Modern.az

Daxil orqan transplantasiyası: Azərbaycanda da içalatını satmaq istəyənlər varmı?

Daxil orqan transplantasiyası: Azərbaycanda da içalatını satmaq istəyənlər varmı?

Ölkə

28 Aprel 2010, 12:38

Bu hadisə bir neçə ay öncə Bərdədə məskunlaşan köçkün ailəsində baş verib. Həsənovlar ailəsində kiminsə ağlına da gəlməzdi ki, həkimlər uzun muddətdir böyrək ağrılarından əziyyət çəkən 18 yaşlı Fəridə belə diaqnoz qoyacaqlar: böyrəklərindən heç olmasa biri dəyişilməlidir, əks halda çox yaşamayacaq. Amma məcburi köçkün ailəsinin 15-20 min manatı harda idi ki, yeganə oğul övladının böyrəyini dəyişdirmək üçün əməliyyat etdirəydi. Baxmayaraq ki, anası öz böyrəyini oğluna verməyə hazır idi. Həkimlərin dediyi kimi də oldu. Diaqnoz qoyalandan 18 gün sonra dəhşətli ağrılan içində qovrulan Fərid Həsənov dünyasını dəyişdi.

Azərbaycanda Fərid Həsənov kimi yüzlərlə xəstə var ki, daxili orqanlarının dəyişdirilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edir. Ancaq belə əməliyyatlar bahalı olduğundan Səhiyyə Nazirliyi həmin xəstələrin müraciətini müsbət cavablandıra bilmir. Təkcə Azərbaycanda deyil, bütün dünyada hər il xəstə bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə insan həyatdan köçür.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə həyatdan köçür. Baxmayaraq ki, müasir dövrdə insan orqanlarının köçürülməsi (transplantasiyası) əməliyyatları az qala adi hala çevirilib. İndi tibbin inkişaf etdiyi ölkələrdə qara və ağ ciyər, mədəaltı vəzi, dəri, sümüklər, ürək, böyrək, qol, əl, hətta sifət orqanlarının transplantasiyası həyata keçirilir.

Amerikada keçirilən sorğu nəticəsində məlum olub ki, bu ölkə sakinlərinin yarısından çoxu (51 faizi) insan orqanlarının donoru kimi rəsmi qeydiyyata alınıb. Məsələn, ABŞ-da əksər sürücülərin sürücülük vəsiqəsindəki qeydə görə, həmin adam yol-nəqliyyat qəzası nəticəsində həlak olarsa, onun daxili orqanlarından köçürmə üçün istifadə edilə bilər. Sorğuda iştirak edən iştirakçıların əksəriyyəti bildirib ki, ailə üzvlərindən birinə kömək göstərmək və ya kiminsə həyatını xilas etmək məqsədi ilə donorluğa razıdır. ABŞ-da daxili orqan donorlarına kompensasiya ödənilir.

Azərbaycanda transplantasiya

 

Azərbaycanda isə insan orqanlarının transplantasiyasına 1999-cu il okyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanlarıı ilə əvəz edilə bilər. Səhiyyə Nazirliyindən Modern.az-a bildirlib ki, ölkəmizdə ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi, sümük iliyi, gözün buynuz qişasının transplantiyasına rəsmi icazə verilib. Bir şərtlə ki, donorun mütləq 18 yaşı tamam olmalıdır, heç kimə donorluq etməyə təzyiq göstərilməməlidir. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə müəyyən həcmdə götürmək olar ki, onun həyatı üçün təhlükəli hallar, yaxud  sağlamlıqmda bərpaolunmaz pozğunluqlar yaranmasın. Meyitdən daxili orqanların götürülməsi üçün isə mütləq mərhumun yaxınlarının yazılı icazəsi olmalıdır.

Ölkəmizdə insan orqanlarının alqı-satqısı ilə məşğul olanlar Cinayət Məcəlləsinin 137-ci maddəsilə məsuliyyət daşıyırlar.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda üç cür transplantasiya-sümük iliyinin və böyrəklərinin dəyişdirilməsi, qaraciyər köçürülməsi  əməliyyatı həyata keçirilir. Ölkəmizdə ilk dəfə sümük iliyinin transplantasiyası Mərkəzi Kliniki Xəstiəxanada reallaşdırılıb ki, bu da xəstələrə təxminən 30 min dollara başa gəlib.

Böyrəklərin transplantasiyasına gəldikdə isə indiyədək Azərbaycanda 240-a yaxın xəstəyə başqasının böyrəyi köçürülüb. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycandakı tibb müəssisələrində həyata keçirilən böyrəkköçürmə əməliyyatı xəstələrə 40-50 min dollara başa gəlib. ”Donorluq üçün həm cəsarət, həm də iradə tələb olunur”

Səhiyyə Nazirliyindəki mənbədən əldə etdiymiz məlumata görə, indiyədək 200-dək Azərbaycan vətəndaşı xarici ölkələrdə müxtəlif transplantasiya əməliyyatlarına məruz qalıb. Xaricdə keçirilən əməliyyatların qiyməti heç də ucuz deyil. Məsələn, tanınmış müğənni Baloğlan Əşrəfovun bir neçə il öncə Türkiyənin «Memorial» Xəstəxanasında qaraciyər transplantasiyası keçirməsinə görə 100 min dollar xərclədiyi bildirilir.

Yeri gəlmişkən, indiyədək Səhiyyə Nazirliyinə daxili orqanların köçürülməsi-ürək, qaraciyər, böyrək transplantasiyası üçün 150-dən çox xəstə müraciət edib. Maddi vəsaiti olmayan bu xəstələr nazirlikdən xaricdə əməliyyat keçirilmələrinin təşkilini xahiş etsələr də, transplantasiya məsələlərinə baxmayan qurum həmin müraciətləri geri qaytarıb. Səhiyyə Nazirliyindəki «Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya»nın sədri Nəsib Quliyevin Modern.az-a bildirdiyinə görə, bəzi xəstələr müraciət edir ki, onlara daxili orqanlarının köçürülməsi kimi əməliyyatlara kömək edilsin: “Amma belə əməliyyatlarla bağlı müraciətlərə baxılması bizim komisiyanın müzakirə obyekti deyil”. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda donor tapmaq çox çətindir. Cərrah V.Hacıyevin sözlərinə görə, çox az hallarda ölən adamın qohumu mərhumun bədən orqanının götürülməsinə razılıq verir. Böyrəyinin dəyişdirilməsini istəyənlərə donorluq edənlər isə onların öz ailə üzvləri olurlar: «Lakin bu o demək deyil ki, bütün böyrək xəstələrinin valideynləri və ya qardaş-bacıları onlara donorluq etməyə razılıq verirlər. Bunun üçün həm cəsarət, həm də iradə tələb olunur. Ona görə də heç də bütün xəstələrin yaxınları bu işə razılıq vermir».

Daxi orqanların alqı-satqısı

Azərbaycanda daxi orqanların alqı-satqısı qadağan olunsa da, qeyri-rəsmi mənbələr ölkəmizdə gizli şəkildə belə bazarlıqların həyata keçirildiyini istisna etmirlər. Bəzi məlumatlara görə, ölkəmizdə böyrək donorluğuna razılıq verən şəxslər bunun üçün 7-15 min dollar istəyirlər.

Onu da qeyd etməliyik ki, Azərbayanda açıq şəkildə donorluq etməyə razılıq verənlər də var. Belə şəxslərin məktubla Səhiyyə Nazirliyinə müraciət etdiyi bildirlir. Hətta bir dəfə nazirliyin internet saytında yerləşdirilən elanların birində Bakı şəhər sakini Rəşad Qurbanovun könüllü şəkildə böyrək və qaraciyər donorluğu etməyə hazır olduğu bildirlimişdi. 

«Qara bazar»da içalat alveri

 

Bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının alverilə məşğul olan «qara bazar»lar fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu «bazar»da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Ekspertlərin sözlərinə görə, bu gün «içalat» alverçiləri əksər hallarda sövdələşməni İnternet vasitəsilə həyata keçirirlər. Müharibə aparan Ermənistan isə əvəələr azərbaycanlı əsirlərı müftə donorlar hesab edib. Təcavüzkar dövlətin əsir götürdüyü azərbaycanlıların daxili orqanlarından transplantasiya məqsədilə istifadə etməsinə dair faktlar var.

 

Adəm Qorxmaz

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı