Bu il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı aprelin 30-dan başlayır. Bu barədə Modern.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Test imtahanı, Azərbaycanda ilk dəfə olaraq, kompüter vasitəsi ilə keçiriləcək. Bununla bağlı Komissiya tərəfindən “Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi”nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - “Test imtahanı” sistemi hazırlanıb. Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək. Test imtahanının dövlət orqanları üzrə qrafiki Komissiyanın rəsmi saytında (www.dqmk.gov.az ) verilib.
Yeni qaydalara əsasən inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər. Test imtahanının qrafiki də yeni qaydaların bu tələbi nəzərə alınmaqla tərtib edilib. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin altıncı-yeddinci, sonra isə səkkizinci-doqquzuncu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edəcəklər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;
2. Qanunvericilik sahəsində;
3. İnformasiya texnologiyaları sahəsində;
4. Məntiqi düşünmə qabiliyyəti sahəsində.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 4111namizəd qeydə alınıb. Onlardan 966-sı (23,50%) qadın, 3145-i (76,50%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır.
Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. Qeydə alınan namizədlərdən 2323-ü inzibati vəzifələrin altıncı, 333-ü inzibati vəzifələrin yeddinci, 19-u inzibati vəzifələrin səkkizinci, 1436-sı isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.
Dövlət orqanlarını daha layiqli kadrlarla təmin etmək məqsədi ilə Komissiya bu musabiqədə də bir-sıra yeniliklər edib. Birincisi, test imtanında namizədlərin dünyagörüşü, yəni dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə bilikəri yoxlanılacaq. İkincisi, keçid ballarının inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirilməsidir. Belə ki, inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 bal, 8 və 9-cu təsnifatları üzrə keçid balı isə 70 bal müəyyənləşdirilib. Üçüncü yenilik namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması ilə bağlıdır. Artıq inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50 faizini, 8 və 9-cu təsnifatları üzrə isə 40 faizini düzgün cavablandırmış və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab ediləcəklər. Dördüncü yenilik isə inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə biləcəklər.
Modern.az