Son zamanlar Azərbaycanda yeni doğulan qız uşaqlarının sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanda 38,1 min, gündə təxminən 423 körpə doğulub ki, onların da 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edir.
Rəqəmlər qız uşaqlarının sayında ötən illərlə müqayisədə kəskin azalmanı göstərir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda demoqrafik məsələlərlə, o cümlədən qız uşaqlarının sayı ilə bağlı problem çox da ciddi deyil: “Ola bilər ki, gələcəkdə belə bir problem yaşansın. Bu məsələnin aradan qaldırılması üçün bir sıra ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Elə ölkələr var ki, orada hamilə qadınların bətnindəki dölün cinsiyyətinin müəyyən edilməsi üçün onlara USM-dən (“UZİ”) keçmək və abort etdirmək qadağan olunub”.
Hadi Rəcəbli ciddi problem yaranacağı təqdirdə həmin təcrübənin Azərbaycanda da tətbiq oluna biləcəyini məqbul sayır: “O halda ana bətnində olan uşağın qız ya oğlan olduğu bilinməyəcək”. Modern.az