2009-cu ildə dünyanı təşvişə salan A(H1N1) virusu (“donuz qripi”) bir çox ölkələrdə, o cümlədən də Azərbaycan aşkar olundu. Qlobal epidemiya xəbərdarlıqları və ard-arda yaşanan ölümlərdən sonra xəstəliyin müalicəsi üçün peyvənd istehsalına başlanıldı. Amma son nəticədə “donuz qripi” əleyhinə vaksin alan ölkələrdə, o cümlədən Azərbaycanda peyvənd olunmaqdan imtina edənlər çoxaldı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza vaksin göndərdi, ölkəmizdə 8 mindən çox adam peyvənd olundu.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virus dünyanın 208 ölkəsində 12 mindəm çox adamın həyatına son qoyub, milyonlarla adam müalicə olunub. Ötən il Azərbaycanda “donuz qripi”nə 14 nəfərin yoluxdu, ölüm faktı isə qeydə alınmayıb.
Son zamanlar “donuz qripi”ndən az bəhs olunur. Təhlükə aradan qalxıbmı?
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a açıqlamasında deyib ki, təhlükə sovuşmayıb: “Bu vurus hava-damcı yolu ilə yayılır. Bu cür xəstəliklər payız-qış aylarında artır. Xüsusən də hava şəraiti dəyişkən olduqda. Biz əvvəlcədən bildirmişdik ki, havalar istiləşdikdən sonra A(H1N1) virusu ilə bağlı təhlükə azalacaq. Amma tam aradan qalxmayacaq. Ona görə də təhlükənin tam sovuşduğunu deyə bilmərik”.
Şair Qurbanov xəstəliyin artacağı təqdirdə müəyyən profilaktik tədbirlər görüləcəyini bildirib: “Gələcəkdə bu xəstəliyin artıb-artmayacağını indidən demək çətindir. Çünki xəstəlik tam itməyib. İndi heç bir tədbir görməyə ehtiyac yoxdur. Amma yüksək temperaturu olan xəstələr olduqda, biz onları müayinə edirik. Virusu olan xəstə hələ ki qeydə alınmayıb. Azərbaycanda vəziyyət demək olar ki, tam sabitr”.
Günay MUSAYEVA