Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub. Belə ki, Balakənin Peçaqar kəndində küçələri və yolları sel suları basıb. Yağıntı nəticəsində kənddaxili yollarda nəqliyyatın hərəkəti çətinləşib. Zaqatalada isə Tala çayının daşması bir sıra problemlər yaradıb.
Modern.az-ın "qaynar xətti"nə daxil olan görüntülərdən məlum olur ki, aylıq normanı bir neçə dəfə üstələyən yağıntılar, sakinlərin həyətyanı təsərrüfatlarına da ciddi ziyan vurub.
İlkin məlumatlara görə, ərazinin relyef və iqlim xüsusiyyətləri, qrunt sularının səthə yaxın yerləşməsi, həmçinin ərazidən keçən çaylarda suyun səviyyəsinin yüksəlməsi yaranmış vəziyyətin aradan qaldırılmasını çətinləşdirən əsas amillər sırasındadır.
Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır, fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.