AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Müstəqillik dövründə (1991-ci ildən sonra) «Azərbaycan» sözünün izahı ilə bağlı dolaşıq, qarışıq mülahizələr irəli sürülmüşdür və bu proses indi də davam edir. Belə ki, «Azərbaycan» sözünün ilkin mənşəyini Atropatena-Atropatla bağlayaraq bu ölkəni farsdilli etnoslara aid edənlərlə (İ.Əliyev, F.Məmmədova, N.Vəlixanlı, N.Cəfərov və b.) yanaşı, bu ölkəni türkdilli etnoslara şamil edib, eyni zamanda bu sözü yalnız türk dili əsasında izah edənləri də (Y.Yusifov, M.İsmayılov, Q.Kazımov, B.Budaqov və b.) göstərmək olar.
AMEA Tarix İnstitutunun 7 cildlik «Azərbaycan tarix»inin 1 və 2-ci cildlərində bu sözün izahı ilə bağlı irəli sürülmüş mülahizələrə nəzər yetirəndə görürük ki, burada SSRİ dövründə olduğu kimi, «Atropatena» «Azərbaycan» sözünün ilkin forması kimi göstərilir və «Atropatena» anlayışının meydana çıxmasında Strabonun rolu xüsusilə qeyd olunur. Strabonun məlum mülahizələrindən çıxış edən akad. İqrar Əliyevə görə, «Azərbaycan» anlayışının yaranma tarixi e.ə. IV əsrin sonlarına gedib çıxır və qədim Atarpatakanın qanunauyğun surətdə dəyişmiş formasıdır: «Bu anlayış heç də bir çoxlarının düşündüyü kimi, «Odlar yurdu» demək deyil, «Atropata məxsus olan (torpaq)» deməkdir». Atarpatakan(a) forması Mada dialektlərinə gedib çıxır deyən, alimə görə, «Atropata məxsus olan (torpaq)» anlayışı Strabonun Atropat Madası «öz adını Atropatın adından» götürmüşdür müddəası ilə üst-üstə düşür. O yazır ki, «Avesta»da Atərpat(a), e.ə. I minilliyin ortalarında Elam sənədlərində Atarpata (Ha-tar-ba-ad-da), daha sonralar Atropat və Adurbad kimi ifadə olunan bu ad İran aləmində «Od (tanrısı) tərəfindən mühafizə olunan» mənasını daşıyır: «Beləliklə, eyni adın qanunauyğun fonetik variantları olan «Azərbaycan» xoronimi mənbələrdə təsdiqlənən bir sıra aralıq (keçid) formaları vasitəsi ilə məhz Atarpatakan (a) formasına gedib çıxır».
İ.Əliyevin davamçılarından olan tarixçi Sara Qasımova isə «Azərbaycan» sözü ilə bağlı belə bir ifadə işlədir: «Orta fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən «odun himayəsində olan ölkə») adlanan qədim Atropatena (seçmə bizimdir – F.Ə.) III yüzillikdən dünyanın yeni imperiyası – Sasani dövlətinin tərkibinə onun ayrılmaz hissəsi kimi (seçmə bizimdir – F.Ə.) daxil olur». S.Qasımovanın «Azərbaycan» sözünü «odun himayəsində olan ölkə» kimi şərhini başa düşsək də, «Atropatena… Sasani dövlətinin tərkibinə onun ayrılmaz hissəsi kimi daxil olur» ifadəsini heç cür anlaya bilmirik. Onun sözlərindən belə çıxır ki, Atropatenanın (yəni Azərbaycanın) Sasanilərin (farsların) ayrılmaz hissəsi kimi daxil olması təbii bir proses imiş!!! Görəsən, bəzi Azərbaycan «tarixçi»lərini bu cür ifadələr işlətməyə nə sövq edir?!
«Azərbaycan» sözünü İ.Əliyev və b. mövqeyindən izah edən AMEA-nın müxbir üzvü Nizami Cəfərov da hesab edir ki, «Atropatena» ad-toponiminin antik (etimolji) mənasını ilk dəfə atəşpərəst iranlılar, yaxud farsdilli mühit unutdurmuşdu. Farsdilli mühit nəticəsində «Atropatena» (Atropatın yurdu) «Azərbaycan»a (odlar yurdu, müqəddəs odun qorunduğu məkana) çevrilmişdir.
Fikrimizcə, XX əsrdə yuxarıda adı çəkilən bəzi yerli və əcnəbi tədqiqatçılar tərəfindən «Atropatena» anlayışının guya, sonralar «Azərbaycan»a çevrilməsi, eləcə də bu sözün «Atropatın ölkəsi», «odlar yurdu», «odun qoruyucusu», «atropat tayfasının adı» və s. kimi mənalandırılmasının heç bir elmi əsası yoxdur. Çünki «Atropatena» sözü hansı mənanı daşımasından asılı olmayaraq «Azərbaycan» anlayışı ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Fikrimizcə, yunan-roma tarixçilərinin «Atropatena» ölkəsi anlayışı farsların mənafeyinə və dilinə uyğun gəldiyi üçün, bu ad farsdilli mənbələrdə də bu şəkildə saxlanımışdır. Bir çox Azərbaycan tarixçiləri də məsələnin əsil mahiyyətinə varmadan və yaxud bəziləri vararaq «Azərbaycan» anlayışının mənasını yalnız «Atropatena»da axtarmışlar və axtarırlar. Burada bir məsələni istisna etmək olmaz ki, farsdilli mənbələrdə «Atropatena» sözü də təhrifə uğramışdır. Belə ki, bu sözü məqsədli şəkildə yalnız fars dillərində izah edənlər, onu ilkin türk variantından uzaqlaşdırmaq niyyəti güdmüşlər. Necə ki, bəzi orta əsr ərəb-islam qaynaqlarında Atropatın babasının türk Alp Ər Tonqa olması ilə bağlı qeydlər vardır.

«Azərbaycan» sözünün «Atropatena»dan törəmə olması, həmçinin yunan və fars mənşəli dillərdə izahına qarşı çıxanlardan prof. Yusif Yusifov hesab edirdi ki, bu sözün qədim forması «Atropatena»nın tarixindən də qədimdir. Y.Yusifov hələ e.ə. I minilliyin əvvəllərindəki mixi yazı qaynaqlarına əsaslanaraq göstərir ki, artıq e.ə. VIII-VII əsrlərdə Qızılüzən çayının mənbəyində Andirpatianu//Andarpatian məskəninin adı çəkilirdi. Sonralar tədricən Midiyadan şimalda yerləşən bütün cənubi Azərbaycana şamil edilərək, fonetik dəyişikliklər nəticəsində indiki şəklini almışdır: ««Azərbaycan» adının qədim formaları göstərir ki, xoronimin əmələ gəlməsində iki komponent – atr/atur və adir/adər sözləri iştirak etmişdir». Onun fikrincə, birinci söz qədim fars dillərində «od» mənasını daşıyır, ikinci söz türkcə «adır» şəklini saxlayır və hər iki söz fonetik dəyişiklik nəticəsində indi «azər» adlanır. Belə ki, Azərbaycan adının erkən formasında adır/adər/adir komponenti əks olunmuşdur. Türk toponimiyasında bu ad «adır» dağlıq coğrafi mənzərəni əks etdirməklə «yüksəklik, təpəlik, təpəli dağ ətəyi, dağ silsiləsi» mənasını daşıyır: «Addakı ikinci söz «pati», sonrakı «-anu //an» məkan, yaxud cəm şəkilçisidir. Qədim türk dilində «batıq» (bat//pat «batmaq, yenmək» felindən) «düzən», «aşağı», «alt» mənasını daşıyırmış».
Prof. Qəzənfər Kazımov da belə qənaətdədir ki, «Azərbaycan» sözü Antarpatianu sözündən əmələ gəlmiş, tədricən Atropatena şəklini almışdır: «Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili «əl-azəriyyə»-azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir». Onun fikrincə, «Azəri» sözü Antarpatianu və Atropatena sözləri ilə bir kökdən olduğu üçün, bir sıra iranşünasların azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymaları düzgün deyildir: «Azəri sözü tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır».
Akad. Mahmud İsmayılov yazırdı ki, «Azərbaycan» sözünün bir hissəsi olan «as//az» qədim türk tayfalarının adlarından biridir və Azərbaycan türklərinin etnik mənşəyini təşkil edir: «Asların adına qədim Orxon-Yenisey yazılarında rast gəlinir. Tədqiqatçıların bir qismi Asiya qitəsinin – qitələrin ən böyüyünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə bağlayırlar». Onün fikrincə, bu istilahın başqa bir mənası «odlar yurdu» kimi izah olunur ki, bu ad daha qədimdir.
Başqa bir alimimiz akad. Tofiq Köçərliyə görə də, «Azərbaycan» sözü türkmənşəlidir. Ola bilsin ki, «Azərbaycan» sözü «dağlıq ölkə», yaxud da «varlı şəxslərin yurdu» anlamındadır.
Coğrafiyaşünas alimimiz akad. Budaq Budaqov da «Azərbaycan» sözünün türk dilində izahına tərəfdardır: «Bəzi tədqiqatçılar ərəb mənbələrində VII əsrdən məlum olan «Azərbaycan» sözünü Az-ər-bay-can hissələrinə bölür və belə hesab edirlər ki, müvafiq olaraq «az» - tirə, tayfa adı, «ər» sözü «kişi», «döyüşçü», «bay» sözü «bəy», «varlı», «yüksək», «uca» deməkdir. Deməli, Azərbaycan «Ər kimi olan «az» tayfalarının başı ucalar» mənasını verir».
«Azərbaycan toponimlərinin ensiklopedik lüğəti»ndə isə bu anlayışla bağlı uç fikrin – 1) «odla qorunan», «atəşpərəstlərin ölkəsi», «od ölkəsi»; 2) «varlıların, böyüklərin məkanı», «böyüklər, bəylər ölkəsi», «Atropatın (Midiya canişini) ölkəsi»; 3) «yüksəklik, təpəlik, dağətəyi yamacda olan məkan, yer», olduğu bildirilməklə yanaşı, 4-cü variant da ortaya qoyulmuşdur: «Azərbaycanın tarixən iqtisadi cəhətdən qüdrətli bir ölkə kimi yadelliləri özünə cəlb etməsini nəzərə alaraq onun adını «az ərlərin bolluq məkanı» kimi də şərh etmək olar».
Qazax bilgini Oljas Süleymenov isə hesab edir ki, «Azərbaycan» anlayışı Alban, Albaniya sözünün sonrakı formasıdır. O.Süleymenova görə, Alban (alman, alvan kimi tələffüz variantları da məlumdur) qədim türk ləhcəsində 1) vermək, vergi, xərac; 2) məcburi sultan (dövlət) xidməti; 3) məmur, vergiyığan deməkdir. Hər şeydən əvvəl, gömrük və gömrükçü bu söz əsasında muəyyənləşdirilib. Onun fikrincə, bizim eranın II-IV əsrlərində indiki Azərbaycanın Albaniya adalndırılması təsadüfi deyil və indiyə qədər Xəzər Albaniyası əhalisinin etnik mənşəyi barədə mübahisələr gedir. O.Süleymenovun fikrincə, tədqiqatçıların əksəriyyəti hesab edirlər ki, azərbaycanlıların tarixinin albanlara heç bir dəxli yoxdur. Belə bir fikrin yaranmasına səbəb isə, bu məsələnin həllində etimologiyadan istifadə olunmamasıdır. Onun fikrincə, türk dilindəki albanla, çinlilərin özünəməxsus şəkildə istifadə etdiyi «alban» sözünün mənşəyi oxşardır: «Məhz «alban» sözünün tələffüzünün Çin variantı (azerbani-jen)», mənim fikrimcə, Azərbaycan sözünün əsasını təşkil edir… Beləliklə, mənşəyi türk, ərəb, fars və digər coğrafi, siyasi cəhətdən doğma olan dillərdə axtarılan Azərbaycan sözü «alban» deməkdir və özlüyündə məcazi mənada qədim türk sözünün Çin tələffüzündən götürülüb, müasir «tamojennik» - «gömrükçü» sözünə yaxındır».
«Azərbaycan» anlayışı ilə bağlı, yuxarıda qeyd edilən bütün mülahizələri diqqətlə nəzərdən keçirərək deyə bilərik ki, bu ad birmənalı şəkildə türk milləti, türk dili ilə bağlı olmuşdur və dörd hissədən ibarətdir: Az-ər-bay-can – ((q)az(s)ların, (q-x)az ərlərin (ərənlərin) və bəylərin ölkəsi). Burada əsas diqqət yetirləsi hissə «(q)az(s)»dır ki, o da, türk amili ilə bağlıdır. Bunu Qaf-qaz, Kaz-ar (Xəzər), Kaspi (Kas(z)lar), Q(k)az-ax və başqa anlayışlarla yaxınlıq da göstərir. Faktiki olaraq erkən orta əsrlərdə meydana çıxan Azərbaycan anlayışı qədim türklərin böyük bir qolunu təşkil edən (k-q)azlarla bağlı olmuşdur. Fikrimizcə, Azərbaycan anlayışının tamamilə açılmasında Qafqaz, Xəzər, Kaspi, Qazax və s. istilahlar mühüm yer tutur.