Yaz fəslinin bir ayı geridə qalsa da, havalar hələ də tam isinməyib, təbiət şıltaqlığını nümayiş etdirir. Havaların qeyri-sabit keçməsi isə insanlara müxtəlif cür təsir edir. Bu cür havalarda xəstəliklərin də yayılma riski böyükdür. Modern.az bununla bağlı həkim və psixoloqun da fikrini öyrənib.
Havaların dəyişkən keçməsi müxtəlif cür xəstəliklər yaradır
Professor Adil Qeybulla dəyişkən hava şəraitinin xəstə insanlara mənfi təsir etdiyini deyir: “Əgər havaların dəyişkən olması sağlam adama mənfi təsir etsəydi, insan birdən-birə gedib Arktikaya düşə bilməzdi. İnsan orqanizminin xüsusiyyətləri kifayət qədər yüksəkdir. İnsanın adaptasiya imkanları həm çevik mexanizmlər, həm də orqanizmdə gedən kimyəvi proseslər baxımından xeyli yüksəkdir. Ona görə də havaların kəskin dəyişməsi tam praktiki sağlamlığı olanlara neqativ təsir göstərmir. Lakin müəyyən qrupa daxil olan insanların, yəni uşaqlar, soyuqdəymə xəstəliyinə meylli olanlar, hamilə qadınlar və yaşlı insanlarda bu uyğunlaşma tam formalaşmadığı üçün bu cür havaları digərlərinə nisbətən narahat keçirirlər. Həmin insanlar havaların dəyişkən keçməsinə adekvat olaraq həm geyimlərinə, həm də davranışlarına diqqət etməlidirlər”. Professorun fikrincə, havaların dəyişkənliyi insanlarda virus infeksiyalarının və digər soyuqdəymə xəstəliklərinin artmasına gətirib çıxara bilər: “Çünki adamlar birdən-birə yaz geyiminə keçir və hava soyuduqda isə isti geyinməyə tənbəllik edir”. A.Qeybulla yazın dəyişkən hava şəraitinin xüsusən ürək-damar sistemi xəstəlikləri olan şəxslərə daha çox mənfi təsir edə biləcəyini deyir. “Belə havalar hətta ürək əzələsini zədələyə bilər. Bu da ürəyin sıradan çıxmasına şərait yaradar. Onlarda uzun müddət öskürək, nəfəsalmanın pisləşməsi bütövlükdə ürək əzələsinə neqativ təsir edir. Bu xəstəliklərdən əziyyət çəkənlər qrip və soyuqdəymədən qorunmalıdırlar”.
İnfarkt gəncləşib
Adil Qeybulla son zamanlar infarkt riskinin artdığını da qeyd edib: “Azərbaycanda infarkt olanların sayı nəinki çoxalıb, hətta demək olar ki, gəncləşib. Buna da səbəb yüksək qan təzyiqi, yağlı qidaların çox qəbulu, stress, dəyişkən hava şəraitidir. İnsanların böyük əksəriyyəti oturaq həyat tərzi keçirir. Yəni maşınla hərəkət, kompüter qarşısında uzun müddət oturmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Belə hallarda qan damarlarının divarları daralır və nəticədə ürək əzələsinə qan getməsi pisləşir. Qan laxtalanması da ürək infarktına səbəb olur. Ona görə də insanlar hər şeydən öncə sağlamlığının qeydinə qalmalıdırlar”.
“Dəyişkən havalarda intiharların sayı artır” Psixoloq Asəf Kəromov da havanın dəyişkən keçməsinin insanlara müxtəlif cür təsir göstərdiyini deyir: “İstənilən halda yaxşı hava, yaxşı da əhval-ruhiyyə yaradır. Pis hava təbii ki, hamıya, xüsusilə də metohəssas insanlara mənfi təsir edir. Xüsusən asma xəstəliyi və allergiyası olan insanlara dəyişkən hava müəyyən qədər problemlər yaradır. Gözlərlə bağlı yaz kataraktası deyilən bir xəstəlik var. Dəyişkən havaların belə xəstələrə də pis təsiri var”. Psixoloqun fikrincə, havaların tez-tez dəyişməsi gənclər üçün bir o qədər də problem yaratmır: “Çünki onların öz dəyərləri var. Onlar bu cür havalarda daha çox romantik olurlar. Orta yaşlı və qoca insanlarla bağlı vəziyyət fərqlidir. Bəzən onlar planlaşdırdıqları işi hava yağmurlu olduğu üçün təxirə salmalı olurlar. Sözsüz ki, insanın canı ağrayırsa, bu, psixoloji vəziyyətə təsir göstərir. Narahatçılq yaradır”.
A.Kərimov bu cür havalarda intiharların sayının da artdığını deyir: “Yaz aylarında havaların belə dəyişkən keçməsi xüsusən tənha insanlarda bir qədər nostalji hisslər yaradır. Hardasa təbiət oyanır və insanın emosional vəziyyəti hazırkı təbiətin vəziyyəti ilə uyğun gəlməyə bilər. Nəticədə insan özünü tənha hiss edir və bu da intihara səbəb olur”.
Günay MUSAYEVA