Aprelin 26-da "Azadlıq” blokuna daxil olan siyasi partiyalar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib. Aksiya başlamamış əraziyə cəlb edilən polis əməkdaşları iştirakçıları oradan uzaqlaşdırıb. Bu dəfə də aksiyanın dağıdılmasında mülki geyimli polislər iştirak edib. Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığındakı metronun “İçərişəhər” stansiyasının qarşısında müxalifətçilərə meriyanın binasına doğru irəliləmək imkanı verilməyib. Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov jurnalistlərə bildirib ki, aksiyada iştirak edənlər saxlanılmır, onlar sadəcə olaraq ərazidən kənarlaşdırılır. Kamal Vəlişov aksiyanın dağılmasında polislərlə birgə iştirak edən mülki geyimli şəxslərin kim olması barədə suala cavab olaraq bildirib ki, o belə bir adamları görməyib. ATƏT-in Bakı ofisinin əməkdaşları da aksiyanın gedişini izləyirlər. Aksiya zamanı 30-dan çox müxalifətçinin saxlanıldığı bildirilir. Onların arasında AXCP sədrinin müavini Nurəddin Məmmədli, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan da olub. Polislər N.Məmmədlini aparıb "Binə" Ticarət Mərkəzində sərbəst buraxıblar. ”Azadlıq” blokuna AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir. Müxalifətçilər sərbəst toplaşma azadlığının pozulmasına etiraz edir.