Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi?
Moden.az “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı yeni rubrika ilə siyasətçilərin övladlarını oxuculara tanıtdırmağa çalışacaq. Rubrikamızın ilk qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Beləliklə Sərdar bəyin övladları barədə dedikləri.......
ADP sədri deyir ki, onun dörd övladı var: üç oğlan, bir qız. Sərdar bəyin ən böyük övladının 28, ən kiçiyinin isə 22 yaşı var.
Sərdar Cəlaloğlunun ilk övladı Turalın 28 yaşı var, o, Sankt-Peterburqda Rusiya Daxili İşlər Nazirliyinin Hüquq İnsitutunun hüquq fakültəsini bitirib. Müsahibimiz deyir ki, böyük oğlu hazırda Norveçdə yaşayır, ailəlidir və bir oğlu var.
Cəlal Sərdar bəyin ikinci övladıdır. ADP sədrinin 26 yaşlı oğlu Azərbaycan Ali Diplomatiya Kollecini bitirib. O, hazırda İngiltərədə Beynəlxalq Biznes Universitetinin 3-cü kursunda təhsil alır.
Ailənin üçüncü övladı da oğlandır. Cavid Sərdaroğlunun 24 yaşı var. Sərdar bəyin sözlərinə görə, Cavid “Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, hazırda işləmir. ADP sədri üçüncü oğlunu da evləndirib. Cavid Sərdaroğlunun da bir oğlu var.
Sərdar Cəlaloğlunun ən kiçik övladı qızdır-Tulay Sərdarqızı. Tulay xanım Tibb Texnikumunu qırmızı diplomla bitirb. ADP sədri deyir ki, qızı bu il ali məktəblərə keçiriləcək qəbul imtahanında iştirak edəcək.
Sərdar Cəlaloğlu övladlarından çox razıdır: “İki nəvə sahibiyəm. Bu yayda da ortancıl oğlumun toyunu edəcəyik. Xaricdə olan övladlarımla daim əlaqə saxlayıram. Onlar da arada gəlib-gedirlər. İkinci oğlum Cəlal indi yanımdadır. Ümumiyyətlə, övladlarımdan razıyam. Övlad valideynin davamçısıdır. Valideyn övladlarından necə narazı ola bilər ki..? Hamısına münasibətim eynidir”.
Övladlarının asudə vaxtlarını necə dəyərləndirmələrinə gəlincə, Sərdar Cəlaloğlu qeyd edib ki, onların heç birinin demək olar ki, boş vaxtı olmur:
“Öz peşələrini özləri seçiblər. Yəni mənim müdaxiləm olmayıb. Hər kəs öz işi ilə məşğuldur. Asudə vaxt olanda da ailə ortamında keçirməyə üstünlük veririk. Birlikdə televiziyaya baxırıq və s.”.
“Yolunuzu övladlarınızdan davam etdirən varmı” sualını S.Cəlaloğlu belə cavablandırıb: “Hələ ki, övladlarım arasında mənim yolumu davam etdirəni yoxdur”.
|
|
| Tural Sərdaroğlu öz oğlu Atilla ilə birgə. |
|
|
| Sərdar bəyin ikinci oğlu Cəlal Böyük Britaniyada oxuyur. |
|
|
| “Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsini bitirən Cavid hələki işləmir. |
|
|
| Tulay Sərdarqızı kiçik qardaşının oğlu Raulla birgə. |
Təhminə Paşayeva