Modern.az

«Qorxaq bir millətin heç vaxt işi irəli getməz»

«Qorxaq bir millətin heç vaxt işi irəli getməz»

Ölkə

6 Yanvar 2014, 11:17

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan mütəfəkkirləri arasında Seyid Hüseyn Sadıqzadənin (1887-1938) xüsusi yeri vardır. O, bir yazıçı, tənqidçi, publisist olmaqla yanaşı, Azərbaycanı, Azərbaycan türklərini sevən, millətinin varlığı və azadlığı uğrunda şəhid olan dahi şəxsiyyətlərimizdən biridir.  İlk təhsilini İçərişəhərdə Sınıqqala məscidi nəzdindəki məktəbdə alan Seyid Hüseyn, daha sonra təhsilini 1-ci Rus-müsəlman məktəbində  davam etdirmişdir. Onun ilk iş yeri «Kaspi» mətbəəsi olmuşdur. Bunu ardınca Azərbaycan mütəfəkkiri Haşım bəy Vəzirovun  «Tazə Həyat», «İttifaq» qəzetlərində korrketor işləyən Azərbacan ziyalısı 1911-ci ildən etibarən mətbuatda milli ruhlu yazılarla çıxış etmişdir.

Seyid Hüseynin yaradıcılığında əsas yerlərdən birini maarifçilik tutmuşdur. O, bu məsələlərə həsr etdiyi bir çox məqalələrində («Müəllimlərin diqqətinə», «İki müəllimə», «İctimai yaralarımız» və s. «Ehtiyacımız çoxdur» və s.) Azərbaycanda dünyəvi məktəblərin olması və burada müasir dünyagörüşlü müəllimlərin dərs deməsinə xüsusi diqqət yetirmişdir. Onun fikrincə, indiki dövrdə məktəb və maarifə olan ehtiyacımızı bilməmiş bir şəxs qalmamalıdır. Azərbaycan mütəfəkkiri onu da gizlətmirdi ki, müsəlmanlardan bir hissəsi uşaqlarını dünyəvi məktəblərə qoyduqları halda, digər müsəlmanlar hələ də uşaqlarını mədrəsədə oxutdurmaqda israrlıdırlar. Seyid Hüseyn bunu uyğun olaraq tərəqqipərvərlik və geriyəpərəstlik kimi qiymətləndirirdi.

Seyid Hüseynə görə,  müsəlmanların artıq yatmaq zamanı deyil, oyanmaq lazımdır. O, dostu Əlipaşa Səbura göndərdiyi bir məktubda yazırdı: «Mən nə yazıramsa da intəhası öz xalqımın səadətini tələb etmək ilə olacaqdır». O, dostuna ünvanladığı başqa bir məktubunda isə, «əyər öz hali xüsusiyyətimdən xəbər alsan, nəhayətdə mütəəssüfəm. Çünki bugünkü milləti-islamın hali-əsəfi-ictimalı kimi mütəəssüf etməz ki, hər bir tərəfdən onlara haqsızlıq edirlər və zərbi-dəst göstərirlər» deyirdi.

Deməli, Seyid Hüseyn üçün «İslam milləti»nin pərişan vəziyyəti bir dərd olmuşdu. O, bundan çıxış yolu kimi millətin təlim və tərbiyə, elm və mərifət kəsb etməsini görürdü.  Onun fikrincə, kim buna qarşı çıxırsa millətin və dinin düşmənidir. Çünki din müsəlmanların cəhalət içində qalmasını deyil, əksinə maariflənməsinin və savadlanmasının tərəfdarıdır. Üstəlik, İslam dinində zəmanənin tələblərinə uyğun olaraq həmişə yeniləşmək ruhu vardır: «Bir dəfə bu bizə yəqin olmuşdur ki, yeni bir yaşayış dövrünə girməmiz lazımdır. Zira, indiki şərait daxlində yaşamaq qeyri mümkündür. Budur ki, təbii olaraq bizdə bir təcəddüd (yeniləşmə) və intibah əsəri görünməyə başlamışdır».

Bu intibahı daha da gücləndirməyi hər bir vətəndaşın borcu sayan Seyid Hüseyn hesab edirdi ki, millətin namusunu, mənliyini qorumanı müqqədəs vəzifədir: «Mən də özümü bu vəzifə ilə müəzzəf bilirəm ki, istər qardaşım olsun, ümumiyyətə dəxi olan məsaid barəsində sükut etməyim. Hər kəs rəncidə olursa olursa olsun. Rədiyyə yazarsa cavabını alar, buna görə mən olunacaq hücumlardan heç ehtiyat etmirəm». Bu mənada, Azərbaycan mütəfəkkirinin yaradı­cılığında mübarizlik ruhu özünü daha çox büruzə verirdi. O, yazılarında Azərbaycan türklərini məslək və məfkurəsində möhkəm olmağa, müstəmləkəçilikdən qurtulmağa səsləyirdi. Onun fikrincə, hər hansı millət qorxaqdırsa onun gələcəyi yoxdur və bir gün tarix səhnəsindən silinib gedəcəkdir: «Qorxaq bir millətin heç vaxt işi irəli getməz. Ya tərəfi müqabil və ya… qeyrinin iki kəlmə lağlağayi lisandan ibarət olan təhdidatından xof edib işindən qayıdar. Və  ya rəis və sərkərdələri olan düşmənin quru bir vədeyi ümidinə yanılıb millətinə və vətənini əcnəbinin dəst təcavüzünə tapşırar, o vaxt həm özünü, həm də millətini məhv edər».

Ümumiyyətlə, Seyid Hüseyn belə bir əqidə idi ki, bir şəxsin və ya bir millətin cəsarət və mətanətinin olub-olmaması olnun gələcəyini müəyyənləşdirir. Əgər bir millətdə mətanət və cəsarət yoxdursa, onun gələcəyə ümidi də olmayacaqdır. Belə millət və fərdlər isə gec-tez tarix səhnəsindən silinməyə məhkumdurlar. Bu mənada, o, Azərbaycan türklərinin mətanətli və cəsarətli millət olmasına inamını tam əminlliklə ifadə edirdi. Sadəcə, Seyid Hüseyn tövsiyə edirdi ki, yalançı millətpərəstlərdən və ruhanilərdən uzaq olmaq lazımdır. Çünki onlar millətin cəsarətini və mətanətini məhv etməyə çalışırlar. O, «Şikayət» adlı məqaləsində yazırdı: «Ey bizim sahiblərimiz, Allah xatirinə bizə yazığınız gəlib bizi minin də, əmma lap boynumuza oturmayınız. Bizə nəsihət edəndə iki min söyüş deyib, millət adı ilə növbənöv yalanlar satmayınız. Bizim zəhmətimiz ilə pul qazananda, ay «millət yolunda xərc edirik» deyib əfsanə yalanlar ilə başımızı tovlamayınız. Üstümüzə minəndə istər ağ köynkəli, istər ağ sarıqlı, istər çəkməli, istər nəleyinli, Tanrı xatirinə bizə dünya və axirət ilə guya tərbiyə verirsiniz deyə çox bizləməyiniz».

Onun fikrincə, yalançı ruhanilərin və milləpərstlərin xalq arasında bu qədər nüfuz sahibi olmasının səbəbi isə cəhalətlə bağlıdır. Seyid Hüseynə görə, millətin maariflənməsinə və savadlanmasına qarşı çıxanlar arasında yalançı ruhanilər ən ciddi təhlükələrdən biridir. Çünki onlar yaxşı anlayırlar ki, müsəlmanlar savdalanrlarsa onların ikiüzlü əməllərindən xəbər tutacaqlar. Beləliklə, müsəlmanlar onlardan üz dönədərəcəklər. Bu baxımdan Seyid  Hüseyn çəkinmədən yalançı ruhaniləri və mollaların iç üzüün ifşa etməyə çalışmışdır: «Şu islamiyyət hamiləri adlanan ruhani babalar isə müsəlmanların tərəqqisi yolunda heç bir zərrə səy yamadıqları bir yana dursun, bu yolda çalışanları da cürbəcür adlar ilə camaatın nəzərində ləkələndirirlər. Bununla müsəlmanların avam və anlaqsız qalmalarına böyük bir xidmət etdilər».

Azərbaycan mütəfəkkirinə görə, yalançı ruhanilər bu vaxtadək müsəlman ölkələrində, o cümlədən Qafqazda tərəqqi yolunda böyük bir əngəl olmuşlar. Belə ki, müasir ruhlu milli mütəfəkkirlər xalqı tərəqqiyə tərəf apardığı halda, yalançı ruhanilər geripərstliklə məşğul olurlar. Halbuki din xadimləri müsəlmanların maarfilənməsi işində daha fəal iştirak etməlidirlər. Məsələn, məhərrəmlikdə İmam Hüseyni ağlamaq əvəzinə müsəlman qardaşlarının qeydinə qalmalı, onlara mənəvi və maddi baxımdan yardım etməli, bir sözlə milli işlərlə məşğul olmalıdırlar: «İmamı ağlamaqdan qabaq gərək şəxs özünü ağlasın, yəni öz milli işlərinə qarışsın. Axırda söhbət buraya əncam çəkildi ki, neçə illərdir hər ildə filan qədər tut, silə kimi bimənfəət şeylərə xərc qoyulur, aya, bu xərc olunan pulları millət uğrunda qoysaq yaxşı olmazmı? - deyə bu məsələni müzakirə edib, axırda məhəllə rəisləri buna qoydular ki,  Şah məscidinin həyətində mövcüd olan məqbərəni üsuli-cədid üzrə bir itidai məktəb tərtib versinlər ki, məhələ uşaqları küçələrdə gəzməyib, ora təhsilə getsinlər… Budur bərat, budur şəbulğ olunmuş təziyə! Ümidvaram ki, hər ildə bir belə xeyir iş iqdam olunsun! Şah məscidinin bu növ təziyədarlığından qeyri təziyədarlar ibrət götürsünlər!».

«Mühüm bir ehtiyacımız» məqaləsində o yazırdı ki, artıq geriyəpərəstlik deyil, irəlipərəstlik olmaq lazımdır. Avropa millətləri, hətta Azərbaycan türklərinə qonşu millətlər (gürcülər, ruslar və b.) tərəqiyyə üz tutduğu bir zamanda geriyəpərəstliklə məşğul olmaq bir millətin məhvi deməkdir.

Seyid Hüseynin yazılarında milli birlik məsələsi də xüsusi yer tutur.  «Cəmiyyətlərimizin birləşdirilməsi» məqaləsində o yazırdı ki, müsəlman-türk təşkilatları birgə hərəkət etmələri vcaibdir: «Zəmani ki, bu cəmiyyətlər müsəlman cəmiyyətidir, məqsədləri biri digərinə zidd deyil, bunlar edə bilərlər ki, cümləsi müttəfiq olub işləsinlər».

Onun fikrincə milli birliyin yaranmasında milli şüurun formalaşması mühüm amildir. Ancaq Azərbaycandan uzaq düşən bəzi gənclər var ki, milli şüur məsələsində əziyyət çəkirlər. «Ağardılan dişlər» məqaləsində (1917, «Qardaş köməyi» jurnalı №2) o, buna nümunə kimi ona yazılmış iki gəncin məktubundan bəhs etmişdir. Məsələn, Şuşada təhsil alan tələbə ona yazdığı məktubunda bir gün millətinin maarflənməsinə və ağ günə çıxmasına inamını ifadə etmişdir. Ancaq Moskvada oxuyan tələbə isə türk dilini artıq bilmədiyni və ona rus dilində məktub yazılmasını istəmişdir. Bundan qeyzlənən Seyid Huseyn yazırdı: «Türk oğlu bir türkün, qafqazlı bir igidin, irəlidə günəş olacağına ümid bəslədiyimiz bir şərarın -  bir studentin öz ana dilini utanıb qızarmadan bilmədiyini söyləməsi məni ağrıtdı».

Bu mənada, o, milli birliyin əsas atributu kimi dil məsələsini götürürdü. «Türk sözləri» məqaləsində («El həyatı» jurnalı» №2, 1918) yazırdı ki, hər bir millətin dili onun varlığıdır.  Bu mənada, o, Azərbaycan türklərinin dilini milli dil kimi qəbul edir, osmanlı türkcəsinin təbliğinə qarşı çıxırdı: «Deyirlər ki, türkcə yazmaq çətindir… İlk baxışda bu dediyim bir az doğru kimi görünürsə də bir az da yanlışdır. Hər bir yazıçı çətinliyə düşməyə, düşünüb aramağa qatlaşarsa, öz düşüncəsini deyib söyləmək, yazıb bildirmək, düzüb qoşmaq üçün türkcə sözlər bulla bilər.  İndi mən təmiz türkcə yazmaq istəyirəm. Bu yazımda çalışacağam ki, türkcədən başqa özgə, yad və bizə yabançı dilərdən bacardıqca və gücüm çatdıqca sözlər almayım». Seyid Hüseyn xüsusilə, «Dil ətrafında mütalilələr» məqaləsində açıq şəkildə türk dilinin osmanlılaşdırılmasına qarşı çıxmışdır. Onun fikrincə, osmanlı türkcəsini müdafiə edənlər Azərbaycan türk dili və ədəbiyyatı ilə tam tanış ola bilməyənlərdir.

O, «Dirilik» jurnalında yazdığı məqalələrində türklük adına türk dilini korlayanlara qarşı çıxırdı. Seyid Hüseynə görə, türk ədəbiyyatı adı altında kim nə gəldi yazır və bu türklüyə ziddir. Onun fikrincə, türklüyü bugünkü hala qoyan da həmin bu kimi ədəbiyyatlar olmuşdur: «Ona görə də, özünün türk hissilə yazılmış olduğunu irəli çəkən bir əsər mümkün olduqca ərəb və fars tərkib və qaidələrindən azad olsaydı, zənnimizcə daha yaxşı olardı».

Ümumiyyətlə, sovet repressiyasının qurbanı olmuş Seyid Hüseyn Azərbaycan ədəbiyyatına yeni bir nəfəs verdi. Xüsusilə, onun bir tənqidçi kimi  mövqeyi Azərbaycanda yeni bir xətt idi. Seyid Hüseyn tənqidi yazılarında tutarlı dəlillərlə təhlillər verir və fikirlərini əsaslandırırdı. Digər tərəfdən, o, millətin maarfilənməsi və yeni bir dönəmə qədəm qoyması üçün cəsarətli fikirlər irəli sürüdü. Bütün bunlar Seyid Hüseynin Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmasını birmənalı şəkildə ifadə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı