Modern.az

Nuru paşa ilə bağlı bilmədikləriniz - “Özünün silah fabriki partlayan zaman onun cəsədinin tikəsi də tapılmadı” - MÜSAHİBƏ

Nuru paşa ilə bağlı bilmədikləriniz - “Özünün silah fabriki partlayan zaman onun cəsədinin tikəsi də tapılmadı” - MÜSAHİBƏ

Ölkə

7 Noyabr 2014, 15:42

Akif Aşırlı: “Almanlarla danışıqlar Məhəmməd Əmini qane etmədi və o, danışıqlardan çəkildi, ardınca da Nuru paşa”

Modern.az saytıAzərbaycanda müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Killigil ilə bağlı silsilə araşdırmaları davam etdirir. Bu dəfə jurnalistika tarixi üzrə araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Nuru paşanın həyatı barədə maraqlı faktlardan danışıb:

- Arxiv sənədlərində, bir də şəxsi dosyesində onun adı Mustafa Nuru kimi qeyd olunur. Amma hamı onu Nuru paşa kimi tanıyır. O, 1890-cı ildə anadan olub. Azərbaycan tarixşünaslığında səhv olaraq Nuru paşanın Ənvər paşanın ögey qardaşı olması göstərilib. Amma əslində ailədə 5 övlad olublar. Nuru Ənvərin balaca qardaşı idi. İstanbulda böyüyüb və orada ilk hərbi təhsilini alıb. Ümumiyyətlə,  Nuru paşanın mənsub olduğu ailə hərbçilər ailəsi olub. Atası Əhməd bəy tüccarlıqla məşğul olub, beş övlad saxlayıb. Ancaq Ənvər, Nuru və onların əmisi Xəlil paşa hərbçi oldular. Xəlil paşa Şərq ordusunun qrup komandanı idi. Sonradan Azərbaycanın həm müstəqilliyinin qazanmasında, həm də bolşeviklərə təhvil verilməsində onun rolu olub. Hərbi həyatı ziddiyyətlərlə dolu olub.
Ailədə ilk hərbi təhsili Ənvər, ondan sonra isə Nuru alıb. Nurunun ilk hərbçi addımları  Trablisqərbdən keçib. Afirika ordusu qrup komandanı idi. Orada italyan və ingilislərlə çox uzun və gərgin döyüşlər aparıb, vuruşub və orada yüzbaşı rütbəsinə qədər yüksəlib. Onun hərbi həyatının ilk illəri I Dünya Müharibəsinə təsadüf edir. Daha sonra minbaşı rütbəsinə yüksələn Nuru paşanı İstanbula, sultanın şəxsi mühafizə heyətinə dəvət edirlər. Onun hərbdə belə çevik yüksəlməsinin səbəbi qardaşı Ənvər paşanın Türkiyədə hərbiyyə naziri olması idi. Amma Nuru paşa bir müddətdən sonra yenə Trablisqərbə ezam olunur. Çünki o, yerli əhalini, oradakı vəziyyəti çox gözəl bilirdi. Elə bu səbəbdən  də onu ora ezam edirlər.

- Bəs Nuru paşanı uzaq Trablisqərbdən Qafqazlara, Azərbaycana gətirən nə oldu?

-  1917-ci illər hadisələri başlayandan, bolşeviklər çevriliş edəndən sonra Türkiyə tərəfdən Güney Qafqaza diqqət artdı.  Diqqətin artmasının əsas səbəbi bundan ibarət idi ki, “İttihadi tərəqqiçi”lər Turana gedən yolun Azərbaycandan keçdiyinin fərqinə varmışdılar. Azərbaycan  Orta Asiyada turançılıq ideyalarının yayılmasının ən yaxşı strateji məkanı idi. Həmçinin də bu zaman Azərbaycanın özündə də milli hərəkat formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli,  Əlimərdan bəy Topçubaşov, Nağı bəy Şeyxzamanlı və başqaları da Azərbaycanın müstəqilliyinin bərpasında Türkiyə amilindən yararlanmağı düşünürdülər. Onlar bu işin əsas ideoloqları idilər. “İttihaqi tərəqqiçi”lərin proqramında Qafqaza diqqət ayrılmasına və turançılıq ideyasının o istiqamətdən yayılmasına xüsusi önəm verilirdi. Bu məsələ hələ 1914-15-ci illərdə Ənvər paşanın planlarında var idi. 1918-ci illərdə 31 mart soyqırımı törədiləndən və Zaqafqaziya Seyminin dağılıb Azərbaycanın,  Gürcüstanın müstəqilliyə çatmasından sonra arxalana biləcəyimiz yeganə qüvvə Türkiyə idi.
Məsələn, gürcülər Almaniya ilə ittifaqda idilər. Ermənilər də həmişəki kimi həm Rusiya, həm də İngiltərəyə yalmanırdılar, vahid siyasətləri yox idi. Azərbaycanın xoşbəxtliyi bu idi ki, həm din, həm də qan qardaşı olan türklərə yaxın idi. Türkiyə də həqiqətən Azərbaycanda müstəqil dövlət qurulmasının marağında idi. Burada həm Bakının neft ehtiyatları, həm də başqa maraqları var.  Bakı neftinə Böyük Britaniyanın, Sovet Rusiyasının, Almaniyanın da marağı var idi. Məhz bu faktora görə, Azərbaycanın müstəqilliyi böyük qanlar bahasına başa gəldi. Amma Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində  türklərlə Azərbaycanın milli qüvvələrinin fikri üst-üstə düşürdü.

- Və Bakını əsarətdən xilas edən Qafqaz İslam Ordusu da bu zərurətdən yarandı?

- Qafqaz İslam Ordusunun formalaşma zərurəti bax belə doğdu. Çünki bizim hərbi qüvvə və ehtiyatımız o qədər də böyük deyildi. Onda Qafqaz İslam Ordusu formalaşanda Ənvər paşa əvvəlcə istədi ki, orduya Kazım Qarabəkir paşanı gətirsin. Kazım Qarabəkir də Anadolunun   Şərq əraziləri ətrafında döyüşlərdə iştirak edirdi. O zaman Ərzurumun, Qarsın işğaldan azad olunma proqramını həyata keçirirdi. Bu səbəbdən də Kazım Qarabəkir paşa ordu komandanlığına razı olmadı. Nağı bəy Şeyxzamanlı və Nuru paşanın özünün də xatirələrində bu var ki, Ənvər paşa qardaşını Trablisqərbdən dəvət edir və bildirir ki, Qafqaz İslam Ordusunun komandanı olacaq. Bu zaman Nuru paşanın 29 yaşı var idi.

- Nuru paşanın şəxsiyyəti və xarakteri barədə nələri demək olar?

- Unikal bir şəxsiyyət idi. Dünyada türk zabitləri haqqında yanlış təsəvvür yaradıblar ki, guya bunların intellekti zəngin olmayıb. Amma Nuru paşa alman və fransız dillərini mükəmməl bilirdi. Bunlarla bərabər, çox gözəl rəsm çəkirdi. Gəncədə olarkən Göygölün şəklini çəkmişdi. O həm də sənətə sevgisi olan nəcib bir insan idi. Nuru paşa ziyalı bir insan idi. Onun ziyalılığı bundan ibarət idi ki, Azərbaycanda olanda Türkiyədən xeyli qəzetçilər bura gəlmişdi. Qəzetçi Rövşən Əşrəf bəy gəlib ortaq türk dili mövzusunda çıxışlar edirdi. Azərbaycan ziyalılarından Firidun bəy Köçərli, Nəcəf bəy Vəzirov da bu cəbhədə birləşirdilər. Nuru paşanın Bakıda olduğu bir zamanda türk gecələri keçirilirdi. Nuru paşanın fikir ayrı-seçkiliyi yaşayan ziyalıların barışmasında da böyük rolu olub. Ziyalılarla dostluq edirdi. Məsələn, Cəfər Cabbarlıya saat bağışlamışdı. Bildiyim qədər, indi o saat Cəfər Cabbarlının ev muzeyində saxlanılır. Salman Mümtazla yaxın dost idi. Onun əməyinin nəticəsi idi ki, Azərbaycanda müstəqil ordu formalaşdı, Gəncədə və Bakıda hərbi məktəblər təsis edildi.

- Nuru paşa Azərbaycana gələndə onu hansı sınaqlar qarşıladı?

- 29 yaşında onu Qafqaz İslam Ordusuna komandan təyin edəndə əvvəlcə Mosula, oradan, Təbrizə, sonra Qarabağa, oradan da Yevlaxa gəldi. Burada onun təntənəli qarşılanma mərasimi oldu. 230 nəfərlik bir heyətlə Yevlaxdan Gəncəyə gəldi. Gəncədə də xalq onu çox gözəl qarşıladı. Amma ora gələnə qədər Azərbaycandakı vəziyyət  haqqında kifayət qədər məlumatı var idi. Çünki Nağı bəy Şeyxzamanlı və Ömər Faiq Nemanzadə Türkiyədə ölkənin vəziyyəti, bolşeviklər hərəkatı, mart soyqırımı barədə ona məlumat vermişdilər.
Nuru paşa öz ordu qərargahını Gəncədə yaratdı. Onun ilk əməliyyatı Gəncədə ermənilərə qarşı oldu. Çünki Gəncənin bir hissəsində, Gəncə çayının Qərb tərəfində ermənilər silahlı birləşmə yaradıb Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina edirdilər. İlk əməliyyat iyunun 11-də oldu. Nuru paşanın ətrafında kifayət qədər tanınmış  azərbaycanlılar var idi. Əhməd bəy Ağaoğlu onun siyasi müşaviri idi. “İttihadi tərəqqi”ni quranlardan və onun ideologiyasını əsas dəstəkləyənlərdən biri idi. Əhməd bəy Ağaoğlu Nuru paşaya da məhz bu istiqamətə uyğun  siyasi müşavir kimi bəzi məsləhətlərini verirdi.
Nuru paşa ilk dəfə silahlı erməni dəstələri ilə danışıqlar apardı. Onlara bildirmişdi ki, “silahı təhvil verib, Azərbaycan Xalq Cümhuriyyətini tanıyın. Tanıdıqdan sonra sizin canınız, mülkünüzə təhlükəsizlik qarantiyası verirəm”.
Ermənilər bunu qəbul etməyəndən sonra onlara qarşı hərbi əməliyyat keçirildi. Sonra da bir sıra əməliyyatlar oldu. Ən böyük əməliyyat Göyçay ətrafında gedən əməliyyat idi ki, Bakının da azad olunmasına məhz bu hadisə təkan verdi. Nuru paşa əməliyyatı çox uğurla həyata keçirdi. Çünki hərbi  taktikanı çox gözəl bilirdi, həm də onun digər üstün cəhəti ətrafındakılarla ciddi diskussiyalar, müzakirələr aparıb, sonra yekun qərarı vermək idi. Nuru paşanın digər uğuru onda idi ki, xalqla çox gözəl ünsiyyət qururdu. “Hümmət” qəzetində yazılıb ki, Nuru paşa Gəncəyə gələndə onun gəlişi ilə bağlı yollara xalçalar döşənmişdi. Bu zaman bolşeviklər də artıq Gəncəyə tərəf gəlirdilər. Gəncə milli mərkəz kimi qorunurdu. Belə bir vaxtda Nuru paşa insanları inandırırdı. İnsanlarla çox yaxşı ünsiyyəti alınırdı. Eyni dildə danışır, eyni dini inanca tapınırdılar. Nuru paşanın həyatını 6 ayı Azərbaycanla bağlı olub.

Qafqaz İslam Ordusu Azərbaycan tarixi üçün nə demək idi?

- Qafqaz İslam Ordusu ikili tabeliyə malik idi. Nuru paşa həm Azərbaycan Xalq Cumhuriyyətinə, həm də Türkiyəyə tabe idi. Çünki Qafqaz İslam Ordusu yeganə tarixi faktdır ki, burada Türkiyə ilə Azərbaycanın hərbi birlik modeli qorunur. Qafqaz İslam Ordusunda həm peşəkar hərbçilər, həm də könüllülər iştirak edirdi. Struktur bu cür idi. Qısa bir müddətdə Gəncədə Nuru paşa ilə Azərbaycan Milli Şurasının üzvləri arasında qarşıdurma yarandı. Məhəmməd Əmin Rəsulzadə, Xoyski, Yusifbəyli, Aslan bəy Səfikürdski Nuru paşanı təbrik etmək üçün onun qərargahına getmişdi. Amma Nuru paşa bunları qəbul etməmişdi. Demişdi ki, “mən siyasi işlərlə məşğul deyiləm. Mən hərbçiyəm nə siyasi məsələlər varsa, siyasi müşavirim Əhməd bəylə məsləhətləşin”. Bu Azərbaycan tarixşünaslığında “16 iyun böhranı” adlanan hərəkat kimi qaldı. Siyasi bir böhran idi. Ordunun Göyçay ətrafındakı  birinci uğursuzluğunun da səbəbi bu idi. O zaman bolşeviklərin irəliləməsinin, ordunun isə ağır itkilərlə üzləşməsinin kökündə ordu rəhbərliyi ilə AXC rəhbərliyinin arasındakı fikir ixtilafları idi.

- Bu fikir ixtilafı hansı səbəbdən yaranmışdı?

- Bu fikir ixtilafının da yaranma səbəbi ondan ibarətdir ki, Nuru paşanın ətrafında “ilhaqçılar”  deyilən zümrə var idi ki, onlar Azərbaycanın müstəqliiyini görmək istəmirdilər. Kim idi bunlar? Qarabəy Qarabəyov, İsa bəy Aşurbəyov, Yusif Ziya Talıbzadə və başqaları... Onlar istəyirdilər ki, Azərbaycanı Türkiyə dövlətinin bir tərkib hissəsi kimi görsünlər. Yəni Azərbaycan Türkiyəyə ilhaq olunsun. Nuru paşa da siyasi baxımdan məsələlərə məhdud müdaxilə etdiyindən onlara inanmışdı. Türkiyə siyasi dairələrinin isə marağı o idi ki, Azərbaycan öz müstəqilliyini qazansın və Rusiya ilə Türkiyə arasında ortada dayanan bir dövlət olsun, bu dövlətin tranzit qapısı kimi hər zaman əhəmiyyəti qorunsun. Bax bu səbəbdən Azərbaycanda belə bir ziddiyət yarandı. Bu ziddiyət - “16 iyun böhranı” sonradan aradan qaldırıldı. Sonradan Göyçay ətrafındakı döyüşdə yerli əhalinin iştirakı təmin edildi. Qeyd edim ki, Bakının işğaldan azad olunmasında 6 min azərbaycanlı hərbçi və könüllü dəstə, 8 min türk əsgər və zabiti iştirak edib. Nuru paşanın ən yaxın dostlarından biri hərbi fikirdaşı Əliağa Şıxlinski idi.

- Nuru paşanın Bakını xilas etməsindən sonrakı Azərbaycanın həyatından danışaq... Nə üçün o, kifayət qədər lazımlı bir şəxs olduğunu bilə-bilə Azərbaycanda qalmadı?

- 1918-ci ilin 15 sentyabrında Bakının azad olunmasından sonra Nuru paşa oktyabrın 1-dən sonlarına qədər Qarabağda hərbi əməliyyat keçirdi. O əməliyyat nəticəsdində erməni silahlı dəstələrinin - Andranikin, Dronun qrupları tərk-silah edildi və Azərbaycanın şimalı tamamilə erməni silahlılarından təmizləndi. Qarabağ bir ay müddətində işğaldan azad edildi. Daha sonra “Mudros barışığı”na görə ordu geri çəkilməli oldu. Azərbaycandakı türk qoşunları da məcburi şəkildə geri çəkildi. Çünki barışığın şərtlərinə görə, Qafqaz ərazisində türk qoşunları olmamalı idi.

Nuru paşa noyabr ayına qədər Bakıda qaldı. Sonradan Tomson bəyanat verdi ki, Nuru paşa Bakını tərk etməlidi. Əslində paşa Bakıda qalmaq istəyirdi. Hətta Azərbaycan hökuməti ilə də müqavilə imzalamışdı. Müqaviləyə görə o, Azərbaycanda ordu komandanı kimi fəaliyyət göstərəcəkdi. Amma çox təəssüf ki, müttəfiq qoşunlar komandanı kimi Bakıya gələn Tomson bunu qəbul etmədi.

Müqavilədə qeyd olunurdu ki, burada qalacaq türk əsgər və zabitlərinin rütbələri qaldırılacaq və onlara ikiqat maaş veriləcək. Lakin bu da baş tutmadı. Nuru paşa da ordusunu geri çəkməli oldu. Əvvəlcə, Gəncəyə getdi, orada onun şərəfinə böyük ziyafət verildi. Bundan da əvvəl Bakıda şərəfinə böyük ziyafət verilmişdi. 450 nəfərin iştirak etdiyi ziyafətdə Məhəmməd Əmin də çıxış edib, öz ürək sözlərini demişdi. Daha sonra Gəncədən təmtəraqla yola salınaraq Batum yolu ilə Türkiyəyə getdi. Türkiyəyə gedəndən sonra, 1919-cu ilin yanvar ayında ingilislər Nuru paşanı həbs etdilər. Onu həbs edəndən sonra yenidən mühakimə etmək ücün Batuma gətirdilər.

- Niyə  həbs etdilər?

- Bunu əsas gətirirdilər ki, guya, 15 sentyabr 1918-ci il tarixində Bakını azad edən zaman Nuru paşa orada “erməni qətliamı” törədib. Onunla bərabər, Əhməd bəy Ağaoğlunu da həbs etdilər. Əhməd bəyi Maltaya sürgün etdilər, Nuru paşanı isə mühakimə üçün Batuma gətirdilər. Orada bir neçə ay həbsdə qaldı. O zaman Qarabəyov “İttihad” qəzetində yazmışdı ki, Nuru paşa  Bakıda olanda bir erməninin belə, burnu qanamadı. Sonra əlavə edirdi ki, Nuru paşanın həbsi bütün Qafqaz müsəlmanlarının təhqiri deməkdir. O zaman AXC liderləri plan hazırladılar. Batumda həbsxana ətrafında olan kəndlilərin bir qrupuna pul verib, onlardan silahlı dəstə yaratdılar. Plan da o idi ki, Nuru paşanı gün ərzində gəzməyə çıxaran gözətçilərə hücum edib,  onu qaçırsınlar. Bu plan baş tutdu. Gözətçiləri öldürərək, Nuru paşanı qaçırdılar. Amma paşanı bundan əvvəl danışıq yolu ilə azad etməyə cəhd göstərmişdilər. O zaman ingilislər belə cavab vermişdi ki, yalnız Bakıda və Gəncədə yaşayan ermənilərdən onlara qarşı qırğının olmaması ilə bağlı məktub alandan sonra Nuru paşanı azad edəcəklər. Ermənilər də bu məktubu yazmadılar.

- Ondan sonrakı taleyi  necə oldu?

- Qaçırılandan sonra Şərq ordularının quru komandanlığına, yəni Kazım Qarabəkir paşanın yanına getdi. Biz Nuru paşanı Azərbaycan tarixinin səhifələrində bir də 1920-ci illərdə görürük . O, həmin vaxt yenidən Azərbaycana gəlir.
Burada haşiyəyə çıxıb onu qeyd edək ki, bəzən deyirlər ki, guya, Atatürklə Ənvər və Nuru paşa arasındakı münasibət o qədər də yaxşı olmayıb. Amma Atatürklə Kazım Qarabəkir paşanın yazışmaları var. Orada deyilir ki, Azərbaycanla əlaqələrin qurulmasında Qafqazı, Azərbaycanı istiqlala qovuşduran Nuru, Ənvər və Xəlil paşadan istifadə etmək lazımdır.
Nuru paşa  Türkiyənin milli istiqlal hərəkatına Azərbaycan Xalq Cumhuriyyətinin maddi dəstəyini təmin edən ilk adam olub. Nəsif bəy Yusifbəyli kabinəsində ayrılan pulların Atatürkə çatdırılmasında Nuru paşanın böyük rolu var. Ortada bu faktı təsdiq edən sənədlər və Kazım paşanın memuarları mövcuddur.

- Amma onun həyatında kiçik də olsa, ziddiyyətli bir mərhələ də olub. Belə ki o, bolşeviklərin mənafeyi üçün də vuruşub...

- Nuru paşanın həyatının Azərbaycanla bağlı hissəsində kiçik bir mərhələ də oldu ki, o da əmisi Xəlil paşanın təkidindən sonra baş verdi. Xəlil paşa Azərbaycanın bolşevikləşdirilməsi və Rusiyanın Türkiyəyə dəstəyi üçün Nuru paşanı da bu mücadiləyə cəlb etdi. Bu fakt olub. Lakin çox qısa zamanda davam edib.  Həyatında kiçik bir məhələdir. Özü də o, Bakıda yox, Dağıstanda bolşeviklərin lehinə mübarizə aparıb. Hətta bir müddət Qafqazın başbuğu da seçilib. Çünki o, bir müddət Dağıstan azadlıq hərəkatına da rəhbərlik etmişdi. Orada ingilislər, ağqvardiyaçılar və Denikinə qarşı vuruşmuşdu. O səbəblərdən bolşeviklərlə yaxın idi. Lakin sonralar bolşeviklərin əsl münasibətini görəndən sonra Nuru paşa onlardan uzaqlaşdı. Nuru paşa sonralar onu da qeyd edirdi ki, “mənim əmim bolşeviklərə kömək etməklə çox böyük səhvə yol verib”.

- Nuru paşanın Azərbaycan üçün vuruşmağının ikinci hissəsi barədə də məlumatlar var...

- 27 aprel aprel faciəsindən sonra mayın 25-də yaranan müqavimət hərəkatları zamanı Azərbaycan üçün bolşeviklərə qarşı vuruşub. Qarabağda müqavimət hərəkatında bolşeviklərə qalib gəlib. Bolşeviklərin hamısını Şuşada həbsə saldırıb və özünü Qarabağın komandanı elan edib. İyun ayının 10-na qədər Qarabağda müqavimət hərəkatını davam etdirib. Lakin sonradan bolşevik ordusunun Qarabağa tərəf sürətlə irəliləməsini eşidib, bir necə gün müqavimət göstərir və müqaviməti dayandırmalı olur. Çünki müqavimət ordusu çox pərakəndə idi. Həmçinin gürcü menşeviklərindən bu orduya gələcək dəstək baş tutmadı. Odur ki, müqavimət ordusu çoxsaylı bolşevik ordusunun qarşısında duruş gətirə bilməzdi. Bunları başa düşən Nuru paşa Zəngəzur yolu ilə İrana keçir. O zaman ona qoşulan Cümhuriyyətin əsgər və zabitləri ilə birlikdə Ərzuruma gedib orada Kazım Qarabəkir paşa ilə bərabər Azərbaycan qolu ordusunun komandanı kimi Qarsın alınmasında iştirak edir. Nuru paşanın komandanlığında 2 mindən cox azərbaycanlı hərbçi və könüllü dəstə Türkiyənin istiqlal savaşında iştirak edib. Bu mübarizə 1923-cü ilə qədər  davam edib.

- Hərbi mücadilələrə xərclənən həyatının son mərhələsində Nuru paşa nə ilə məşğul idi?

- 1924-cü ildə Nuru paşa ordudan istefaya göndərilib. Nuru paşa istefaya göndəriləndən sonra müalicə olunmaq üçün Almaniyaya gedir. Qardaşı Ənvər paşanın həyat yoldaşı Naciyə sultan orada yaşayırdı. Nuru paşa müalicədən sonra istəyir ki, Orta Asiyada mücadilə aparan qardaşı Ənvərin paşanın yanına getsin. Amma Ənvər paşanın qətli bunun qarşısını aldı. Nuru paşa da İstanbula qayıtdı. Orada metal əridən bir müəssisəni satın alıb və silah-sursat fabrikinə çevirib. Zeytunburnunda qurulan bu iş ona yaxşı gəlir gətirib. Yaxşı gəlir əldə edəndən sonra İstanbulun Sütlücə deyilən ərazisində fabrikini genişləndirib, silah-sursat istehsalını artırıb.



- Azərbaycan sevgisinin finalı. Onun Almaniya ilə danışıqlarını məhz bu cür adlandırmaq olar. Nuru paşa Azərbaycana görə almanlardan incidi?
 

- Nuru paşanın Almaniya siyasi və hərbi dairələri arasında çox böyük nüfuzu var idi. Ona çox etibar ediridlər. İkinci Dünya Savaşı başlayanda onu dəvət edib deyirlər ki, sən Qafqazları və Azərbaycanı çox gözəl tanıyırsan.  Orada sovetlərin əleyhinə milli istiqlal savaşlarını başlat və ona rəhbərlik et. Nuru paşa razılaşır və qərara alır ki, müharibədə həbs düşərgəsində olan qafqazlılardan milli müqavimət hərakatı üçün briqada, yaxud, bir korpus yaradılsın. Bu zaman danışıqlara Məhəmməd Əmin Rəsulzadə də cəlb olunur. O, da çıxışlarında sovetlərin zorla Azərbaycanı işğal etməsini qaldırır. Onu da bildirir ki, “siz bizim müstəqlliyimizin yenidən bərpa olunmasına razısınızsa, biz burada iştirak edək, razı deyilsinizsə, biz çəkilirik”. Nuru paşanın vasitəçiliyi ilə Məhəmməd Əminin də iştirak etdiyi danışıqlarda mövqeyi belə idi. Amma almanların mövqeyi fərqli idi. Onlar istəmirdilər ki, kiçik müstəqil dövlətlər yaransın. Yalnız Qafqazın federal şəklində olması və Azərbayaycanı da onun tərkib hissəsi kimi görmək istəyirdilər. Bu Məhəmməd Əmini qane etmir və o danışıqlardan çəkilir. Nuru paşa  da onun ardınca geri dönür.

-  Nuru paşanın müəmmalı ölümü bu gün də hamıya sirr olaraq qalır...

- Onun ölümü də çox müəmmalıdır. 1949-cu ildə naməlum səbəblərdən özünün silah fabriki partlayır. 29 nəfərlə birlikdə Nuru paşa da həlak olur. Onun heç cəsədinin tikəsi də tapılmır. Nuru paşanın məzarı yoxdu.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı