Aprelin 24-də "Azərbaycanfilm" kinostudiyasında "Soyqırım: Bakı" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, filmdə ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırım sənədlərlə, faktlarla öz əksini tapır. Filmdə hadisənin canlı şahidləri, doğmalarını, yaxınlarını itirən, bu soyqırımdan əziyyət çəkən insanların xatirələrindən daha geniş istifadə olunub.
Tədbirdə çıxış edən millət vəkili, filmin baş məsləhətçisi Qənirə Paşayeva bildirib ki, 1918-ci ildə Bakıda törədilən soyqırımın canlı şahidlərinin fikirlərinin filmdə öz əksini tapması beynəlxalq ictimaiyyət üçün çox önəmlidir. Onun sözlərinə görə, filmi hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi bunun Azərbaycanla yanaşı, dünyadakı azərbaycanlılar arasında da yayılmasını planlaşdırır. Qənirə Paşayeva deyib ki, hər il aprelin 24-də ermənilər qondarma "soyqırım" iddiaları ilə çıxış edirlər: “Biz bu iddiaların uydurma olduğunu sübut etmək üçün həmişə Türkiyənin yanında olmuşuq. ABŞ Konqresində qondarma "soyqırım"la bağlı qərar qəbul olunanda, Azərbaycan Parlamenti dərhal buna reaksiya verdi və biz çox kəskin etirazımızı bildirdik. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Abdullah Güllə telefonla əlaqə saxlayaraq dövlətimiz adından etirazını çatdırdı. Düşünürəm ki, hər bir vətəndaşımız bu cür hərəkət etməlidir. Bizim xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları xüsusilə fəal olmalıdırlar”. Deputat "Soyqırım: Bakı" filminin Azərbaycanın televiziya kanallarında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu deyib. Q.Paşayeva bildirb ki, filmin beynəlxalq ictimaiyyət arasında geniş yayılmasını həyata keçirmək üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin ingilis və rus dilllərində versiyasını da hazırlayır. Filmin xarici dillərdə ABŞ-da, bəzi Avropa və MDB ölkələrində təqdimatının keçirilməsi də planlaşdırılır.
Tədbirdə iştirak edən millət vəkili Həvva Məmmədova deyib ki, ermənilər ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da azərbaycanlılara qarşı soyqırım törədiblər və bunun ən dəhşətlilərindən biri Xocalıda baş verib.
Onun fikrincə, ermənilər Xocalı soyqırımına qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan onlarla kəndində soydaşlarımıza qarşı qırğınlar törədiblər. "Xocalı dünyada analoqu olmayan bir faciədir. Bu soyqırım bütün dünyada ermənilərin kimliyini bir daha sübut etdi. Amma ermənilər bu gün dünyada qondarma soyqırım siyasəti aparırlar", - millət vəkili deyib. H.Məmmədovanın sözlərinə görə, ermənilər hətta o qədər azğınlaşıblar ki, Xocalı faciəsi zamanı çəkilən şəkilləri öz saytlarında yerləşdiriblər. "Bu fotoların Kosovoda, Yuqoslaviyada çəkildiyini iddia edirlər. Bununla ermənilər dünya ictimaiyyətinə guya Azərbaycan tarixçilərinin saxtakarlıqla məşğul olduğunu sübut etmək istəyirlər. Biz bu cür uydurma iddiaların qarşısının alınması üçün təbliğatımızı daha gücləndirməliyik”.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, filmin prodüsseri Günel Paşayeva bildirib ki,müxtəlif mənbələrə əsasən, 1918-1920-ci illərdə bütövlükdə Azərbaycan üzrə törədilmiş soyqırımın qurbanı 700 minə yaxın azərbaycanlı olub.
“Qeyd etmək istəyirəm ki, bundan əvvəl Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İctimai Birliyi 1918-ci ildə erməni daşnaklarının Qubada xalqımıza qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün «Soyqırım:Quba» filmini hazırlayaraq həm ölkəmizdə həm bir sıra xarici ölkələrdə təqdimatını keçirmiş və bu filmin beynəlxalq ictimaiyyət arasında geniş yayılması prosesini həyata keçirməyə başlamışdır”.
G.Paşayeva deyib ki, rəhbərlik etdiyi təşkilat erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş soyqırımı beynəlxaq ictimaiyyətə geniş şəkildə çatdırmaq üçün silsilə layihəyə başlayıb. “«Soyqırım:Quba», “Soyqırım:Bakı» filmlərindən sonra erməni daşnaklarının Azərbaycanın digər bögləgələrində törətdiyi soyqırımlarla bağlı da filmlər hazırlayacağıq və artıq bunun üzərində iş gedir”.
G.Paşayeva filmin hazırlanmasına maliyyə dəstəyi göstərmiş Texnikabank ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevə təşəkkür edib.
Filmin prodüsseri Günel Paşayeva, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayevadır. Filmin elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. Modern.az