Modern.az

Valideynlər uşaqlarını niyə döyür? 

Valideynlər uşaqlarını niyə döyür? 

Ölkə

Bu gün, 11:52

Son vaxtlar uşaqlara qarşı fiziki zorakılıq halları daha çox müzakirə olunmağa başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülər, məktəblərdə və ailədaxili mühitdə baş verən hadisələr bu problemin düşündüyümüzdən daha geniş yayıldığını göstərir. Mütəxəssislər hesab edir ki, bu, təkcə fərdi deyil, həm də sosial və psixoloji kökləri olan ciddi bir problemdir. 

Modern.az xəbər verir ki, problemin getdikcə daha qabarıq hal alması müxtəlif səbəblərlə bağlıdır. Əsas səbəb bəzi valideynlərin tərbiyə üsulu kimi hələ də fiziki cəzanı “normal” qəbul etməsidir. Halbuki müasir yanaşmalar bunun uşağın psixoloji inkişafına ciddi zərər vurduğunu açıq şəkildə ortaya qoyur. Artan stress, iqtisadi çətinliklər və ailədaxili gərginlik də bu davranışların çoxalmasına təsir edən əsas amillər sırasındadır. 

Buna səbəb nədir? 

Psixoloq Vüsalə Rüstəm Modern.az-a bildirib ki, valideynlərin uşaqlara qarşı aqressiv davranışının arxasında bir neçə mühüm faktor dayanır:

“İlk növbədə, valideynin öz uşaqlıq travmaları, yəni onun da zorakılıq görərək böyüməsi bu davranışı “normal” kimi qəbul etməsinə səbəb olur. Digər tərəfdən, emosiyaları idarə edə bilməmək, səbirsizlik, psixoloji gərginlik və düzgün tərbiyə metodları barədə məlumatsızlıq da mühüm rol oynayır”. 


Vüsalə Rüstəm qeyd edib ki, fiziki cəza uşağı tərbiyə etmir, əksinə, onun daxilində qorxu, aqressiya və özünə inamsızlıq yaradır:

“Valideyn anlamalıdır ki, uşaqla ünsiyyət və izah yolu daha effektivdir. Döyülən uşaq problemi anlamaq əvəzinə, sadəcə, cəzadan qaçmağı öyrənir. Valideynlərin uşağı davamlı olaraq zorakılığa məruz qoyması çox zaman sosial problemlərdən qaynaqlanır. Övladına qarşı zor tətbiq edən adamların çoxu öz valideynlərinin evində yaşayır. Bu adamların əksəriyyətinin maddi vəziyyəti ürəkaçan olmur, demək olar ki, uşağın heç bir istəyini həyata keçirə bilmir, onlara vaxt ayırmır. Valideyn cəza verir, nənə, baba haqlı, ya da haqsız ona mane olur. Evdəki sosial-psixoloji vəziyyət gərginləşir. Nəticədə belə mühit uşağı əsəbi, dalaşqan, adamayovuşmaz edir. Dərsləri zəif oxuyur, müəllimlərə tabe olmur, ona verilən hər bir öyüdü özünə qarşı təhlükə hesab edib daha da aqressivləşir. Nəzarətdən kənar qalan belə uşaqlar cinayətə meylli olur, sürətlə tənhalaşır. Ya da müxtəlif risk qrupuna aid olan uşaqlarla dostlaşır. Belə uşaqlarla fərdi və ya qrup şəklində işlər aparılmalı, uzun və qısamüddətli psixoloq, müəllim, valideyn nəzarəti olmalıdır. Çox zaman valideyn problemin özündən qaynaqlandığını anlamır. Uşağa kömək etmək istəyən insanlara qarşı qəzəb nümayiş etdirir. Valideynlər bilməlidir ki, travma alan uşaqların çoxu emosional bacarıqlardan məhrum olur. Nəticədə uşaq öz həmyaşıdları ilə sağlam ünsiyyət qura bilmir”. 

Psixoloq vurğulayıb ki, sağlam cəmiyyət üçün valideynlərin maarifləndirilməsi və alternativ tərbiyə üsullarının təşviqi vacibdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!