Modern.az

“Hospitalın həyətində dəhşətə gəldim, yaralıların iniltisi indi də qulağımdan getmir” - Keçmiş döyüşçü ilə SÖHBƏT

“Hospitalın həyətində dəhşətə gəldim, yaralıların iniltisi indi də qulağımdan getmir” - Keçmiş döyüşçü ilə SÖHBƏT

Ölkə

1 Mart 2014, 13:20

“Müharibə başlasa, yenə heç nəyi düşünmədən gedərəm

Modern.az saytı keçmiş döyüşçülərlə silsilə söhbətlərin təqdimatını davam etdirir.
Budəfəki həmsöhbətimiz Zərəngül Əliyevadır. Sərhəd bölgəsində dünyaya gələn Zərəngül xanım müharibə insanı olduğunu deyir. Zərəngül xanım ailəlidir. Bir övladı var.

- Ailəniz müharibəyə getmək istəyinizi necə qarşılamışdı?

- Biz Tərtər rayonunda yaşamışıq. Yaşadığımız ərazi sərhəd bölgəsi olduğu üçün hər gün atışmalar olurdu. Belə mühitdə yaşayan bizlərdə düşmənə qarşı nifrət hissi oyanır, qadın və ya kişi, kimliyindən asılı olmayaraq hər kəs müharibəyə getmək istəyirdi. Hətta qardaşım əsgərlikdən yeni gəlsə də, könüllü döyüşə getdi. İkinci bacım da Surət Hüseynovun vaxtında yaradılan briqadada xidmət edirdi. Mən o zaman Bakıda Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsində təhsil alırdım və müstəqil qərar verə biləcək yaşda idim. Heç nəyi düşünmədən evdə müharibəyə getmək istədiyimi bildirdim. Atamın bu qərarıma qarşı çıxmayacağına əmin idim. Çünki o torpağını və xalqını canından belə çox sevirdi. Hətta atam da bizimlə müharibəyə getmək istədi, amma biz ona icazə vermədik. Çünki yaşlı idi. O, bizə silah daşımaqda və başqa işlərdə köməklik edirdi. O özü də 1941-45-ci illərdə  partizan dəstələrində hərbi xidmət keçdiyinə görə silahdan yaxşı başı çıxırdı. Atam bəzən “bu cavanlar hələ silahı tuta bilmirlər, ondan necə istifadə edib vətəni qoruyacaqlar”, - deyə şikayətlənirdi.

O vaxt Şıxovda ilk könüllü briqada yaradılmışdı. Tanıdığım bir neçə nəfər orada könüllü hərbi xidmətdə idilər. Ona görə mən də ora getməyə qərar verdim. Tibbi təhsilim olmadığına və tələbə olduğuma görə götürmək istəmədilər. Komandir dedi ki, sizin başınıza bir iş gəlsə biz cavabdeh olacağıq, mən isə ona “bəs siz burda niyə varsınız” sualını verdim. Artıq deməyə bir söz tapmadı. Məni məxfi hissədə iş icraçısı vəzifəsinə götürdülər. Hansı şöbədə iş olardısa, ora gedir, silah paylamaq və digər məsələlərdə əlimdən gələn köməyi göstərirdim. Torpaqlarımız ard-arda işğal olunanda isə onlar “701”in komandiri ilə bərabər  Kəlbəcərə tərəf getdilər. Bizə dedilər ki, siz burda qalmalısınız. Amma torpaqlarımızın əlimizdən alınmasına dözməyən bizlər səbir edə bilmədik. Dedik ki, siz gedirsinizsə, burada qala bilmərik. Ona görə də müdafiə nazirinə müraciət elədik və bizi Ağdama göndərdilər. 

- Universitetdə oxuduğunuzu dediniz. Bəs, təhsiliniz yarımçıq qoyub getdiyinizi düşünmədiniz?

- Mənə elə gəlir ki, içində vətən sevgisi olan hər bir insan öncə doğma torpağını və onun azadlığını düşünməlidir. Yadımdadır, o vaxt mən xasiyyətnamə almaq üçün universitetə getmişdim və dəhlizdə oturub rektoru gözləyirdim. Xeyli müddət onu gözlədikdən sonra dəhlizin o başından gəldiyini görüb, tez ayağa qalxdım. Otağına keçdi, sonra məni içəri çağırdılar. Rektorumuz Rasim müəllim məni yanına çağıraraq, alnımdan öpdü, təşəkkürünü bildirib dedi ki, oturanın sən olduğunu bilsəydim, özüm yanına gələrdim. Belə münasibəti gördükdən sonra necə təhsil haqda düşünmək olardı? Hər zaman deyirəm, torpaq olmadan onun üzərində necə xoşbəxt olmaq olar, necə alim olmaq olar?


- Müharibədə hansı çətinlikləriniz olurdu?

- Müharibə şəraitində çətinlik olmalıdır. Biz müharibəyə hər şeyi, hətta ölümü belə gözə alaraq gedirdik. Çünki bilirdik ki, hər an hər şey ola bilər. Bizim o cür oğullarımız şəhid oldu, çətinliklərdən danışmağa dəyməz. Orduda elə oğullarımız xidmət edirdi ki, biz onların etdiyi yaxşılıqları heç vaxt unuda bilmərik. Təcrübəmiz az idi, onlar çalışırdılar ki, bizlərə əllərindən gələn köməklikləri etsinlər. Onlar vətən üçün canlarını belə qurban verməyə hazır gənclər idi.

Bəzən elə olurdu ki, hərbi hissəyə formasız gedirdim, onda deyirdilər ki, biz səni belə görmək istəmirik. Hər dəfə bu haqda danışanda yadıma Şuşaya gedib, orda bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaq arzularımız düşür. Amma çox təəssüf ki, bizim o xəyallarımız gözümüzdə qaldı. Bizlər bunu edə bilmədik. Müharibədə bir məqsədimiz və amalımız vardı, düşmənlərin torpaqlarımızı işğal etməsinə əngəl olmaq. Amma təəssüf ki, biz nə qədər mübarizə aparsaq da, buna nail ola bilmədik. Üç gün ərzində 17 kəndi işğal etdilər. İki şəhid verilmişdi, bizlər hətta buna sevinirdik ki, iki şəhid vermişik. Bizdə o cür ruh yüksəkliyi vardı. Bu gün əlli yaşımda olmağıma baxmayaraq, o vaxtdakından da güclü olduğumu düşünürəm. Müharibə başlayarsa, döyüşə gənclərdən öncə biz gedəciyik.

- Sizi sarsıdan hansı hadisələr indiyə qədər də yadınızdan çıxmır?

- Bir dəfə Mahrızlıda qərargahda tək qalmışdım. O vaxt hospitala keçməyimə icazə verməmişdilər. O qədər yaralı gətirilmişdi ki, hətta komandir özü də ora getmişdi. Yaralıların sayı çox olduğundan zəng vurub dedilər ki, təcili bura gəlməlisən, sənə ehtiyacımız var. Mən hospitalın həyətinə girəndə dəhşətə gəlmişdim. O qədər yaralı gətirilmişdi ki, həyətində onlardan tərpənmək belə mümkün deyildi. Yer olmadığından yaralılar xəstəxananın həyətində qalmışdılar. O zaman sanki bütün vartlığım sarsılmışdı, indiyə qədər də o yaralıların iniltisi qulağımdan getmir. O vaxt bizimlə eyni otaqda qalan Milli qəhrəman Gültəkin Əsgərova kimi boylu-buxunlu bir qadının nəşini bir səhra çantasına qoyub gətirmişdilər. Həmin gün möhkəm yağış yağırdı və sanki göylər belə belə bir insanın həyatdan getməsinə ağlayırdı. Heç kim ürək etmirdi ki, ailəsinə xəbər versin.


- Müharibə sizdən gəncliyinizi aldı. Bəs, nələri qazandırdı?

- Müharibə tək mənim deyil, bütün Azərbaycan gənclərinin həyatını aldı. Cavanlığımız, ən gözəl arzularımız elə arzu olaraq da qaldı. Əgər torpaqlarımızı düşmənlərdən azad etmiş olsaydıq, nəyisə itirdiyimi düşünməzdim. Düşünürəm ki, beş il müddətinə torpaqlarımız düşmən tapdağından azad edilməsə, millətimiz çox böyük fəlakətlər görəcək. Dövlətimiz torpaqlarımızı sülh yolu ilə geri qaytarmağa cəhd edir, amma mənfur ermənilər buna razılıq verəcəkmi? Onlar bizim torpaqlarımızda sanki öz doğma əraziləri kimi məskən salıblar.

O illərə geri dönüb baxdığım zaman qazancımın böyük təcrübə olduğunu düşünürəm. Müharibə başlasa, yenə heç nəyi düşünmədən gedərəm. Çünki müharibə mənə çox şeyləri öyrətdi. Silahla necə davranmaq, ondan necə istifadə etmək hər qadının biləcəyi bir iş deyil. Müharibə eyni zamanda mənə dostlar qazandırdı, bu gün də onların çoxu ilə yaxşı münasibətim var.









Pərvin ARZUQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı