Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçeli bildirib ki, Türk dünyasının Qərblə Şərq arasında strateji əlaqəsini təmin edən Zəngəzur dəhlizi üzərində diqqətlə dayanmaq lazımdır.
Modern.az xəbər verir ki, Devlet Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı bildirib:
“Zəngəzur dəhlizi dedik, amma artıq adını düzgün qoyaq, bu xətt Turan dəhlizidir”.
Bahçeli sözlərinə belə davam edib:
“Zəngəzur Naxçıvanın vətəni Azərbaycanla əlaqəsini gücləndirəcək və Türkiyəni qardaş ölkəsi Azərbaycan vasitəsilə Xəzər dənizinə, Xəzər dənizinin o tayından isə Türküstana bağlayacaq tarixi bir keçiddir. Zəngəzur Naxçıvanın Azərbaycanla yenidən birləşməsidir. Bu, bütün Türk dünyasına yayılan strateji bir iqlim kimi “iki dövlət, bir millət” şüurunun reallaşmasıdır. Biz “Zəngəzur” dedik, amma indi onu öz adı ilə çağıraq; bu xətt Turan dəhlizidir. Turandəhlizi Qarsdan Türküstan çöllərinə qədər uzanan gələcəyə açılan tarixi və mədəni bir qapıdır”.
“Qlobal ticarət yollarının yenidən formalaşdığı, şimal marşrutunun müharibələr və sanksiyalar səbəbindən kövrəkləşdiyi və cənub dəniz yollarının Hörmüz boğazından Qırmızı dənizə qədər böhranların girovuna çevrildiyi bir dövrdə Turan dəhlizinin açılması bölgəmiz və Türkiyə üçün strateji bir fürsətdir. Bu marşrut Türkiyənin və bölgəmizin ixrac marşrutlarını şaxələndirəcək və ölkəmizin logistika imkanlarını artıracaq. Turan dəhlizi Türk və Türkiyə əsrinin strateji açarıdır”, - Devlet Bahçeli əlavə edib.
Xatırladaq ki, 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. İki lider burada bir saziş imzalayıb və həmin saziş Zəngəzur dəhlizi layihəsini də əhatə edib.
Layihə beynəlxalq arenada “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı ilə tanınır.