Modern.az

Nəiminin əsl qatili kim olub? - Modern.az növbəti “Tarixi tapmaca”ya işıq salır

Nəiminin əsl qatili kim olub? - Modern.az növbəti “Tarixi tapmaca”ya işıq salır

Ölkə

13 Dekabr 2013, 09:43

Əkbər Nəcəf
Tarix üzrə fəlsəfə elmləri doktoru

Sovet dövrü Azərbaycan tarixinin ön plana çıxan şəxsiyyətləri arasında göstərilən hürufilik təliminin banisi Fəzlullah Nəiminin adı müasir Azərbaycan insanının yaddaşına “Nəsimi” filmi ilə həkk olunub. Bədii təxəyyülün məhsulu olan filmlər hər zaman tarixi gerçəkliyi əks etdirmək məcburiyyətində olmasa da, “Nəsimi” kinosunun sovet dövrünün ideoloji xəttini əks etdirdiyi reallıqdır.

Modern.az saytı “Tarixin tapmacaları” rubrikasında növbəti yazını təqdim edir.

Hürufilik fəlsəfi-mistik cərəyan kimi XIV-XVII əsrlərdə Azərbaycan, Anadolu, Suriya və Balkanlarda təsirli olub. Hürufiliyin ana vətəni Azərbaycan olsa da, hürufilik bu diyarda ancaq 50 il təsirli ola bildi. Aralarında Nəiminin qızı Fatma Xatun və müridi Yusifin də yer aldığı 500 nəfərlik hürufinin 1444-cü ildə Təbrizdə qətl olunmasından sonra Azərbaycanda hər hansı bir hürufi qruplaşması haqqında mənbələrdə məlumat yoxdur. Hürufiliyin ən təsirli olduğu coğrafiya Anadolu olub. Fateh Sultan Mehmetin bir müddət hürufi fikirlərinin təsirində qaldığını nəzərə alsaq Fəzlullah tərəfdarlarının Anadoludakı təsiri daha yaxşı başa düşülər.

Hürufilər özlərinə “hürufi” demirdi

Hürufilər heç vaxt özlərini “hürufi” adlandırmayıblar. Nə Fəzlullah Nəiminin, nə də müridlərinin əsərlərində belə bir ad keçmir. Bu ad onlara başqaları tərəfindən verilib. Maraqlıdır ki, hürufi cərəyanlarının tarixi Fəzlullah Nəiminin 500 il əvvəl başlayır. İslam tarixində ilk hürufi Müğirə ibn Səid əl-İcli (vəfatı 737-ci il) hesab olunur. Müğirə “ismi-əzəm”i bildiyini və ölüləri bu vasitə ilə diriltdiyini iddia edib. Ona görə, Allahın həm surəti, həm də bədəni var. Onun bədəni Quranın hərflərinə oxşayır. Məsələn, Allahın ayağı “əlif”, gözləri “mim” şəklindədir. Müğirə bu tərz açıqlamalarını ifrat dərəcəyə çatdırıb. Onun fikirlərini məşhur sufilərdən Səhl ibn Abdullah ət-Tustəri (vəfatı 896-cı il) təkmilləşdirib. Tustəriyə görə, Quran hərfləri batın elmindən xəbər verir ki, bunu da ancaq sufilər öyrənə bilərlər. Tustəri Xəllac Mənsurun müəllimi olub və Xəllacın hərflərin sirrini ondan öyrəndiyi qeyd edilir.

İslam fəlsəfə tarixindən ilk cərəyan olan “İxvani-səfa2 risalələrində də hərflər və rəqəmlər haqqında müəyyən fikirlər səsləndirilib. Məsələn, ixvançılar hər hansı bir məsələnin məntiqi və fiziki şərhindən əvvəl onu sayı və hərflərinə görə təhlil ediblər.

“Elmi-hüruf” adı altında ilk hürufi təlim Əhməd ibn Əli əl-Buni (vəfatı 1225-ci il) ilə başlayır. Alim bu mövzuda 40-a qədər əsər qələmə alıb. Sehr, cifr, xəvas, vəfk və fal kimi mövzuları dərindən təhlil edib öyrənən əl-Buninin əsərləri özündən sonra xüsusilə də sehr və falçılıqla məşğul olanlar üçün əsas mənbə hesab olunmuşdur. İslam tarixində cifr, əbcəd və sehrlə əlaqədar bütün açıqlamaları o sistemləşdirmiş, hətta əsərlərində bunların geometrik təhlillərini aparıb. Fəzlullah Nəimin əsərlərində yer alan 28-32 hərfin və onların sirləri haqqında batıni fikirləri ilk dəfə o səsləndirib.

Hüruf elmi İbn Ərəbinin də əsərlərində tədqiqat obyekti olub. Hətta “əl-Fütuhatül-məkkiyyə” adlı əsərində bu mövzuda xüsusi fəsil qələmə alınıb. İbn Ərəbinin açıqlamalarının maraq oyandıran cəhəti rəqəmlər ilə hərflər arasında paralelik qurmasıdır. Amma İbn Ərəbi məsələni vəhdəti-vücud çərçivəsində şərh etməklə hürufilərdən ayrılıb.

Fəzlullah Nəimi kim olub?


Nəiminin dəqiq olaraq kimliyi məlum deyildir. Haqqında verilən ilk tarixi məlumatlar vəfatından təqribən 50 il sonra yazılmış Makrizinin (vəfatı 1442-ci il) “Ukud fi təracimil-əyanül-mufidə” əsərində yer alır. Müəllif onun “Əstərabadlı bir əcəm” olduğunu yazır. Eyni məlumat Səhəvinin (vəfatı 1497-ci il) “əd-Düvəl-lami” əsərində də təkrar olunub. Amma Fəzlullah dövrünə ən yaxın mənbə “Şərhi-Mukrizi”dir. Burada onun Təbrizdə anadan olduğu qeyd olunub. Lakin ən məşhur tələbəsi və xəlifəsi Əlayyul-Əla mürşidinin “əstərabadlı” olduğunu açıq şəkildə qeyd edib:

Kainatın taxtı Əstərabaddadır,
Çünki, şah, Zatdan üzünü orada göstərdi (“Tohidnamə”).

“Cavidannamə”də Fəzlullah özündən “Mövlana F” şəklində bəhs edir. Buradakı “F”nin Fəzlullahın qısaldılmış şəkli olduğu məlumdur. Mürilərinin əsərlərində isə ustadlarından “həlalxor Seyyid Fəzlullah” olaraq bəhs olunur. Farsça “həlalxor” – “dilinə haram dəyməmiş (halal yeyən)” mənasına gəlir. “Seyyid” olduğu özündən sonra tərtib olunan “Fəzlin şəcərəsi”, “Səlatnamə” və “Bəyanül-Vaki” əsərlərində göstərilib. Burada onun nəslinin İmam Museyi Kazimə (ə.) dayandığı iddia edilir. Amma bu şəcərənin saxta olduğu şübhə doğurmur. Belə ki, Fəzlullah özü haqqında bir çox məqamı açıqladığı halda seyyidliyindən bəhs etməyib. İkincisi, şəcərədə yer alan onun doqquzuncu nəsildən yəmənli babası Seyyid Məhəmməd əl-Yəmaninin kimliyi mübahisəlidir. IX əsrdən etibarən Yəməndə batiniliyin güclü olduğunu nəzərə alsaq, ailənin batini xüsusiyyətlər göstərməsi maraq doğurur. Belə ki, Fəzlullahın babaları sünni olub, hətta atası ölənə qədər “Darul-mömünün” hesab olunan Əstərabadın baş qazısı vəzifəsini icra edib. Atasının vəfatından sonra bu vəzifə ona irsən keçmiş, uşaq yaşda baş qazı elan olunub. 20 yaşından etibarən ömrünü Fəzlullahın yanında keçirmiş və mürşidinin həyatının bütün məqamlarını qələmə almış məşhur “Xabnamə” müəllifi Nəsrullah ibn Həsən Əlinin də şeyxin seyyidliyinə yer verməməsi maraqlıdır.

Fəzlullahın kimliyinə işıq tutacaq faktlardan biri onun babası Əbu Məhəmmədin Təbriz dəricilərindən olmasıdır. Məlum olduğu kimi, XIII əsrdə Təbrizdə Dəricilər adlı bir tayfa məskun idi. Dəricilər tayfası öz kimliklərini XX əsrin ortalarına qədər qoruyub saxlamışdı. Hətta XX əsrin ortalarında Təbrizin dəriciləri Nəiminin onlardan olması ilə fəxr edirdilər. Bu tayfa şahsevən boyları arasında yer alıb. Dərici adı tayfanın dəriçiliklə məşğul olması səbəbindən verilib. Bir digər məqam isə Fəzlullah müridlərinin çoxunun türkmən olmasıdır. Hətta Fəzlullah İsfahanda türklərin yaşadığı şəhərin kənar məhəllələrindən olan Tokçi və ya Toqşidə iqamət edib və təbliğatını həmin məhəllənin məscidində aparıb.

Fəzlullah hicri 740-cı ildə (1339-1340) anadan olub. Uşaq yaşında atasını itirmiş, amma atasına hörmət əlaməti olaraq Əstərabad xalqı Fəzlullahı atasının yerinə qaziül-qazi elan edib. Hətta atasının köməkçiləri Fəzlulları mədrəsədə oxudub, təhsilini tamamlayan qədər onun yerinə məhkəmə işlərinə özləri baxıblar. Fəzlin dərin mədrəsə təhsili aldığı məlumdur. Bu onun gənc yaşlarında vaxtını taət, ibadət və orucla keçirməsindən də aydın olur.

Bir beytlə başlayan ilahi axtarışı

Fəzlullah 1357-ci ildə, yəni 17 yaşında olarkən bazarda (və ya mədrəsədə) Mövlana Cəlaləddin Ruminin şeirindən bir beyti eşidir:

Əz mərg çi əndişi çun can-i baka dari,
Dər gur qoca qonci çun nuri-Xuda dari.

(Tərcüməsi:

Səndə əbədilik cövhəri varkən niyə ölümdən qorxursan,
Səndə Allahın nuru varkən hansı qəbirə sığarsan)

Şeirin dərin təsirində qalan Fəzlullah bu beytin mənasını müəllimi Mövlana Kəmaləddindən soruşur. Müəllimi bunun ancaq riyazət və ibadətlə başa düşüləcəyini bildirir. Fəzlullahın batini aləmə səyahəti bu beytlə başlayır. Mədrəsədə bir ilini riyazət və ibadətlə keçirən Fəzlullah insanların ona münasibətindən narahat olub səyahətə çıxmağa qərar verir. Yolda qarşılaşdığı çobanla onun yun əbası ilə öz libasını dəyişdirərək piyada Məkkəyə həccə gedir. Fəzlullahın çobanla qarşılaşıb onun əbasını alması təsəvvüf tarixində ilk sufilərdən İbrahim ibn Ədhəmin hekayəsi ilə eyni olması diqqəti cəlb edir. Olduqca çətin və ağır həcc səyahəti keçirdiyi qeyd olunur. Əstərabaddan Məkkəyə qədər yolu tək və piyada başa vurub, ehtiyaclarını öz fərasəti və bacarığı sayəsində qarşılayıb. Heç kimə əl açmadan həcc ziyarətini tamamlaması onun bu praktikanı müridləri üçün düstur halına gətirməsinə də səbəb olub. Yəni müridlərindən bir sənət sahibi olmalarını istəyib.

Fəzlullah həcc ziyarətini tamamladıqdan sonra bir başa Xarəzmə gedir. Hansi səbəbdən Xarəzmə getdiyi məlum deyil. Amma Xarəzmdə çox qalmayıb təkrar həccə getmək üçün yola çıxdığında yuxusunda İmam Rzanı (ə.) ziyarət etmək üçün istiqamətini dəyişib əvvəlcə Məşhədə, daha sonra Məkkəyə gedib. Həccdən sonra yenidən Xarəzmə qayıdan Fəzlullah həyatını sırası ilə Təbriz, İsfahan, Səbzəvar, Yəzd, Damqan, Şamaxı və ya Bakıda keçirib.

Fəzlin yuxuları

Fəzlullahın irşad mərtəbəsinə aparan onun gördüyü yuxular olmuşdu. Belə təsirli və mənalı yuxuların ilkini Xarəzmdə olarkən gördü. İlk yuxusunda özünü bir hamamda görən Fəzlullah, hamamın qapısının İsa peyğəmbər tərəfindən açıldığını və ona bir sual verdiyini deyir. İddiasına görə, İsa peyğəmbər ona “İslam şeyxlərindən hansı doğru yoldan getdi və Allahdan başqa bir şey axtarmadı və hansı bunun əksini etdi bilirsən?” şəklində bir sual soruşmuş, Fəzl də ona “xeyr” cavabını vermişdi. Bunun üzərinə İsa ona doğru yoldan gedən şeyxlərdən İbrahim ibn Ədhəm, Bəyazidi-Bistami, Səhl ibn Abdullah ət-Tustəri və Bəhlülün adlarını çəkib.

Adları sadalanan şeyxlərin sufi olması Fəzlullahın təsəvvüfə yönəlməsinə səbəb olur. Bir müddət təsəvvüflə iştiqal edən Fəzl bu yoldan ayrılmaq istədiyində ikinci yuxunu görür. Bu dəfə yuxusuna Süleyman peyğəmbər girir. Bu yuxudan bir gün sonra başqa bir yuxu görər. Bu dəfə yuxusuna girən hz. Məhəmməd Fəzlə yuxu elmini sirrindən agah etdir.

Yuxu yozan

Fəzlullah Nəimini məşhurlaşdıran və ətrafında çox sayda tərəfdarın toplanmasına səbəb olan onun yuxu yozmaları olub. Gördüyü üçüncü yuxuda peyğəmbərdən “röya təvili” elmini alan Fəzl yuxu yozmalarına Xarəzmdə olarkən başlayır. Bundan sonra getdiyi hər yerdə yuxu yozmalarına davam edir və bu ona çox sayda tərəfdar qazanır.

Fəzlullahın görülən yuxuları doğru açıqladığı iddia olunur. Bu iddia doğru olmalıdır. Çünki şeyxə müraciət edənlər arasında zadəgan ailələrinin çoxluq təşkil etməsi bunu təsdiq edir. Fəzlullah İsfahanda olarkən şöhrəti hər yerə yayılır. Şəhərin varlı ailələri və hətta soylu qadınlar belə onun qaldığı Tokçi məscidinin qapısında növbəyə dayanırdılar. Yuxusunu Fəzlə danışanlar arasında Şeyx Əbül Həsən ibn Şeyx İbrahim Dəstgirdi, Mövlana Zeynəddin Rəcai, Xacə Saadəddin və onun atası Əfzələddin, Xacəzadə Hafiz Həsən, Xacə Əli Tağı, Əmir Fərruz Günbədi, Seyyid Mahmud Zəndəgi kimi İsfahanın ən tanınmış alimləri yer alırdı. Bundan başqa Cəlayirlər dövlətinin hökmdarı Sultan Üveys, onun vəziri Zəkəriyya, divan vəziri (sahibi-sədr) Şeyx Xacə kimi dövlət adamları da Fəzlullahın hüzuruna gəlib yuxularını danışırdılar.

Yuxu yozmaları sırasında Fəzlullahın heç bir hədiyyə və bəxşiş qəbul etməməsi ona olan hörməti və izzəti daha da artırmış və ətrafındakı insanların təvəccühünə səbəb olub.

Hürufilik elit təbəqənin təriqəti idi

Sovet tarix anlayışında hürufiliyin Teymur dövrünün yaratdığı sosial və siyasi şərtlər nəticəsində ortaya çıxdığını və zülmə qarşı mübarizə apardığı iddia olunurdu. Halbuki hürufi əsərlərinin heç birində bu dövrün sosial, iqtisadi və siyasi hadisələrindən bəhs olunmur. Üstəlik, hürufiliklə dövrün hadisələri arasında paralelik tapmaq da çox çətindir. Maraqlıdır ki, Teymur dövrünün yaratdığı yeni iqtisadi və ticari şərtlər hürufilərin, xüsusilə də Nəiminin həyatından böyük rol oynayıb. Belə ki, Əmir Teymur ara müharibələr nəticəsində tamamilə süqut edən kənd təsərrüfatının dirçəltmək üçün səylər göstərsə də, əsas diqqətini ticarətə və sənətkarlığın inkişafın yönəltmişdi. Hürufilik də məhz sənətkarlar arasında təsirli olub. Bu səbəbdən iranlı alim Mir Fatrus özünün məşhur “Cünbüş-i hurufiyə və nihzəti-pesihaniyan, nöqtəviyan” adlı əsərində “hürufi” adını məhz “hurfə” (zənaat) sözü ilə izah etmişdi.

“Kürsünamə” adlı hürufi əlyazmasının haşiyə hissəsində Fəzlullahın 1373-cü ilin ramazan ayında “şərii hökmləri təvil elmini” aldığı qeyd olunur. Hicri 776-cı ildə (1374-75) Təbrizdə olarkən “Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməd peyğəmbərdən nida gəldiyinə iddia edir. Bu yuxudan sonra Fəzl özünün uluhiyyət dövrünün başladığını elan etmişdi. Təbrizi tərk edib İsfahana getmiş və burada Qilu dağında bir mağaraya girərək üzün müddət oradan çıxmamışdı. Burada ona Şeyx Həsən Fəxrəddin, Cəlal Burucerdi, Fəzlullah Xorasani, Hüseyn, Əbdül İsfahani, Naini, Dəşti və Mir Şərif kimi ilk müridlər dəstəsi qoşulmüşdü.

Mağaradan çıxıb yenidən Tokçi məscidində qaldığı vaxt (1376-cı il) Muinəddin Şəhristani, Mövlana Məhəmməd, Şeyx Nurəddin Tehraninin oğlu Şeyx İsa, Mövlana Əlaəddin Rəcai və Nəsrullah da mürüdləri cərgəsinə daxil oldular.

Biri xaricində bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdiyini yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və buruz” dövrü adlandırırlar. Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur.

Sovet dövrü əsərlərində Fəzlullahın məzlum xalq kütlələrinin dərdinə şərik olduğu və hürufiliyin aşağı təbəqədən insanlar arasında yayıldığı iddia edilir. Bu iddia mənbələrdə öz əksini tapmayıb. Əksinə hürufiliyin yuxarı təbəqədən insanlar arasında yayıldığı haqqında kifayət qədər məlumat var. Bir kərə hürufiliyin əsas bazası sənətkarlar sinfi olub Bundan başqa Fəzlullaha qoşulan müridlərin çoxu varlı və soylu ailələrin uşaqları olub, demək olar ki, hamısı yüksək mədrəsə təhsili almışdılar. Fəzlullahın özünün də Təbrizin çox varlı və soylu ailələrdən birinin qızı ilə evləndiyi məlumdur. Dövrün Təbriz üləmasından Xacə Bəyazid də Fəzlullahın müridi idi. Hətta Fəzlullah dövlət adamlarının və ailələrinin sirrini daşıyırdı. Belə ki, Cəlayirli hökmdarı Sultan Üveysin vəzirinin arvadı öz uşağını Fəzlullaha verərək onu özünə mürid qəbul etməsini xahiş etmişdi. Nəzər alsaq ki, vəzirin arvadının Fəzlullaha mürid olaraq verdiyi uşaq 14 yaşlı bir qız idi, o zaman yüksək təbəqədən insanların Fəzlə olan inamı ortaya çıxır. Üstəlik şeyxin çox saylı şərtlərinə rəğmən anası və qızı bu istəkləri könüllü qəbul etmişdilər. Sonralar Fəzlullah  bu qızla evlənmiş və həmin qız yaşıl libas geyib “takkə” (sufi papağı) tikərək uşaqlarını dolandırmışdı.

Mənbələr Cəlayirli hökmdar və əmirlərinin şeyxə hörmətlə yanaşdıqlarını birmənalı şəkildə ifadə edirlər. Hətta Sultan Üveys Vali Dülək zaviyəsində yerləşən məscidə gəlib şeyxin qarşısında diz çöküb oturduğunu, hətta onun əlini öpdüyünü və söhbətlərinə qulaq asdığını yazırlar. Bu söhbətlərin birində Fəzlullah onun başına təriqətin sinvolu olan süfi papağı qoymuşdu. Təriqət anlayışında bu həmin şəxsin müridliyə qəbul edilməsi mənasına gəlirdi.

Fəzlullahın qatili kimdir?

Azərbaycan tarixində Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Mənbələrdə və müridlərinin əsərlərində də bu barədə verilən məlumatlar müxtəlifdir.

Hər şeydən əvvəl, Fəzlullahın 28 avqust 1394-cü ildə edam olunduğu dəqiqdir. Çünki bütün hürufi mənbələri bu tarixi xüsusilə qeyd edirlər. Müridləri onun hicri 796-cı il zilqədə ayının ilk cümə günü edam olunduğunu dəqiqliklə qeyd edir və bu tarixin müqəddəs olduğunu əbcəd hesabları ilə müxtəlif şəkillərdə göstəriblər. Yenə Fəzlullahın Şamaxıda həbs olunub Naxçıvanda edam edildiyi bildirilir. Amma şeyxin öz vəsiyyətnaməsini Bakı zindanında yazdığını nəzərə alsaq onun bir müddət burada həbsdə qaldığı aydın olur. Öldürülməsinin səbəbləri və öldürülməsi haqqında fətvanın kimin tərəfindən verildi isə mübahisəlidir.

Müridlərinin əsərlərində şeyxin qatili kimi Əmir Teymurun oğlu Miranşahın adı hallanır və hürufilər ondan hər zaman Maranşah (İlan şah) kimi söz edirlər. Amma Miranşah adının Qaraqoynlular dövründən etibarən hürufi mənbələrinə girdiyi aydındır. Bu da qaraqoyunlular ilə Miranşah arasındakı düşmənçiliyin ifadə olmalıdır. Hətta bəzi hürufi risalələri şeyxin başını Miranşahın özünün kəsdiyini və atası Teymura göndərdiyi iddia ediblər. Amma bu iddialar tarixi faktlarla təsdiq olunmur. Çünki qeyd olunan tarixdə nə Əmir Teymur, nə də Miranşah Naxçıvanda olmayıblar. Belə ki, həmin tarixdə (1394-cü ilin avqustunda) Əmir Teymur və oğlu Miranşah Suriya səfərini tamamlayıb Ərzincana gəlib, buradan da Gürcüstana səfər edərək Şəkiyə, oradan da Qızıl Orda xanı Toxtamışın üstünə getmişdilər. Yəni nə Teymur, nə də Miranşah Fəzlullahın edam edildiyi vaxt Naxçıvanda olmayıblar.

Bir başqa iddiaya görə, Fəzlullah Əmir Teymura yazdığı nəsihət xarakterli məktubuna görə həbs olunub və Səmərqənd üləmasının fətvası ilə edam edilib. İddiaya görə də, Səmərqənd din alimləri belə bir fətva verərkən 1198-ci ildə edam olunmuş bir zındığa (Şihabəddin Sührəverdini olmalıdır) kəsilən hökmü əsas almışdılar. Bu iddia şəriət hüququna görə qeyri-mümkündür. Çünki İslam hüququnda bir şəxsə qiyabi fətva verilmirdi. Belə bir mühüm hadisədə Səmərqənd alimlərinin Nəimini mühakimə etmədən ona ölüm hökmü çıxartmaları ağlabatan deyil.

İddialar arasında ən gülüncü isə Fəzlullahın Şirvan qazısı Bəyazidin fətvası ilə edam olunduğu iddiasıdır. Halbuki Qazı Bəyazid şeyxin dostu idi və Nəimiyə dərin hörmət bəsləyirdi. Bəyazid xəstə olduğu vaxt Fəzlullah onu ziyarət etmiş və bu ziyarət zamanı qazı yuxusunda öldüyünü gördüyün şeyxə danışmışdı. Qazının yuxusunu yozan Fəzlullah yuxuda Bəyazidin deyil, özünün ölümünə işarə olduğunu bildirmişdi. Həmin hadisədən qısa müddət sonra da şeyx Şamaxıda həbs olunmuşdu.

Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyini yazılıb. Həqiqətən də bütün iddiaları gözdən keçirdikdən sonra Fəzlullahın öldürülməsi haqqında fətva verən və tətbiq edən hökmdarın Şirvanşah İbrahim olduğu aydın olur. Fəzlullahın Naxçıvanda Əlincə qalası yaxınlığında edam olunduğu və edam olunarkən də mühakimə edildiyi bildirilir. Amma Fəzlullahın öldürülməsi haqqında heç bir şəriət hökm yoxdur. Əgər həqiqətən də Nəiminin şəriət məhkəməsi olsaydı mənbələrdə bu barədə kiçik də olsa məlumat tapmaq mümkün olardı. Bəzi mənbələrdə Fəzlulahın fətvasının Əli Simai Əstərabadi tərəfindən verildiyi iddia olunsa da, həmin şəxs din adamı olmayıb Teymurun bir elçisi olduğu məlumdur.

İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiası ilə şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzun müddətli məhkəmə prosesindən keçiblər. Həllac Mənsur və Şeyx Bədrəddinin məhkəmələrində olduğu kimi bir çox halda şəriət alimləri məhkumu dinən günahkar hesab etməmiş və onların öldürülməsinə razı olmamışdılar. Belə şəxslərin edamı şəri hüquqa görə deyil örfi (ənənəvi, dövlət) hüququna görə icra olunmuşdur.

Fəzlullahın şəriət məhkəməsinin olmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən mühümü din alimlərinin Fəzlullahın fikirləri haqqında heç bir məlumatının olmamasıdır. Birincisi, Fəzlullahın uluhiyyətini elan etdiyi tarixlə edam olunduğu tarix arasında sadəcə 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd alimlərinin) Nəiminin fikirlərinə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah əsərlərini gorani (gürgan, qorqan da deyilir) dilində yazdığından üləmanın bu dildə oxuması qeyri-mümkündür. Ayrıca Fəzlullahın kitablarını müridlərindən savayı tanıyanların olduğu mübahisəlidir. Hürufilik xaricindəki mənbələrdə Fəzlin fikirləri haqqındakı açıqlamalar həddən artıq səthidir. Digər tərəfdən, Fəzlullah öldüyündə onun müridlərinin toplam sayının 400 olduğu məlumdur. 400 nəfərlik bir kütlənin Teymur üçün təhlükə ərz etmək ehtimalı çox azdır. Ən mühümü isə din alimlərinin Fəzlullaha hörmət və ehtiramla yanaşmasıdır. Hətta, Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər dövlətinin hökmdarı Şah Şüca Nəimiyə bir fiqh əsəri belə yazdırmışdı. Belə mühüm məsələnin üləma tərəfindən mübahisə mövzusu olmaması diqqətə layiqdir.

Qısacası, Fəzlullahın ölüm fərmanı şəriət hökmü ilə deyil örfü hüquqa (siyasətə) əsasən Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi aydın olur.

Öldürülməsi haqqındakı şişirdilmiş məlumatların əksinə Fəzlullah boynu vurularaq edam olunub. Sonralar müridləri meyiti atın quyruğuna bağlanaraq ibrət olması üçün Naxçıvan şəhərinin küçələrində yerdə sürüldüyünü iddia ediblər. Bunun üçün, şeyxin meyitinin əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, daha sonra yenə müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Yəni bu iddia özünü doğrultmur, çünki edam olunduqdan sonra şeyxin meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Avropalı müasir tarixçilərin bir neçəsi edamından altı ilə sonra (1401-1402-ci illərdə) şeyxin meyitinin qəbirdən çıxarılıb yandırıldığı yazıblar. Bir başqa iddiaya görə də, öldürülməsindən altı il sonra qəbri açılmış və cəsədi indiki yerinə nəql olunub. Qəbrinin açılması və yandırılması haqqında iddialar təsdiq olunmayıb.

Fəzlin öldürülmə səbəbi nə idi?

Fəzlullah şəriətə görə öldürülmədiyinə görə, onun edamı siyasi mahiyyət kəsb edir. Amma mənbələr siyasi səbəblərə toxunmayıblar. Fəzlullahın edamına səbəb olacaq bizə görə iki siyasi səbəb vardı. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx İbrahimin düşmənləri ilə güclü əlaqələrə sahib olub. Belə ki, şeyxin Cəlayiri, Müzəffəri, Qızıl Orda və qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Adları çəkilən dövlətlrin hamısı həm Əmir Teymurun, həm də Şeyx İbrahimin qatı düşmənləri olublar.

Qənaətimizcə, ən mühüm siyasi səbəb Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibətdir. Belə ki, Fəzlullah Şamaxıda olduğu zaman gördüyü bir yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istəyib. Mənbələrdə bu məsələ çox açılmır. Amma şərqşünas Helmut Ritter və Ş. Bəşir üstüörtülü şəkildə Fəzlullahın bu qohumluqla öz dini missiyasını siyasi hərəkətə çevirmək niyyətində olduğunu iddia edirlər. Bunu Fəzlin və müridlərinin həmin vaxt gördükləri siyasi məzmunlu yuxular təsdiq edir. Belə ki, bu tarixdə şeyxin və müridlərinin yuxularında “əli qılınclı Əli tərəfdarları”ndan bəhs edilir.

Əmir Teymur qarşı Cəlayirlər, Qaraqoyunlular və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx İbrahimi narahat etməli idi. Belə aydın olur ki, Şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam olunması faktı bunu təsdiq edir. Çünki həmin vaxt Əlincədə vuruşanlar cəlayirilər idi.

Burada bir məsələ də diqqəti cəlb edir. Həbs olunub edam edildiyi zaman Nəimi buna heç etiraz etməmiş, haqqı olduğu halda məhkəmə tələb etməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və etirazının əhəmiyyətsiz olduğunu bilirdi.

Fəzlullah edam olunduğunda 56 yaşında idi. Qəbrinin Naxçıvan-Culfa yolu üstündə yüksək bir təpədə yer aldığı müridləri tərəfindən iddia olunur. Bu yerin Əlincə qalası yaxınlığında olduğu bildirilir. Amma bəzi hürufi mənbələrində qəbrin Təbriz ilə Əstərabad arasında Əlincə adlı bir qəsəbədə olduğu yazılıb. Türkiyədə Əli Əmiri kitabxanasının farsça əlyazmalar şöbəsində yer alan anonim bir risalədə Nəiminin qəbrinin yanında daha iki qəbrin olduğu bildirilir. Bu qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri də naməlum bir hürufiyə aiddir. Əsərdə Nəiminin qəbrinin qara, Əliyyul-Əlanınkı yaşıl, naməlum qəbrin isə qırmızı daşdan hörüldüyü bildirilir.

Fəzlullahın ailəsi

Hürufi əlyazmalarından (“İstivanamə”) və tarixçi İbn Xacər Askalaninin əsərindən Fəzlullah Nəiminin sadəcə bir dəfə evləndiyi və bu evlilikdən də 7 uşağının olduğu aydın olur. Uşaqları Nurullah, Kəlimullah, Salamullah, Fatma Xatun, Bibi Xatun, Ümmül Kitab və Fatihül Kitab adını daşıyıblar. Öldürülməsindən sonra uşaqların qayğısına Dərviş Hüsaməddin adlı mürüdü qalmışdır. Uşaqlarının Təbrizdə yaşadıqları aydın olur. Amma 1423-1425-ci illər arasında Təbrizdə yayılan vəba nəticəsində Fatma Xatun xaricində uşaqlarının hamısı yoluxucu xəstəlikdən ölmüşdü.

Yeganə övladı kimi Fatma Xatun iddia olunduğu kimi İmadəddin Nəsimi ilə deyil Fəzlullahın özündən sonrakı xəlifəsi Əlayül-Əla ilə evlənmişdi. Əliyul-Əla hürufi məfkurəsinin əsas banisi hesab olunur və o təriqəti Anadoludan yayan şəxsdir. Onun 1419-cu ildə Naxçıvanda öldüyü və mürşidinin yanında dəfn olunduğu bildirilir. Fatma Xatun isə 1444-cü ildə Təbrizdə hürufi qətliamı zamanı öldürülmüşdü.

Sonrakı dövrlərdə hürufilikdə adı hallanan Nəimi soyundan bir nəfərdən bəhs edilir. Bu şəxsin Nəiminin bacısı oğlu və ya nəvəsi olan Xacə Ədudəddin olduğu 1427-ci ildə Əmir Teymurun oğlu Mirzə Şahruh tərəfindən edam edildiyi bildirilir. Onun Mirzə Şahruxa qarşı sui-qəsdə iştirak olunduğu Teymurlu əmirlərinin apardığı uzun tədqiqatlar nəticəsində ortaya çıxmışdı.

Nəiminin əsərləri

Nəiminin çox sayda əsəri var. Bunların demək olar ki tamamı mövcud olub və dünyanın müxtəlif kitabxanalarında qorunur.

“Arşnamə-i ilahi”. Uzun illər bu əsərin Nəiminin tələbəsi Əliyül-Əlaya aid olduğu iddia edilmişdir. Amma əsərin Fəzlullaha aid olduğu artıq dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılan bu əsəri bəzi müəlliflər Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstəriblər.

“Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığı, amma 1394-cü ildə Şamaxıda olarkən üzünü köçürdüyü qeyd edilir. Goranicə qələmə alınıb. Beşi Türkiyədə, ikisi İngiltərədə olmaqla 7 əlyazması mövcuddur.

“Məhəbbətnaməyi-İlahi”. İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb.

“Növnamə”. Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var.

“Nəimi Divanı”. Bu divanın iki nüsxəsi qalıb və hər iki nüsxə də Türkiyədə Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Şeirlərdə hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. Divanda 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt, 2 tərci yer alır. Divandakı bütün beytlərin toplamı 70 beytdir.

“Fiqh”. Fəzlullahın adı məlum olmayan fiqh əsərini Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər tapılmayıb.

“Ənfüsu Afak”. Fəzlulaha aid edilən bu əsərin də aqibəti bilinmir.

“Vəsiyyətnamə”. Fəzlullahın bunu Bakıda zindanda olarkən yazdığı qeyd olunur. Bu vəsiyyətnamənin 3 nüsxəsi qalıb. Bunlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur.

Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə Dürr-i Yetim adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var.

***
Həmçinin oxu:

Şah İsmayılın kəlləsindən qədəh düzəltdirdiyi türk hökmdarı - “Tarixin tapmacaları”
//modern.az/articles/48427/1/

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı