Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: "Düşmən helikopteri "İQLA" ilə məhv edilib" - AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyi: "Düşmən helikopteri "İQLA" ilə məhv edilib" - AÇIQLAMA

Ölkə

13 Noyabr 2014, 16:54

“Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədər yaydığı xəbərlərə cavab olaraq Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur”.
Modern.az-ın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.

Bildirilib ki, həmişə olduğu kimi yenə də Ermənistan tərəfi riyakarlıqdan əl çəkmir və Mi-24 döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır. Halbuki məhv edilən Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

“Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.
Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.
Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.
Beynəlxalq qanunlara zidd olaraq Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xətdində döyüş uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə mövqerlərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən bütün razilaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcək”.

***

Qeyd edək ki, noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyin Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən helikopterinin vurulması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan tərəfinin dəfələrlə Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimizi pozanlara qarşı Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.
Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Eyni zamanda vurğulanıb ki, helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.
Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı