Modern.az

Evi yıxılanlar...

Evi yıxılanlar...

Ölkə

22 Aprel 2010, 10:52

Son günlər ən çox müzakirə etdiyimiz mövzulardan biri də “qeyri-qanuni tikilən” evlərin sökülməsidir. Hamı bu mövzunu özü üçün prioritet seçib. Əslində tikilən evlərin qeyri-qanuniliyi ilə bağlı mücərrəd yanaşma var. Ümumiyyətlə, qeyri-qanuni olan nədir?

Bildiymiz kimi, Azərbaycanda torpağın üç mülkiyyətçisi var. Bunlardan biri də bələdiyyə adlandırdığımız yerli özünü idarə orqanlarıdır. Əslində bunların adı ÖZÜNÜ İDARƏdir. Reallıq isə tamam başqadır. 

Əvvəla belə bir suala cavab axtarmağa çalışaq: vətəndaş torpaq almaq üçün kimə, daha doğrusu hansı quruma müraciət etməlidir? Əlbəttə, vətəndaşın torpaq almaq üçün yeganə müraciət edəcəyi orqan bələdiyyədir. Çünki Bakı şəhərində mövcud torpaqlar yalnız bələdiyyə adlandırdığımız amorf qurumların balansındadır. Hansı ki, bu gün məmur-mütləqlər, neft şirkəti və s. ev yıxan təşkilatlar bələdiyyələrin verdiyi qərarı ciddi sənəd kimi qəbul etmirlər. Amma Şəhadətnamə almaq istəyəndə sənədlərinin qaydasında olması üçün bələdiyyə orqanından alqı-satqı müqaviləsi tələb edirlər. Baxın, insanların anasını belə ağladırlar. Yazdıqlarım isə Binəqədi qəsəbəsində apardığım kiçik bir araşdırmanın nəticəsidir.

Belə ki, vətəndaş bələdiyyə yetkilisinin göstərdiyi yerdə torpağını alır və əlavə heç bir narahatlıq hissi keçirmir. Çünki bələdiyyə qərarında vətəndaşa torpağın ev tikintisi aparmaq üçün verildiyi xüsusi qeyd olunur. Gedib arvadının qır-qızılını, bankdan kredit götürüb başını soxacaq bir ev tikmək istəyir. İşə başlayanda sahənin ərazisinə nəzarət edən polis gəlir və haqqını alıb gedir. Sizcə polis hara gedir? Polis ilk olaraq torpağın yerləşdiyi ərazinin qəsəbə nümayəndəliyinin sədrinə müjdə verir. Dərhal sədrin adamları tikilinin getdiyi əraziyə gəlir və sənəd tələb edir. Sən də çıxarıb bələdiyyə qərarını göstərirsən. Başlayır burcutmağa... İşi saxlayırsan. Bir, üç, beş gün qalırsan maat-məəttəl. Yola verirsən gedir. Artıq tikintiyə başladığın gündən bir həftə vaxt keçib, sən isə divara heç 20 daş qoymamısan. Günortaya kimi yaxşı işləyirsən. Sevincinin həddi-hüdudu yoxdur. Balaca iş deyil, kişi ev-eşik sahibi olur, kirayə qalmaqdan canı qurtarır. Amma yanılırsan...

Polis qardaş vəzifə başındadır. Qəsəbə nümayəndəliyindən çıxan o məlun dərhal bələdiyyə sədrinə də bu barədə müfəssəl məlumat verir. Bu dəfə bələdiyyənin ərazi üzrə kuratorları işə düşür və şirinlik adı altında vətəndaşı istismar edir.

Bununla iş bitmir. Əgər ərazi hər hansı bir neft quyusuna yaxındırsa, yandın. Şirkətin nümayəndələri gəlir və o da alıb gedir. Verməyə bilmərsən. Sabah gəlib tikidiyinin uçurulduğunu görürsən. Kimə şikayət edəsən? Dərdini kimə deyəsən? 

İnsanların vəziyyətini mərhələ-mərhələ çətinləşdirir, onların var-yoxunu talayır, sonra da gəlib deyirlər ki, qanunsuz ev tikmisən... Düzdür, vətəndaşların sənədləri də tam qaydasında olmur, amma bir və yaxud da iki otaqlı ev tikmək üçün günlərlə məmur qapılarında gecələmək nə dərəcədə ədalətlidir. Məsələ ondadır ki, sənədləri tam qaydasında oldu-olmadı, vətəndaş polisə, sahə müvəkkilinə, bələdiyyə kuratoruna və yaxud da neft şirkəti yetkilisə verəcəyini verəcək. Nə az, nə də çox. Sadəcə burada pulun hansı şəkildə verilməsidir. Sənədlər yarımçıq olanda yuxarıda sadaladığım məmurlar tikiliyə yaxınlaşır, dərhal onun dayandırılmasını tələb edir, hətta təpiklə vurub bir-iki daşı uçurur, ustanın üstünə qışqırır, bir sözlə tikili sahibini müxtəlif yolla aşağılamağa çalışır və s. Sənədlər tam qaydasında olanda isə vətəndaşın, daha doğrusu tikli sahibinin dili uzun olur. Məmur-mütləqlər isə rüşvəti şirinlik formasında alırlar. Bu bir qanunauyğunluqdur və yuxarıda bəhs etdiyim düstur üzrə yoluna qoyulur.

Nə isə. Artıq tikili sahibi bir otaqlı, hamamı yox, tualeti taxta parçalarından olan “malikanəsini” başa gətirib içində yaşayır. Təzəcə nəfəs alırdı ki, məmurlar mavi ekrandan çıxış edərək qanunsuz evlərin söküləcəyini bəyan edirlər. Hətta onlar  qanunsuz tikili kateqoriyasına aid olan evlərin coğrafi arealını da müəyyənləşdirir. Bildirir ki, xüsusən mədən ərazisində olan tikililər söküləcək. Vəziyyət gərginləşir, ailə-uşaq təşviş içindədir. Kişi tez qalxıb neft buruğu ilə yeni tkidiyi evin arasındakı məsafəni ölçür: düz 500 metr. Arada gəzən söz-söhbətə görə isə yaşayış evi neft quyusundan 25-30 metr məsafədə tikilməlidir. Bu söz-söhbət kişini bir az rahatlaşdırır. Amma yenə də ailəlikcə sabahı diri gözlü açırlar...

Çox maraqlıdır. Ərazini vətəndaşa verən – daha doğrusu satan bələdiyyə orqanı, onu qeydə alan rayon İcra Hakimiyyəti yetkililəri yaxınlıqdakı neft quyularını görmürdülərmi? Deyək ki, gözləri kordu və görmədi. Yaxşı bəs, əraziyə nəzarət edən sahə müvəkkili hara baxırdı? Deyək ki, bunun da görmə qabiliyyəti zəifləyib. Yaxşı bəs, rüşvəti alıb gözünə təpən qəsəbə icra nümayəndəsi, neft şirkətinin təhlükəsizliyi nə işlə məşğul idi. Olmazdımı ki, elə bələdiyyə vətəndaşa mədən ərazisində torpaq satmayaydı, olmazdımı ki, icra nümayəndəsi ona rəy verməyəydi, sahə müvəkkili, neft şirkətinin əməkdaşları rüşvət xatirinə göz yummayaydı. Deməli, hamı göz yumub. Deməli, bütün Azərbaycana bəllidir ki, gözlərin yumulması üçün yatmaq vaxtını gözləmək lazım gəlmir.  

Binəqədi qəsəbəsində fəaliyyət göstərən “mal bazarı” deyilən yer var. Bu bazarın yanından keçən yolun bir tərəfində neft quyuları, digər tərəfdə – yəni insanlara bəla gətirən quyuların 10-15 metrliyində 5 mərtəbəli yaşayış binları tikilir. Hündür mərtəbəli binaların arxasında isə fərdi evlər üçün alınmış həyatyanı torpaq sahələrinin uçulub-dağılmış hasarlarını görürük. Deməli, müvafiq qurumlar eyni məsafədəki ərazidə hündürmərtəbəli binaların tikintisinin qarşısını almır, amma fərdi ev tikmək istəyən bədbəxt kasıbın komasını başına uçurtmağı böyük bir tarixi əməliyyat hesab edirlər.

Bəli, indi vətəndaş oturub evinin başına uçulacağı günü gözləyir. Dəhşətdir, elə deyilmi? İnsanları göz görə-görə istismar edirlər, dələduzluq yolu ilə əlində nəyi var alıb onu var-yoxdan çıxarırlar. 

 

Sonda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bəzi ekspertlər, xüsusən də bələdiyyələrin fəaliyyəti ilə maraqlanan QHT rəhbərləri bu məsələdə nala-mıxa vururlar. Əslində problemi araşdırmadan, onun mahiyyətini dərk etmədən qəzetlərə, TV-lərə ağıllarına deyil, ağızlarına gələn açıqlamaları verirlər.

 

Artistlik etməyin, bəylər! Sizin açıqlamalarınız sadəcə gülüş doğurur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı