
Siyasətdə fərqli mövqelər və fərqli baxışlar bəzən bir-birinə rəqib olan tərəflər arasında düşmənçilik də yaradır. Siyasi mənsubiyyət anlayışı, ideoloji müstəvidə fərqli yanaşma və baxış bucaqlarının müxtəlif səpkidə təzahürü hətta doğma insanları da bir-birindən uzaqlaşdırır. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da ideoloji cizgilər və ya partiya, siyasi baxışlar əsasında hakimiyyətlə mübarizə üsullarının rəngarəngliliyi diqqətdən yayına bilməz. Maraqlıdır ki, Azərbaycan siyasi məkanında eyni ideologiyaları bölüşən partiya və ya şəxslər də mövqelərdəki müəyyən fikir ayrılıqları səbəbindən çəkici bir nöqtəyə vura bilmirlər.
Siyasi gərginliyin yaratdığı mühit bəzən eyni ata-ananın övladları arasında fərqli yanaşma ortaya çıxarır.
Mühafizəkar cəmiyyət hesab olunan Azərbaycanda belə hallar az deyil. Yəni siyasətin “Karamazov qardaşları” Azərbaycanda da yox deyildir. Modern.az saytı Azərbaycan siyasətində “mehriban düşmən” sayılan qardaşlarla bağlı araşdırma aparıb.
“Qara pişiyin” qadın obrazı
Öncəliklə vurğulayaq ki, Azərbaycan toplumu konservativdir. Bu mənada hər hansı qardaş arasında olan fikir ayrılığını, konfliktləri ictimai müzakirəyə çıxarmaqla yersiz qalmaqal yaratmaq niyyətində deyilik. Ancaq həmin “Karamazov qardaşları” öz mövqelərini açıq şəkildə mətbuat səhifələrində bir-birlərini ittiham etməklə sərgiləyirsə, araşdırmamızın predmeti olduğundan biz də həmin səhifələri vərəqləyə bilərik.
Azərbaycan siyasi səhnəsində ən çox sosial-demokratların doğma qardaşları arasında yaşanan qalmaqal vaxtaşırı olaraq gündəmə gəlir. Söhbət Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə onun qardaşı və vaxtilə partiya silahdaşı olmuş politoloq Zərdüşt Əlizadədən gedir. Onlar arasındakı nifaq elə zaman-zaman qardaşların öz dili ilə KİV-lərdə səsləndirilir. İki doğma qardaş arasındakı söz-söhbət partiya idarəetməsi ilə bağlı hüquq müdafiəçisi Arzu Abdullayevanın hələ ASDP təmsilçisi olduğu vaxtlarda başlanıb. Belə ki, partiyanın toplantısında Araz Əlizadəyə qarşı çıxan xanım siyasətçini Zərdüşt Əlizadə müdafiə edir və bununla da qardaşlar arasında mübahisə yaşanır. Mübahisə dərinləşir və ardınca partiyadan kütləvi istefalara start verilir. Z.Əlizadə və A.Abdullayeva partiya sıralarını tərk edir. İki qardaş arasından necə deyərlər, qara pişiyin keçməsi ilə onlar arasında sanki əbədi küsülülük başlayır. İki qardaşın bir mübahisəsindən doğan küskünlük bu günə qədər davam edir. Bu inciklik fonunda isə qardaşlar vaxtaşırı bir-birinin ünvanına saytlar, qəzetlər vasitəsilə sətiraltı mesajlar ötürür, qarşılıqlı ittihamlarla çıxış edirlər. Özü də zaman-zaman müzakirə mövzuları fərqli fazalara daxil olur. Məsələn, bir müddət öncə ASDP sədri Araz Əlizadə qardaşını və Arzu Abdullayevanı partiyanı borc içində qoyub getməsi ilə bağlı Modern.az-a açıqlama vermişdi. Bu yaxınlarda isə politoloq Zərdüşt Əlizadə konkret olaraq ad çəkməsə də, Milli Şuranın namizədi Cəmil Həsənlidən başqa bütün yerdə qalan namizədləri “iqtidar adamı” adlandırdı. Araz Əlizadə isə prezidentliyə namizəd kimi İTV-dəki debatlarda qardaşının bu addımına ironiya ilə yanaşdığını sözlə ifadə etdi.
Qardaşların gələcəkdə bir siyasi çətir altında fəaliyyət göstərərək barışmasını bundan sonra proqnozlaşdırmaq da çətindir. Dediyimiz kimi, Əlizadə qardaşları öz aralarında barışmamaq haqqında “əbədi müqavilə” imzalayıblar. Təfərrüatlara varmaqla yazını uzatmadan digər qardaşlara keçək...
Məmmədov qardaşları dramı
Aralarından “qara pişik” keçən qardaşlar siyahısına ADP sədri Sərdar Cəlaloğlu və hazırda həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədov da daxildir.
2011-ci ildə ADP sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi olaraq müxalif partiya liderlərini bir araya gətirmək təşəbbüsünü pisləyən bir bəyanat verir. O, qardaşının dialoq cəhdini tənqid etməklə, onun bu təşəbbüsünü qeyri-ciddi addım sayır. Q.Məmmədovun bu yaxınlarda həbs olunmasına isə S.Cəlaloğlunun reaksiyası girişdə sadaladığımız tezislərin həqiqətə uyğun olduğunu bir daha əyani sübut etdi. Sərdar bəy qardaşının həbsinə belə münasibət bildirib: “Mən Qurbanla beş ildir danışmıram. Bunun siyasətə heç bir aiddiyyəti yoxdur. O səbəbdən ki, bizim dünyagörüşlərimiz arasında kəskin fərq var. Əgər kiminləsə, dünyagörüş ortağısansa, demək həmin adam sənin qardaşındır. Mənim yanaşmam belədir. Hesab edirəm ki, məhz hadisələrə baxışın, dünyagörüşün fərqli olması siyasətdə qardaşları rəqibə çevirir”-deyə S.Cəlaloğlu qeyd edib.
Bundan savayı onlar arasındakı münasibətlərə “beton piltələrlə” sədd çəkildiyini bir fakt da təsdiq edir. Qurban Məmmədov hələ həbs olunmazdan əvvəl (bu ilin 5 iyununda həbs olunub-red.) Sərdar Cəlaloğlu özünün siyasi komandasında qardaşına yer olmadığını vurğulayıb. Prezidentliyə namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtında da ADP-nin namizədi S.Cəlaloğlu bir kəlmə də olsun qardaşının həbsi ilə bağlı münasibət sərgiləmədi. Bəlkə də Sərdar bəy öz daxili aləmində qardaş acısı yaşayır, amma bizə də tam məlum olmayan səbəblərdən dolayı təpki göstərmir...
Ögey qardaşların hakimiyyətlə bağlı ziddiyyətləri
Bir neçə ay öncə aparıcı müxalifət partiyalarının gərgin əməyi və həssas siyasi proseslər kontekstində Milli Şura yarandı. Bir neçə illik istəyi gerçəkləşdirən məşhur kinodramaturq Rüstəm İbrahimbəyov müxalifəti bir araya yığaraq Milli Şuranı təsis etdi. Kinodramaturqun Rusiyadan idarə etdiyi Milli Şura mövcud hakimiyyətə alternativ kimi təqdim olunur. Yarandıqdan bir müddət sonra qurum sədri R.İbrahimbəyov prezident seçkilərində iştirak etmək üçün Milli Şuranın vahid namizədi seçildi. Lakin ikili vətəndaşlıq səbəbindən onun namizədliyi MSK tərəfindən qeydə alınmadı. Maraqlıdır ki, bir vaxtlar özü də hakimiyyətin ruporu kimi çıxış edən Rüstəm bəy, 2013-cü il prezident seçkisi ərəfəsində valı 180 dərəcə dəyişib və müxalifətin aparıcı simasına, lokomotivinə çevrildi. Onun qardaşı sabiq deputat, xalq yazıçısı Maqsud İbrahimbəyov isə nədənsə Milli Şura və onun keçmiş vahid namizədi haqqında bir kəlmə də danışmır.
Belə bir vaxtda, daha doğrusu Milli Şuranın vahid namizədi hələ təyin olunmamışdan öncə Milli Məclisin Regional məsələlər komitəsini sədri Arif Rəhimzadə Maqsud İbrahimbəyovla tez-tez görüşdüyünü dilə gətirir və bildirir ki, Maqsud müəllim qardaşı Rüstəmi dəstəkləmir. Ümumiyyətlə ümumi olaraq mətbuat səhifələrindəkini analiz etsək, qardaşların münasibətlərinin soyuq olduğu qənaətinə gəlmək olar. Deyilənə görə, onlar çoxdan küsülüdürlər...
Rəsul Quliyevə zərbə
Hazırda mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev Milli Şura ideyasının vaxtilə tərəfdarlarından olsa da, sonradan onun daban-dabana ziddiyyətli açıqlamalar verməsi, Müsavat Partiyası ilə qalmaqal yaşaması keçmiş parlament sədrinin mövqelərindəki sapmaların nəticəsi idi. Lakin ümumi mənzərənin cizgiləri R.Quliyevin də hakimiyyət əleyhdarı olduğunu deməyə əsas verir.
Milli Şuranın R.Quliyev sindromu yaşadığı bir mərhələdə keçmiş spikerin qardaşı Telman Quliyevin YAP-ın namizədi İlham Əliyevi dəstəkləmək haqqında bəyanatı maraq doğurdu. Deyəsən, Quliyev qardaşları da hakimiyyətə münasibətdə fərqli yanaşma ortaya qoymaqla siyasi rəqibə çevrilirlər. Elə bəlkə də buna görədir ki, R.Quliyev də qardaşının mövqeyini dəstəkləmədiyini vurğulayır.
Aqşin Kərimov