Modern.az

Benzinin qiyməti niyə artdı?

Benzinin qiyməti niyə artdı?

Ölkə

3 Dekabr 2013, 17:17

Bahalaşmanın heç bir iqtisadi əsaslandırması yoxdur

Dünən gecə saatlarında respublika əhalisini sözün həqiqi mənasında silkələyən bir xəbər yayıldı. Tarif Şurası benzinin, dizel yanacağının və qazın qiymətini dekabrın 3-dən etibarən qaldırıb. Bu xəbər sosial şəbəkələrdə bomba kimi partladı. Hamı bunu iqtisadi əsası olmayan qərar kimi tənqid etdi.

Ekspertlər  qiymətin artırılmasında əsas məqsədin 2 milyardlıq büdcə kəsirinin qapadılması, qeyri-neft sektorunun şişirdilmiş proqnoz gəlirlərinin bu artım hesabına təmin edilməsi və neft istehsalının azalmasından gələn gəlirlərinin azalmasının kompensasiya edilməsi məqsədi güddüyünü düşünür.

Bəs benzinin, dizel yanacağının və qazın qiymətinin bahalaşması nə vəd edir? Aydındır ki, yanacaq bahalaşanda nəqliyyat xərcləri artır, nəticədə bu məhsulların satiş qiymətinə təsir edir, domino effekti ilə bütün mallar və xidmətlər bahalaşır.

Sərnişindaşımada qiymətlərin atması qaçılmazdır. Dizel yanacağının bahalaşması tarlalarda işləyən kənd təsərrüfatı maşınlarının daha artıq xərcə başa gəlməsi və nəticədə kənd təsərrüfatı nəhsularının maya dəyərinin artmasına səbəb olacaq. İstehsal müəssisələri qaza görə artıq pul ödəməyə məcbur olacaqlar və bu xərci məhsulların maya dəyərinə əlavə edəcəklər.

Qısası, ölkədə yeni inflyasiya prosesi vüsət alacaq və büdcə gəlirləri nominal göstəricidə artacaq. Ümumi daxili məhsul pulla ifadədə artacaq, amma bunu onun həcmlə ifadədə artacağına zamənatə vermir. Pulun real alıcılıq dəyəri isə xeyli azalacaq.

Mətbuatda Tarif Şurasının əsaslandırmasını oxudum,amma heç nə anlamadım. İndi isə ekspertlərin köməyi ilə biz əsaslandıraq.  İqtisadçı ekspert Natiq Cəfərov: “1 barel (159 litr) neftdən ortalama, 102 litr benzin, 30 litr dizel yanacağı, 6,8 litr mazut, 170 ədəd şam, 1 litr motor yağı istehsal olunur. Azərbaycanda ABƏŞ-də 1 barel neftin hasilatının maya dəyəri 5-6 dollar, ARDNŞ-də-da isə 9-12 dollar arasında dəyişir. Bir barel nefti emal etmək üçün, təqribən 3 dollar xərclənir. Yəni, ARDNŞ-in istehsal etdiyi 1 barel neft, neftayırma zavodunun da xərclərini üzərinə gəldikdə, 12-15 dollara emal olunur. Daşınma xərclərini və vergiləri də üzərinə gəldikdə (satış vergilərindən başqa), bu rəqəm 14-16 dollar təşkil edir. 1 litr üçün 10 sentə gəlir təxminən. Yəni, hökumət benzini vətəndaşa 7-8 dəfə (700-800 faiz) baha satır. Halbuki, benzindən başqa həmin neftdən istehsal edilən təkcə bir məhsulun satışı bütün xərci ödəyir.

Bir ədəd şamın satış qiyməti 10 qəpikdir, 170 ədəd şam 17 manat edir, təqribən, 22 dollar. Yəni, hökumət daxildə emal olunan neftdən alınan şamlarla 1 barelin maya dəyərini, emal və daşınma xərclərini, vergilərini çıxardır. Yerdə qalanı ciblərinə axır, bəli, məhz ciblərinə, çünki, ölkədə satılan benzinin heç də hamısı büdcəyə daxil olmur”.

Neft Araşdırmaları Mərkəzinin eksperti İlham Şaban da bahalaşmanın iqtisadi əsası olmadığını deyir: “Əvvəla,  il boyu bircə dəfə də olsun hökumətin iclaslarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məsələ qaldırmayıb ki, onun emal müəssisələri ziyanla işləyir və ya alınan benzin və dizel yanacağına sərf edilən vəsaitlə onun topdansatış qiymətləri arasında bir disbalans yaranıb və buna görə də tariflərə baxılması ehtiyacı var. SOCAR-ın açıqladığı 2012-ci il maliyyə hesabatına görə, şirkət emal sektorundan 2.5 milyard manat gəlir əldə edib. İkincisi, SOCAR daim dövlət büdcəsinə ödəmələri aybaay artırır. Özü də bu o zaman baş verir ki, SOCAR “Azərenerji”yə satdığı qazın pulunu tam həcmdə ala bilmir və 9 ayın yekunlarına görə bu borc 200 milyon manata qədər yüksəlir.

Nəzərə almaq lazımdır ki, SOCAR-ın xam neftin ixracında azalma var. Əgər  SOCAR-da mənfəətin azalması prosesi  emal sektorunda da baş versəydi, məntiqlə Dövlət Neft Şirkəti büdcəyə ödəmələrini 2013-cü ilin 10 ayında 14,2% artıra bilməzdi...

Üçüncüsü,  SOCAR öz emal müəssisələrinə neftin 1 barelini 10 dollara satır. Bu qiymətə xammal alan müəssisə necə bəyan edə bilər ki, “bizim istehsal etdiyimiz yanacağın maya dəyəri özünü doğrulda bilmir?” Bəs onda 100 dollardan xammal alan emal müəssisələri neyləməlidirlər? Bir də SOCAR-ın istehsal etdiyi benzinin keyfiyyəti ilə həmin 100 dollara xammal idxal edən NEZ-nın məhsullarının keyfiyyətini də yanaşı qoymaq olmaz axı...

Dördüncüsü, yanacağın indiki  artım tempinin bu qədər yüksək olmasına (dizel yanacağı üçün -34%, A-92 markalı benzin üçün – 28% və A-95 markalı benzin üçün – 33,5%) demək olar ki, heç bir bazar iqtisadiyyatı olan ölkədə rast gəlməzsən. Hətta yanacaq bazarı qismən tənzimlənən qonşu Qazaxıstanda belə hökumətin qərarı ilə noyabrda yanacağın qiyməti orta hesabla 5,6% artmışdı. Bazar ölkələrində qiymətlər artsa da, onların azalan vaxtları da olur. Bizdəki kimi ancaq yuxarı xətlə inkişaf etmir. Bəs niyə birdən birə belə artım?”.

Ekspert deyir ki, hökumət indiki qiymət artımı hesabına SOCAR-ın xarici bazarlarda itirdiyini müəyyən mənada daxili bazarın artan tələbatı hesabına kompensasiya etmək qərarına gəlib. Yaxın gələcəkdə daxili bazar genişlənəcək, SOCAR-ın isə xarici bazara neft məhsul ixracı imkanları məhduddur.  Bu baxımdan daxili bazar daha perspektivlidir və dünya bazarı kimi hər hansı qiymət risklərindən sığortalanıb.

Göründüyü kimi, benzinin (o cümlədən dizel yanacağının və qazın) qiymətinin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur, əksinə bir neçə dəfə ucuzlaşması üçün hər cür əsas var. Bu halda bu bahalaşmanın vətəndaşlara zərər vuracağı və ölkədə inflyasiya prosesini sürətləndirəcəyini düşünürək, hökumətin və parlamentin bu qərarın ləğvi üçün çalışmalı olduğunu deməliyik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı