Kür çayında suyun səviyyəsində qeyd alınan artım, əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə qurumun tabeliyindəki Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.
Vəziyyətin xidmət tərəfindən daim nəzarətdə saxlanıldığı, eyni zamanda, su təminatının alternativ mənbələr vasitəsilə davam etdirildiyi və suyun səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsinin planlaşdırıldığı bildirilib.
"Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər.Bu barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək",-deyə qurumdan deyilib.