- Məcid baba, müharibəyə nə zaman getdiniz, harda döyüşmüsünüz?
- Mən II Dünya Savaşı başlayan il – 1939-cu ildə hərbi xidmətə çağrılmışam. 1941-ci ildə almanlar Sovet İttifaqı ilə müharibəyə başlayandan döyüşlərdə iştirak etmişəm. Əvvəl Krasnodarda, sonra Ukraynada, Polşada, Almaniyada döyüşmüşəm. Berlində qələbə bayrağının sancılmasının iştirakçısıyam. Adımı, soyadımı bax, bu Məcidin canı üçü Reyxstaq binasının üstünə yazmışam.
- Berlinin alınmasını, qələbə bayrağının sancılmasını necə xatırlayırsız?
- Mayın 7-si idi. Mən marşal Jukovun komandasında idim. Hər yeri almışdıq, bircə Reyxstaq binasını almaq çətin idi. Berlinin 4 tərəfində Jukovun əmriylə tanklar düzüldü. Tankların üstündə hava siqnalları qurulmuşdu. Səhər saat 4-5 radələrində hücuma keçmək üçün kəşfiyyat xarakterli fişəng atıldı və hücuma keçdik. Biz küçə-küçə irəliləyirdik. Tankların səsi, o hava siqnallarının səsi hələ də qulağımdadı. Nə isə... Vuruşa-vuruşa getdik Reyxstaq binasına çatdıq. Bir saata kimi “ura” demişik. Elə orda dəmir parçasını götürüb ad-familyamızı Reyxstaq binasına yazdıq. Sonra Jukov əmr verdi ki, bayrağı asın. Reyxstaqın binası uzun idi, ortası da kümbəz kimi idi, onun üstündə də dəmir var idi. Üç nəfər bizim əsgərlərdən ora çıxdılar ki, bayrağı assınlar. Sən demə hardasa “nemeslər” pusquda durubmuş, əsgərlərimizin üçünü də vurub yerə saldılar. Biz dərhal atəşin hardan atıldığını bildik və onların gizləndiyi yeri atəşə tutan kimi hamısı silahı yerə qoyub bizə təslim oldular. Yenidən 3 nəfər – Yeqorov, Kantarya və Hüseynov qalxıb bayrağı asdılar. Bayrağı asandan sonra da yenə bir saata kimi “ura” demişik.
- Bayrağı asan Hüseynov azərbaycanlı idi?
- Yox, türkmən idi. Hamısı dəqiq yadımdadı. Sonra mayın 8-də təslim aktı bağlandı. Təslim aktını Sovet İttifaqından marşal Jukov, ABŞ-ın komandanı Duat Eyzenhauer, bir də Almaniyanın bir generalı imzaladılar. Bundan sonra mayın 9-u qələbə günü elan olundu. Həmin gün Berlində paraddan keçdik. 3 gün Stalin bizə istirahət verdi. 3 gün yedik-içdik, kef elədik. Getdik yerin altından boçkalardan çaxır götürdük. Elə boçkalar var idi ki, bir otaqdan yekə idi. Onu da deyim ki, “nemeslər”in əla çaxırı var idi...
- Yeri gəlmişkən, Hitlerin bunkerini də görmüsünüz?
- Nəinki görmüşəm, mən düz Hitlerin bunkerdəki kabinetinə kimi getmişəm. Bizə bunkerin bütün otaqlarını göstərdilər...
- Hitlerin taleyi ilə bağlı nə eşitmisiniz? O özünü öldürmüşdü, yoxsa qaçmışdı?
- Hitlerin ölümüylə bağlı belə dedilər ki, guya Hitler özünü zəhərləyib öldürüb. Ancaq elə olmamışdı. Hitler qaçdı. Cənubi Amerikanın hansısa ölkəsinə qaçdığını deyirdilər. Onu da deyim ki, Hitler elə-belə adam olmayıb, o, sıravilikdən Almaniyanın kansleri vəzifəsinə kimi gələn adam olub. Hitler bütün dünyanı lərzəyə gətirib. Bəlkə də amerikanlar o zaman müharibəyə qoşulmasaydı, müharibə hələ gec qurtarardı. Allah bilir, nələr baş verə bilərdi. 1944-cü ilin yayında Fransada 2-ci cəbhə açıldı. Eyzenhauerin komandanlığı altında Amerika qoşunları almanlara böyük zərbə vurdular. Almanlar məcbur oldular 2 cəbhədə vurşsunlar, ona görə də onların məğlubiyyəti tezləşdi. Yəni 2-ci cəbhə açılandan 11 ay sonra Almaniya təslim oldu. Özü də deyim ki, müharibənin əsas yükü Sovet İttifaqının üstünə düşmüşdü. Müharibədə ölən 60 milyon insanın 27 milyonu Sovet İttifaqından olub. Amerika cəmi 300 min nəfər itirib. Elə təkcə müharibədə həlak olan azərbaycanlıların sayı 350 min nəfərə çatır. Bizim millət müharibədə çox cəsur idi...
- Berlin alınandan sonra orda çox qaldınız?
- Yox, 3 gündən sonra hərbi hissəyə bir avtobus gəldi. Alaydan 7 nəfər əsgər seçdilər, məni də onların komandiri təyin elədilər. Bizi həmin avtobusla apardılar Potsdam şəhərinə. Jukov orda otururdu. Amma bizim nə üçün seçildiyimizi, Potsdama niyə apardıqlarını bilmirdik. Əvvəlcə bizi aparıb faşistlərin Ernest Telmanı boğub öldürdükləri türməni göstərdilər. Sonra Jukovun qərargahına getdik. Orda bir mayor bizi qəbul edib dedi ki, sizi ona görə gətirmişik ki, siz burdan həm “plen”, həm də mülki adamları – hansı ki, o adamları almanlar müharibə zamanı Almaniyaya işləməyə aparmışdılar – daşıyıb aparacaqsınız. Həmin avtobusla getdik Drezden şəhərinə. Orda gördük qatar hazırdı. Ordan “lager”ə getdik və 6 ay mən ordan “plen” daşımışam. Hər dəfə 3 min adam gətirirdim...
- Hara gətirirdiniz?
- Gətirirdim Polşadan keçirdim öz sərhəddimizə, Brestdə, Poveldə təhvil verib bir də geri qayıdırdım.
- Bəs müharibədən nə vaxt qayıtdınız?
- Mən 1945-ci il dekabrın 15-də hərbi xidmətdən azad olundum. 1946-cı il yanvarın 6-da gəldim Gəncədə dəmir yolu vağzalında düşdüm. O vaxtdan məktəbdə riyaziyyat müəllimi işləməyə başladım. Qabaqcıl müəllim olmuşam. İndi təqaüdçüyəm.
- Deyilənə görə Qələbənin 60 illiyində siz də Moskvada paradda iştirak etmisiniz...
- Hə, düz deyirlər. 2005-ci ildə məni burdan Moskvaya göndərdilər. Orda paradda iştirak elədim, prezidentlərlə də görüşdüm. Amerikanın prezidenti Corc Buşla, onun yoldaşı ilə, Jak Şirakla, Nazarbayevlə, Putinlə, öz prezidentimiz İlham Əliyevlə şəkil çəkdirdik. Moskvaya 60 ölkədən nümayəndə gəlmişdi. Azərbaycandan 5 nəfər getmişdik. Bizə çox yaxşı baxdılar.
- Veteran kimi Qarabağ probleminə münasibətinizi bilmək də maraqlı olardı...
- Ermənilər çox bic millətdi. Mənim 91 yaşım var, anadan olandan bu günə kimi ermənilərin türk millətinə qarşı düşmənçiliyini görüb-eşitmişəm. Sovet vaxtı bizi bir damın altına yığıb məcburən dost eləmişdilər. Amma onlar bizim millətə qarşı üzdə mehriban, arxada düşmən idilər. Elə bunun nəticəsiydi ki, torpaqlarımızı işğal elədilər. Mən böyük müharibə görmüş bir adam kimi deyə bilərəm ki, müharibə çox dəhşətli bir şeydi. Amma onu da bilirəm ki, müharibəsiz torpaq qaytarmaq mümkünsüz işdi. Ona görə də cavanlarımız müharibəyə hazır olmalıdı. Gec-tez torpağımızı düşməndən almalıyıq.
Aqil ASLAN