qiymətsizləşməsinin qarşısını almaq üçün  “Azərbaycan Səhmdar-Kommersiya Əmanət Bankında əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında” Fərman imzalayıb.

Fərmanda Əmanət Bankında saxlanan əmanətlərin 1992-ci il yanvarın 1-dək olan qalığına 1993-cü il iyunun 1-dən 100 faiz hesabı ilə kompensasiya verilməsi nəzərdə tutulurdu. Fərmanda həmçinin qeyd edilirdi ki, verilmiş kompensasiya məbləğləri əmanətçilərin adına açılan xüsusi hesablarda saxlanılmalı və saxlanan əmanətlər üzrə müvafiq qaydada faiz hesablanmalıdır. Xüsusi hesablarda saxlanan əmanət məbləğlərinin əmanətçilərə 1995-ci il iyunun 1-dən etibarən ödənilməsi nəzərdə tutulurdu.

Uzun fasilədən sonra əmanət məsələsində 2005-ci ildə qayıdılır. Ölkə Prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında”  Sərəncam imzalayır. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılır. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilir.

Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

2006-cı ildə əmanətlərin qaytarılması məqsədilə qanun layihəsinin hazırlanması barədə xəbərlər yayılmasına, dövlət büdcəsində bunun üçün hətta vəsait nəzərdə tutulmasına rəqmən sonradan müəmmalı şəkildə bu prosesə son verildi. Kapital bankda aparılan indeksləşdirmə prosesi də yarımçıq qaldı. Artıq qonşu Ermənistan bu işə start verdi. Rusiya yaxın 3 ildə əmanətləri qaytarıb qurtaracaq. Keçmiş SSRİ-nin digər ölkələri də bu istiqamətdə addımlar atıb. Azərbaycan hökuməti isə hələlik buna ehtiyac görmür....


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı