Modern.az

Mirzə Ələkbər Sabir: milli, yoxsa beynəlmiləlçi şair

Mirzə Ələkbər Sabir: milli, yoxsa beynəlmiləlçi şair

Ölkə

8 Fevral 2014, 12:06

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent 

1905-ci ilə qədər daha çox dini, müəyyən qədər milli ruhlu şeirlər yazan Mirzə Ələkbər Sabirin birdən-birə «beynəlmiləlçi» şairə çevrilməsi təsadüfi ola bilməzdi. Şübhəsiz, Sabirin «beynəlmiləlçi» şairə çevrilməsində Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının az əməyi olmamışdır. Bizcə, C.Məmmədquluzadə və onun «Molla Nəsrəddin» jurnalı Sabirin milli ruhlu üsyankarlığını «beynəlmiləl» ruha çevrilməsində müəyyən pay sahibi olmuşdur.

Bu mənada Sabir «yırtıcı heyvan», «xortdan», «cin», «xarici mülkündə də hətta gəzib, çox tühaf insan» görürəm qoruxmuram, «harda müsəlman görürəm qorxuram»  dedikdə, İslam dinini deyil, onun adından çıxış edən yalançı ruhaniləri tənqid hədəfi götürsə də, ümumilikdə bu mülahizə toplumda birmənalı qarşılanmamışdır. Çünki bu sözlərdə ifrat dərəcədə müsəlmanları aşağılama var. Xüsusilə, bu aşağılamanın ümumiləşdirmə (müəslman) formasında öz əksini tapması çox düşündürücüdür. Hər halda, «müsəlman»ın yırtıcı heyvanla, xotdanla müqayisəsi və birincinin sonunucudan daha qorxulu olması şüurlarda müsbət reaksiya yarada bilməz.

Örnək üçün deyək ki, şairin şeirlərində fəhlənin və əkinçinin insanla, müsəlmanın yırtıcı heyvanla, xotdanla müqayisəsi arasında incə bir məqam var. Birinci halda, şair fəhləyə, əkinçiyə başa çalmağa çalışır ki, insan olması üçün onu istismara edənlərə qarşı mübarizə aparmalıdır. Bir sözlə, insan olmaq üçün fəhləyə bir yol göstərməyə çalışır və onu da («axmaq kişi» və s.) xeyli dərəcədə tənqid edir. Deyilə bilər ki, yırtıcı heyvanla, xotdanla müqayisəsində də müsəlmanın əsil müsəlman olması üçün Sabir onu tənqid etmişdir. Ancaq burada incə bir məqam var: «fəhlə», «əkinçi» və «müsəlman» fərqli anlayışlardır. Belə ki, fəhlə bir işçi kimi istismara məruz qalmış, istismarçılar tərəfindən haqqları əlindən alınmış və insani keyfiyyətlərdən məhrum olmuşdur. Sabir də fəhləyə demək istəyir ki, sən bir insansan və insanlıq haqqlarına sahib çıxmalısan. Digər tərəfdən, Sabirin tənqid etdiyi fəhlə ümumi bir anlayışdır. Yəni dini, milli kimliyindən asılı olmayaraq işləyən və istismara məruz qalanların hamısı fəhlədir. Burada milli və dini inanclara toxunulmur. Burada əsas məsələ fəhlənin insanlıq qürurunun tapdalanmasıdır ki, Sabir onları buna qarşı çıxmağı və haqqlarına nail olmaq üçün mübarizəyə səsləyir.


Ancaq «müsəlman» anlayışında yalnız insanlıq deyil, həm dini, həm də həmin coğrafiyada yaşayan türk millətinin milli kimlik qüruru var. Özü də bu müsəlman 19-cu əsrdə meydana çıxan fəhlə sinfi deyil, onun böyük bir tarixi və mədəniyyəti var. Bu mənada, «müsəlman» və «fəhlə»nin tənqidi eyni formada ola bilməz. Başqa sözlə, fəhlədə və müsəlmanda oyadılacaq qürur hissinin insanlıq və yırtıcı heyvanla, xortdanla müqayisəsi çox düşündürücüdür. 100 il əvvəl olduğu kimi bu günün özündə və gələcəkdə də də haqqları əlindən alınmış fəhləyə eyni sözləri demək, bu cür formada mübarizəyə səsləmək olar. Ancaq müsəlmanlarla bağlı ümumilişədirilərək bu cür sözlər demək 100 il bundan əvvəl olduğu kimi, indi də yanlış olardı. Çünki «müsəlman» demək yalnız müsəlmanlığı qəbul etmiş insanlar anlamını ifadə etmir, «müsəlman» həm də bir dinin adıdır. Yəni İslam dinini qəbul etmiş müsəlman, eyni zamanda onun rəmzidir. Bəlkə də, hardasa fəhləni «axmaq kişi» adlandırmağa haqq qazanırmaq olar, ancaq yırtıcı heyvanın, xotdanın, cinin, «xarici mülkündə də hətta gəzib, çox tühaf insan»ın müsəlmandan üstün olmasına yox.   

Sabirin «müsəlman» kimliyi ilə yanaşı, türklüyü ifadə edən «qafqazlı» kimliyinə münasibətdə radikallığa yol vermişdi: «Əqrəb kimi neştər gücü var dırnağımızda, İslam sussuz olsa, su yox bardağımızda,  Hər küncdə  min tülkü yatıb çardağımızda, Min hiylə qurub, rütbəvi ikram alarız biz, Qafqazlılarız, yol kəsiriz, nam alarız biz!. Fikrimizcə, şair həmin dövrdə müsəlmanların-qafqazlıların (türklərin) əksəriyyətinin Avropa millətləri ilə müqayisədə geridə qalması və cahilpərəst olması məsələsində xeyli dərəcə də haqlı olsa da, ancaq onları yalnız başkəsən, yolkəsən, hiyləgər kimi qələmə verməklə onların bir qismində oyanışına səbəb olmaqla yanaşı, digər qisminin də özünə haqq qazandırmasına rəvac vermişdir.

Hazırda da Sabirin şeirlərində müsəlmanlara,  azərbaycanlılara verdiyi radikal «tərif»lərin  bu gün əhəmiyyətini itirmədiyindən ağızdolusu danışanlar məsələyə birtərəfli yanaşırlar. Yəni bu cür düşünənlər deyirlər ki, Sabir 100 il öncə necə demişdirsə, demək olar ki, heç nə dəyişməyib. Deməli, Sabir çox uzaqgörən və dahi bir şair-insan olmuşdur. Fikrimizcə, burada incə bir məqam var ki, Sabirin «tərif» verdiyi müsəlmanların 100 il sonra da əsasən dəyişməməsində, onun da müəyyən payı var. Çünki Sabirin bu ruhlu şeirlərini oxuyanların xeyli bir qismi özlərini inkişaf etdirməkdən çox, tərsinə özlərinə haqq qazandırmış olmuşlar. Bu isə o deməkdir ki, şairin satirik şeirlərində  müsəlmanları və milləti aşağılayıcı məqamlar həm yaşadığı cəmiyyətin, həm də ondan sonra gələn nəsillərin şüurunda mənfi iz buraxmışdır. Yəni biz dünən də belə olmuşuq, bu gün də beləyik, sabah da belə olacağıq. Təsadüfi deyil ki, SSRİ dövründə Sabirin bu cür şeirləri geniş şəkildə orta və ali məktəblərdə geniş şəkildə təbliğ olunmuş, bütün kitablarında öz əksini tapmışdır. Bunu əvəzində Sabirin mili-dini ruhlu şeirləri ali və orta məktəblərdə səsləndirilməmiş, əsasən dərslik və əsərlərindən kənarda qalmışdır.

Bütün bunlarla yanaşı onu da qeyd etməliyik ki, «Molla Nəsrəddin» jurnalının qurucusu Məmmədquluzadənin «beynəlmiləlçilik» təsiri altında olduğu dövrdə də Sabir milli ruhlu şeirlər yazmağa davam etmişdir. Ancaq həmin şeirlər çar Rusiyası və SSRİ dövründə gölgədə qalmışdır. Məsələn, bir şeirində milli şair yazırdı ki, hazırda türk millətinin daxilindəki nifaqlar bu günün işi deyil, ötən zamanlarda da bu cür hallar baş vermişdir. Belə ki, Çingizlərlə Xarəzmşahların, Teymurlarla İldırımların, Teymurlarla Toxtamışların, Şah İsmayılılarla Sultan Səlimlərin və başqalarının bir-birilə mübarizə nəticəsində itirən turanlılar – türk milləti və islam dini, qazanan isə farslar, ruslar və başqa millətlər olmuşlar. Xüsusilə, Tey­mur­un Toxtamışı məğlub etməsi rusların işinə yaramış, bununla da ruslaşmağa və dinimizdən uzaqlaşmağa başla­mışıq: «Teymuri şəhi-ləngə olub tabeyi-fərman, Xan Toxtamışı eylədik al qanına qəltan, Ta oldu Qızıl ordaların dövləti tadan, Məsko şəhinə faidəbəxşoldu bu meydan… Əlyövm uruslaşmaq ilə zişərəfiz biz! Öz dinimizin başına əngəlkələfiz biz!». Şair bu şeirində açıq şəkildə yazırdı ki, bir tərəfdə ruslaşdırmaq, o bir tərəfdə iranlılaşdırmaq və osmanlılaşdırmaq siyasəti aparılır ki, bununla da, türklük ruhu arxa plana çəkilir: «İndi yenə var tazə xəbər, yaxşı təmaşa, İranlılıq, osmanlılıq ismi olub ehya».

Sabirin şeirlərindən hiss etmək olur ki, o, «beynəlmiləlçi»liyin təsiri altında olduğu dövrdə də, şiəlik və sünilik, osmanlılıq və iranlılıq adları altında türk millətinin parçalanmasının əleyhinə olmuş, türk-müsəlman xalqları arasında ən azı mənəvi birliyin olmasına çalışmışdı. Buna ən bariz nümunələrdən biri də Sabirin vahid türk dili ideyasını müdafiə etməsidir. Belə ki, Sabir Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə bir şeir tərcümə etdiyini iddia edən Ə.Qəmküsarı bu sözlərinə görə tənqid etmişdir: «Omanlıcadan türkə tərcümə» - bunu bilməm, Gerçək yazıyor gəncəli, yainki hənəkdir; Mümkün iki dil bir-birinə tərcümə, amma, «Omanlıcadan türkə tərcümə» nə deməkdir?!.

«Beynəlmiləlçi»liyin təsiri altında olduğu dövrdə də Saibirin milli ruhlu ruhlu şeirlər yazmasının, Axundzadəni deyil  H.Zərdabini «mənəvi atamız» adlandırmasının nəticəsidir ki, onun «beynəlmiləlişməsi» prosesi tam olaraq rus-avropa ideoloqlarını qane etməmişdir. Hətta, bunu Məmmədquluzadə də etiraf etmişdir ki, Sabir müəyyən mənada onların istəklərinə uyğun şeirlər yazsa da, bütövlükdə beynəlmiləlçi, inqilabçı şair ola bilməmişdir. Görünür, bunu nəzərə alaraq sovet dövründə C.Məmməd­quluzadə yazırdı ki, Qəmküsar «fikir açıqlığı və dini möv­huma­ta qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı». Çünki 1917-ci il fevral inqilabı nəticəsində çar rejiminin məhv olmasından sevinənlərə üzünü tutub Qəmküsar yazırdı ki, istibdadi-cismaninin yıxılmasından sonra siyasi, söz, mətbuat və b. azadlıqların yaranması ilə iş bitmir. Onun fikrinə görə, vaxt varkən istibdadi-ruhanini də yıxıb, yaxanı qurtarmaq lazımdır: «Yoxsa, istibdad istibdaddır. O olmasın, bu olsun».

Halbuki Sabir heç vaxt Şahtaxtlı, Məmmədquluzadə və Qəmküsar kimi İslam dininə bu cür yanşamamışdır. Bu mənada, Sabirin ümumi ruhu «beynəlmiləlçilik»dən çox milli-dini ideyalara bağlı olmuşdur. Ancaq bəzi şeirlərində ifrata varması, üstəlik sovet ideoloqlarının onunla bağlı bu istiqamətdə təbliğat aparması Sabirin milli-dini ruhunu kölgədə qoymuşdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı