Bakının Əzizbəyov rayonunun adı dəyişdiriləcək. Bununla əlaqədar qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının aprelin 26-da keçirilmiş iclasında müzakirə olunub.
“Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsi barədə məlumat verən toponimiya komissiyasının sədri, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov deyib ki, Bakı şəhəri Əzizbəyov rayonu icra hakimiyyətinin başçısı rayon ictimaiyyəti adından komissiyaya müraciət edib. Həmin müraciətdə Əzizbəyov rayonunun adının dəyişdirilərək Xəzər adlandırılması təklif olunur. Komissiya bu təklifi diqqətlə araşdırıb və Əzizbəyov rayonunun adının Xəzər rayonu adlandırılmasını məqsədəuyğun hesab edir.
Müzakirələr zamanı, komissiya sədrinin müavini, akademik Teymur Bünyadov, Milli Məclisin deputatları Musa Quliyev, Fəzail İbrahimli, Əhəd Abıyev və başqaları çıxış edərək, bu dəyişikliyi tarixi-coğrafi adların bərpası kimi qiymətləndirib.
İclasda, həmçinin “Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması haqqında” qanun layihəsinə baxılıb.
Müzakirələr zamanı Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması məqsədəuyğun hesab edilib və hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.