
Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.
Modern.az saytı prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandıracaq.
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə namizəd şəxslərdən biri millət vəkili Zahid Orucdur.
Zahid Oruc 1972-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsini daşıyıb.
Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.
Zahid Oruc həyat yoldaşı Şəhla Orucova ilə tələbə yoldaşı olublar. Onlar 5 il birlikdə Azərbaycan Texniki Universitetində oxuyublar. İki övladları var – oğlu Elton və qızı Eltac.
Elton Orucov – 17 yaşında, Eltac Orucova isə 12 yaşındadır.
“Həyat yoldaşım uzun müddət işləməyib. 2-3 il sosial müdafiə sistemində, sonra isə kitabxanada məsləhətçi olaraq çalışmaqda davam edir. Konkret olaraq siyasi mənsubiyyət daşımasa da, ölkənin həyatı, onun gerçəklərinə obyektiv baxışa malikdir. Sadə həyat yaşayırıq. Müəyyən mənada Azərbaycan cəmiyyətinin içərisindəyik”.
Övladları barədə isə prezidentliyə namizəd belə deyir: “Valideyn kölgəsi ilə zədələnməyən iki Azərbaycan türkü böyüyür. Qızım 12 yaşının yol verdiyi fəhm və duyumla hər bir siyasi addımıma nəzər yetirən yaxşı izləyicilərdən biridir”.
Aytən ƏLİYEVA
P.S. Prezidentliyə namizədlər Cəmil Həsənli və İlyas İsmayılovdan fərqli olaraq, Zahid Orucun ailə üzvlərinin fotoşəkillərini əldə edə bilmədik.