Modern.az

Polad Həşimovun heç kimin bilmədiyi uşaqlığı - əmisi oğlu ilk dəfə danışdı

Polad Həşimovun heç kimin bilmədiyi uşaqlığı - əmisi oğlu ilk dəfə danışdı

Ölkə

Bu gün, 09:26

Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinə adı qızıl hərflərlə yazılan, xalqın qəlbində əfsanəyə çevrilən general-mayor Polad Həşimovun şəhadətindən 6 il ötür.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən ön xətdə qəhrəmancasına şəhid olub. Qəlblərdə əbədi yaşayan, adı dillərə dastan olan generalın şəhadəti isə təkcə Azərbaycan Ordusu üçün deyil, bütün cəmiyyət, bütün xalq üçün böyük itki, eyni zamanda milli həmrəyliyin və Vətən sevgisinin rəmzinə çevrilib.

Altı il keçsə də, Polad Həşimovun adı çəkiləndə yaddaşlarda cəsur sərkərdə ilə yanaşı, sadəliyi, təvazökarlığı, insanlığı ilə seçilən bir obraz canlanır. Polad Həşimovun uşaqlıq illərini isə ən yaxşı həmin günləri onunla birlikdə yaşamış doğmaları xatırlayır.

Modern.az saytı şəhid generalın əziz xatirəsini anmaq, habelə onun uşaqlıq və gənclik illərinə işıq salmaq üçün əmisioğlu Nəsimi Həşimovla əlaqə saxlayıb və onunla həmsöhbət olub.

Nəsimi bəylə əyani görüşümüz baş tutmasa da, telefonla danışığımız elə ilk dəqiqələrdən məndə bir doğmalıq hissi yaratdı.

“Nə zaman istəsəniz, Qəbələyə gəlin, qonağımız olun. Burada doğma yurdumuzda Poladla uşaqlıq və gənclik illərimizin keçdiyi yerləri sizə canlı-canlı göstərməyə hazıram. Hara olub oylağımız, harada dəcəllik etmişik, baba ocağımız… Nə vaxt gəlsəniz, qonağımızsınız. Bizim evimiz sizin evinizdir”

Söhbət əsnasında da hiss olunurdu ki, Nəsimi bəy gündəlik həyatının içindədir.

“Ot sahəsindəyəm… Təsərrüfatla məşğuluq, işləyirik…”

Ardınca isə xatirələrin qapısı açılır… 

“Heç bilmirəm haradan başlayım, necə bitirim. Danışacaq o qədər xatirə, sözlər var ki… Bizim Poladla uşaqlığımız əsasən yay tətillərində kənddə keçirdi. Məktəb bağlanan kimi hamı kəndə gəlirdi, dərslər başlayanda isə, təxminən avqustun sonlarında şəhərə qayıdırdılar. Bütün bacı-qardaş, əmiuşaqları bir yerdə qalar, baba ocağında toplaşardıq.

Sol tərəfdən birinci Polad Həşimov, bacı-qardaş, əmisi uşaqları ilə birlikdə

Yay tətilimiz demək olar ki, yalnız gəzmək, oynamaqla keçirdi. Evimizin yanında iki çay axırdı. Biri böyük çay idi - Vəndam çayı. Hər gün ora çimməyə gedirdik. Səhər tezdən bir dəfə, sonra evə gəlib nəsə yeyir, günortadan sonra yenidən çaya qayıdırdıq. Düzü, yeməyə də elə çox vaxt ayırmırdıq. Çörəyin arasına nə tapsaq qoyub götürürdük, yenə qaçırdıq çaya.

O biri çay isə evimizin yaxınlığındakı Qaraçay idi. Orada əllə balıq tutardıq. Tutduğumuz balıqları evdən bir az aralıda yerləşən, “Molla bulağı” dediyimiz yerə aparardıq. Evdən tava götürər, pomidor, kartof da aparardıq. Balığı orada qızardıb bulağın kənarında yeyərdik”.

Nəsimi bəyin sözlərinə görə, Polad Həşimov hələ uşaqlıqdan təbiət vurğunu idi…

“Evimizin yanında hündür bir dağ var idi. Demək olar ki, həmişə ora çıxardıq. Səhər gedər, axşam qayıdardıq. Dağda oynayardıq, gəzərdik, zoğal yığardıq, müxtəlif bitkilər toplayardıq. Beləcə uşaqlığımızın ən şirin çağları ötüb-keçərdi…

Polad Həşimov əmisioğlu Füzuli Həşimovla ( Nəsimi Həşimovun qardaşı)

Müsahibimiz deyir ki, uşaqlıq oyunlarının da öz rəngi, özünəxas qaydaları olub:

“Ən çox “dava-dava” oyunu oynayardıq. Xüsusilə axşamlar… Elə bil bütün oyunumuz döyüş oyunu idi. Gecə saat 11-12-yə qədər həyətdə oynayardıq. Axırda babamız gəlib bizi məcbur dağılışdırardı ki, gecədir, səs-küy salmayın.

Hətta xatırlayıram ki, bir bitkidən özümüzə medal da düzəldirdik. Biz ona “pıtraq” deyirdik. Yumşaq bitki idi, paltara da yapışırdı. Ondan çoxlu “medallar” hazırlayardıq. Özümüzə ox-yay da düzəltmişdik. Hər şeyimizi özümüz hazırlayırdıq”.

Mənim üçün bunları danışmaq da çətindir…”

“Polad uşaqlıqdan idmanı çox sevirdi. Həmişə qaçdı-tutdu oynayardıq. Bağımız var idi, orada da çox vaxt keçirirdik. Hətta fotoaparatı da var idi. Şəkil çəkməyi çox sevirdi.

Mənimlə bir uşaqlıq şəkli var. Bağımızdakı böyük şabalıd ağacının yanında çəkdirmişik. Şəkillər çox idi, amma illər keçdikcə hərəsi bir yana dağıldı. İndi onlardan çox az qismi qalıb”.

Polad Həşimov və əmisoğlu Nəsimi Həşimov

İllər keçdikcə Polad Həşimovla əmisi oğlu Nəsimi bəyin yolları da ayrılır…

“Sonra yollarımız ayrıldı. Mən Rusiyada hərbi xidmətə getdim, Polad isə hərbi məktəbdə təhsil almağa başladı. Ondan sonra əvvəlki kimi tez-tez görüşə bilmədik. Ancaq kənddə toy olanda, yaxud ailədə yas düşəndə görüşürdük. Atam rəhmətə gedəndə, babam rəhmətə gedəndə, eləcə də Poladın atası vəfat edəndə görüşmüşdük. Sonrakı illərdə görüşlərimiz əsasən toy və yas məclislərində olurdu.

Onun hərbidə xidmət etdiyi dövrdə telefonla danışmaq da çətin idi. Mənə həmişə deyirdi ki, “Sözün olanda mənə mesaj yaz. Evə gələndə oxuyaram”. Əsasən mesaj vasitəsilə əlaqə saxlayırdıq”.

Nəsimi bəyin sözlərinə görə, illər keçsə də, əmisioğlu ilə münasibətləri həmişə uşaqlıq illərində olduğu kimi səmimi qalıb.

O deyir ki, bu gün ən böyük təəssüfü isə Polad Həşimovun övladlarının ən xoş günlərini görə bilməməsidir:

“Çox istərdim ki, bu günləri də görəydi. Övladlarının ali məktəbə qəbul sevincini, onların xoş günlərini, toylarını öz gözləri ilə görəydi. Bu, onun da ən böyük arzularından idi. Allah-Təala övladlarının bütün xeyir işlərini mübarək etsin. Mənə də qismət etsin ki, onların toylarında iştirak edim”.

Onun yaddaşında qalan son görüş də illər keçsə də, olduğu kimi yaşayır.

“Sonuncu dəfə onunla bir toyda görüşmüşdük. Toydan çıxıb Qəbələdə bir çay evində oturduq. Gecə saat 12 radələri idi. Xeyli keçmişdən danışdıq. Hansı mövzudan danışsaq da, həmişə gülümsəyərək cavab verirdi. O gülüşü, o səsi indi də qulağımdadır.”

Nəsimi bəyin əmisioğlu ilə bağlı heç vaxt unuda bilmədiyi başqa bir xatirə də var.

“Bir hadisə var ki, indiyə qədər yadımdan çıxmır. Müharibənin başlandığı gecə Polad yuxuma girdi. Ona dedim: “Polad, sən niyə belə tez getdin? Sən hələ lazım idin”. O isə mənə dedi: “Müharibə başlayır”.

O söz indiyə qədər yadımdadır. Sonra mənə bir söz də dedi. Düzünü desəm, dəqiq xatırlamıram, “Sən də gəl şəhid ol” dedi, yoxsa “Sən də gəl qazi ol”. Amma həmin iki cümlədən birini dedi. Mən onu qucaqladım, yuxuda ağlayırdım. Ayılanda gördüm ki, doğrudan da gözlərim yaş içindədir. Səhər isə bütün qonşular müharibənin başladığını deyirdilər. Mən bunu çox qəribə qarşılamışdım. Elə bil əvvəlcədən yuxuda xəbər vermişdi…”

Uşaqlıq oyunlarına qayıdanda isə sanki gələcək hərbçinin - Polad Həşimovun cizgiləri də görünürdü.

“Hərbiyə marağı elə uşaqlıqdan hiss olunurdu. Həmişə döyüş oyunları oynayardıq. Uduzmağı heç sevməzdi. Nə qədər oynasaq da, axırda mütləq qalib gəlmək istəyirdi.

Təbiətdə gəzməyi, dağlara çıxmağı, çayda çimməyi çox sevirdi. Bunlar onun ən çox xoşladığı məşğuliyyətlər idi.

O vaxtlar biz tütün də əkirdik. Tütün mövsümündə gəlib mənə kömək edirdi ki, işi tez qurtaraq, sonra gedib birlikdə oynayaq, çaya gedək. Ev-eşik işlərində də həmişə kömək edirdi. Beləcə gözəl günlərimiz, uşaqlıq, gənclik çağlarımız olub…”

Polad Həşimovun uşaqlıq illərinin keçdiyi baba ocağı və yaxınlığından axan Qaraçay

Vəndam çayı. Şəhid generalın uşaqlıq xatirələrinin ayrılmaz hissəsi olan digər çay

“Mollabulağı” adlanan bulaq

Şəhadətdən ötən altı il…

Qəbələnin dağları, Vəndam çayının səsi, “Molla bulağı”, uşaqlıqda “dava-dava” oynayan balaca Poladın ayaq izləri, bəlkə də, bu gün də həmin yerlərdə yaşayır. Zaman dəyişib, illər ötüb, uşaqlıq dostları, əmiuşaqları böyüyüb, amma o xatirələr olduğu kimi qalıb, olduğu kimi xatırlanır… 

Bu gün Polad Həşimov milyonların tanıdığı qəhrəmandır. Ancaq Nəsimi Həşimovun danışdığı xatirələrdə o, hələ də dağlara dırmaşan, çayda balıq tutan, pıtraqdan özünə medal düzəldən, uduzmağı sevməyən, gülümsəməyi bacaran Poladdır.

Bəlkə də, insanı əfsanəyə çevirən yalnız döyüş meydanında göstərdiyi qəhrəmanlıq deyil. Onu əfsanələşdirən həm də uşaqlığından gətirdiyi saflıq, doğmalarının yaddaşında qoyduğu iz, illər keçsə də unudulmayan səsi və gülüşüdür.

Elə buna görə də Polad Həşimov haqqında danışanda söhbət təkcə şəhid bir generaldan getmir. Söhbət Vətəni canından üstün tutan, ömrünü xalqına həsr edən və doğmalarının qəlbində heç vaxt ayrılmayan bir insandan gedir. Onun haqqında danışılan hər xatirə isə göstərir ki, bəzi insanlar ömürlərini başa vursalar da, həyatları heç vaxt bitmir. 

Polad Həşimov da həmin insanlardandır. Aradan altı il keçsə də, onun adı yalnız qəhrəmanlıq salnaməsində deyil, onu tanıyanların qəlbində də ilk günkü kimi yaşayır və əbədi olaraq da yaşayacaq!

Sizə yeni x var
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!