Bu yaxınlarda hökumətimiz yas mərasimlərində verilən ehsanlarla əlaqədar bəzi məhdudiyyətlər tətbiq edib. Sağlamlıq problemləri ilə dərindən məşqul olan bir ziyalı, öz xalqını sağlam, müdrik və güclü görmək istəyən vətəndaş kimi, nəhayət, 30 il 8 ağır xəstəlikdən əzab çəkdikdən sonra özünü davasız-dərmansız sağaldan keçmiş xəstə kimi, o qərara münasibət bildirməyi özümə borc saydım.
Qidanın insan taleində oynadığı müstəsna və aparıcı rolu (Hippokrat deyirdi: “Biz nə yeyiriksə, oyuq”), bu gün ölkəni çirkab seli kimi basmış ölü və yararsız qidaların sağlamlığa vurduğu ağır zərbənin miqyasını nəzərə alaraq, hökumətin qida məsələlərinə, hər hansı formada qarışması, əlbəttə təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, millətimiz süfrənin zəngin olmasını az qala, mədəniyyatin əsas göstəricisi kimi qiymətlindirir, öz “zəngin süfrəsi” ilə həmişə fəxr edir, bizdə qarınqulu və şənbaz insanların sayı başqa millətlərə nisbətən daha çoxdur, belə bir bir qərarın zərurət üzündən qəbul edilməsi aydın olur.
Lakin qəbul olunmuş qərarla bağlı üç vacib məqama toxunmaq lazım bildim.
Birinci məqam: sağlam qidalanma qaydaları təkcə yas mərasimlərində pozulmur, bundan da ağır formada toylarda, bayramlarda, ad günlərində, hətta, adi günlərdə müntəzəm baş verir. Varlı adamların “zəngin” menyüsü da, kasıbların bəsit süfrəsi də cansağlığına deyil, YIRTICI BİZNESİN maraqlarına xidmət edir. Belə menyü bir yandan qanı zəhərləyir, hüceyrələri kütləvi şəkildə qırır, orqanizmin müqavimətini və immun sistemini zəyiflədir, ağır xəstəliklər törədir, insan ömrünü gödəldir, o biri yandan da gətirib güclü israfçılığa çıxarır, ailə büdcəsinə, ölkənin iqtisadiyyatına ağır zərbə vurur, dövləti “əhalinin artan tələbatını” ödəmək üçün “əlavə tədbirlər” görmək zərurəti qarşısında qoyur.
İkinci məqam: taleyüklü qidalanma probleminə kompleks şəkildə yanaşmaq fayda verə bilər.
Üçüncü məqam: təkcə qadağanlarla sağlam süfrə yaratmaq mümkün deyil. Yola saldığımız 20-ci əsr ərzində elə bir çətin problem olmayıb ki, bəşəriyyət onu qadağanların, cərimələrin, zindanların, dar ağacının hesabına həll etmiş olsun. Elə nümunə üçün götürək bu gün insnaların daxili orqanlarını darmadağın edən papiros problemini. Bir zamanlar tütündən hər hansa formada istifadə etməyə bütün ölkələrdə yasaq qoyulmuşdu. Rusiya daha sərt tədbirlərə əl atırdı: ölkəyə qaçaqmalçılıq yolu ilə tütün gətirən dənizçiləri ya ömürlük Sibirə sürgün edirdi, ya da hamının gözü qabağında edam edirdi. Bəs nəticəsi necə oldu? Bu gün bütün ölkələrdə olduğu kimi, Rusiyada da papiros azad satılır, indi zəhərli tüstünü “güclü” cinslə bərabər “zəif” cinsin nümayəndələri də çəkinmədən ciyərlərinə doldurur və öz qanını zəhərləyir. Belə nümunələr çoxdur və onlar sübut edir ki, zor tətbiq etməklə, qadağa qoymaqla insanları pis vərdişlərin qanlı caynağından qopartmaq qeyri-mümkündür. Biri digərinin törəməsi üçün platformaya çevrilən hər hansı pis vərdişi yalnız bir yolla – güclü hüquqi bazası olan maarifləndirmə yolu ilə dəf etmək mümkündür.
Heç təsadüfi deyil ki, dünyanın ən qeyrətli, ən humanist və ən möhnətkeş ziyalısı saydığım Həsən bəy Zərdabi canından da artıq sevditi doğma xalqının gözünü açmaq, onu cəhalət bataqlığından dartıb çıxartmaq üçün məhz maarifləndirmə yolunu tutmuşdu. Böyük maarifpərvər alim ölən gündən onun başladığı xeyirxah iş də yarımçıq qalıb. Bu gün nə ailələrdə, nə təhsil ocaqlarında, nə də əmək kollektivlərində maarifləndirmə işi gedir. YIRTICI BIZNESIN əlinə baxan kütləvi informasiya vasitələri isə bir loxma çörək qazanmaq naminə, insan orqanizmi üçün yabançı olan kolbasanı, digər ölü qidaları və zəhərli dərmanları, eləcə də pis vərdişləri reklam etməklə məşquldur. Onların səpdiyi və mütəmadi suvardığı pis vərdişlər kütləvi şəkildə cücərir, dərin qatlara kök atır və şaxələnir. Başqa sözlə desək, ölkəmizdə çarəsiz dərdlərin və onların alıb apardığı qurbanların, dünyaya xəstə, şikəst və ölü gələn uşaqların, döşü südsüz gənc anaların sayı ilbəil və katostrofik sürətlə artır. Bu bəlanın əsas səbəbi səhiyyə mədəniyyətinin, ələlxüsus da qida mədəniyyətinin aşağı olmasıdır. Bütün bəlalardan yalnız bir yolla qurtara bilərik – davamlı maarifləndirmə işi aparmaqla!
Problemin kökünü isə kənarda, “hardasa orda” axtarmaq lazım deyil, o, hər birimizin öz içindədir. Hər kəs özündən və öz ailəsindən başlamalıdır. Dövlətin üstünə düşən əsas vəzifə – səmərəli maarifləndirmə işi aparmaq üçün münbit şərait və möhkəm hüquqi baza yaratmaqdır. Kütləvi informasiya vasitələri üçün elə şərait yaradılmalıdır ki, onlar kolbasanı və antibiotikləri deyil, şəfa mənbəi olan BITKI SƏTƏNƏTINI təbliğ və reklam etsin.
Çox təəssüf ki, bu gün əksər iş adamları pulu yalnız bir yolla - əhalini ölü qidalarla və dərmanlarla zəhərləmək hesabına qazanmağa üstünlük verirlər. Ona görə də zəhərli kolbasanın sponsoru var, saxta dərmanları sponsoru var, pis vərdişlərin sponsoru var, amma vitaminlərlə zəngin olan meyvələrin və tərəvəzlərin sponsoru yoxdur. Bundan hamı, o cümlədən, qanı zəhərləmək hesabına pul qazanan varlılar da əzab çəkir. Özü də imkanlı adamlar daha çox əzab çəkirlər. Çünki onların süfrəsi daha “zəngin”, özlərini zəhərləmək imkanı isə daha geniş olur. “Zəngin” süfrə bütün bəşəriyyətin faciəsidir! Özü də böyük faciəsidir.
Ərşad Əzimzadə,
“Ana Təbiət” Natural Gigiyena mərkəzinin
rəhbəri, yazıçı-publisist