Modern.az

Şuşadan dünyaya: Prezident İlham Əliyevin “Orta güc” konsepsiyasının təqdimatı

Şuşadan dünyaya: Prezident İlham Əliyevin “Orta güc” konsepsiyasının təqdimatı

Ölkə

Bu gün, 13:48

IV Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarına verdiyi cavablar Azərbaycanın cari xarici siyasət kursunun, regional baxışlarının və qlobal proseslərə münasibətinin sistemli təqdimatı kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışı yalnız gündəlik siyasi hadisələrə münasibətin ifadəsi deyil, eyni zamanda son illərdə formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın özünü necə gördüyünün və hansı strateji hədəflərə yönəldiyinin izahıdır.

Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, çıxışın mövzu dairəsi yalnız Cənubi Qafqazla məhdudlaşmır. Dövlətimizin başçısının nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, ABŞ-la münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq, Rusiya və Çin amili, Yaxın Şərqdə baş verən proseslər, süni intellekt texnologiyalarının inkişafı, dekolonizasiya məsələləri və qlobal idarəetmə sisteminin gələcəyi ilə bağlı fikirləri göstərir ki, Azərbaycan artıq qlobal proseslərə təsir imkanları genişlənən orta güc mərkəzidir.

Əslində, Şuşa Forumunda səsləndirilən fikirlər Azərbaycanın son illərdə keçdiyi yolun siyasi təsnifatı kimi də qəbul oluna bilər. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mahiyyətində də keyfiyyət dəyişiklikləri yaradıb.

Bu baxımdan, forum çərçivəsində verilən mesajların təhlili yalnız cari siyasətin deyil, həm də Azərbaycanın yaxın onilliklər üçün nəzərdə tutduğu geosiyasi xəttin anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Forum diplomatiyası

Şuşa Qlobal Media Forumunun artıq ənənəvi beynəlxalq tədbirə çevrilməsi Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi nəzərdən keçirilə bilər. Dörd il ərzində dünyanın müxtəlif regionlarından yüzlərlə jurnalistin, ekspertin və ictimai rəy formalaşdırıcısının Şuşada bir araya gəlməsi təsadüfi hadisə deyil. Bu, Azərbaycanın işğaldan azad olunmuş əraziləri beynəlxalq diplomatik və informasiya məkanına inteqrasiya etmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Şuşanın forum məkanı kimi seçilməsi sadəcə rəmzi məna daşımır. Burada siyasi məntiq də var. Uzun illər ərzində Azərbaycan həqiqətləri beynəlxalq auditoriyaya müxtəlif platformalarda izah edilməyə çalışılırdı. İndi isə Azərbaycan həmin auditoriyanı birbaşa hadisələrin baş verdiyi məkana gətirir. Bu yanaşma informasiya siyasətində keyfiyyətcə yeni və fərqli mərhələdir.

Xarici jurnalistlərin öz gözləri ilə dağıdılmış yaşayış məntəqələrini, eyni zamanda qısa müddətdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini müşahidə etmələri istənilən təbliğat kampaniyasından daha güclü təsir yaradır. Burada fakt arqumentə çevrilir, müşahidə isə informasiyanın etibarlılığını artırır.

Bu mənada Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil. O, eyni zamanda yeni diplomatik konsepsiyanın mərkəzinə çevrilir. Forum diplomatiyası vasitəsilə Azərbaycan beynəlxalq ictimai rəylə birbaşa təmas qurur, vasitəçilərdən və təhrifedici interpretasiyalardan yayınmağa çalışır.

Coğrafi mövqenin iqtisadi, siyasi və geostrateji dəyərə çevrilməsi

Prezident İlham Əliyevin çıxışında ən geniş yer verilən mövzulardan biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolu ilə bağlıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, coğrafi mövqe özlüyündə üstünlük yaratmır. Üstünlüyü yaradan həmin mövqenin iqtisadi, siyasi və geostrateji dəyərə çevrilməsidir.

Məhz bu yanaşma son illər Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyətini təşkil edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun yenilənməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi, yeni gəmiqayırma proqramlarının reallaşdırılması ölkənin regional tranzit mərkəzinə çevrilməsinə xidmət edir.

Yaxın Şərqdə davam edən müharibələr, Qırmızı dəniz hövzəsində təhlükəsizlik problemləri və ənənəvi marşrutların üzləşdiyi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Belə şəraitdə Azərbaycanın rolu yalnız tranzit ölkə funksiyası ilə məhdudlaşmır. Ölkə Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi qovşaqlardan birinə çevrilir.

Bu prosesin milli maraqlar baxımından əhəmiyyəti çoxşaxəlidir. Bir tərəfdən, tranzit gəlirləri artır, xarici investisiyalar üçün əlavə imkanlar yaranır. Digər tərəfdən isə Azərbaycanın beynəlxalq sistemdə siyasi çəkisi yüksəlir. Nəqliyyat marşrutlarının sabit fəaliyyəti ilə maraqlanan bütün dövlətlər və iqtisadi mərkəzlər Bakı ilə əməkdaşlığın qorunmasında maraqlı olurlar.

Beləliklə, Azərbaycan coğrafiyanı taleyin bəxş etdiyi üstünlük kimi deyil, strateji kapital kimi idarə etməyi bacaran dövlət nümunəsi ortaya qoyur.

Regional təhlükəsizlik modelinin əsas sütunu

Prezident İlham Əliyevin çıxışında Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Çünki son illərdə regionda baş verən proseslər göstərir ki, Ankara-Bakı əməkdaşlığı artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq regional sabitliyin və təhlükəsizlik sisteminin mühüm elementinə çevrilib.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu münasibətlər hüquqi baxımdan da yeni mərhələyə qədəm qoyub. Lakin burada əsas məsələ hüquqi mexanizmlərdən daha çox siyasi iradə faktorudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, eyni etnik və mədəni köklərə malik olmaq hər zaman müttəfiqliyə yol açmlr. Dünya təcrübəsində bunun əksini göstərən çoxsaylı nümunələr var.

Türkiyə-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti qarşılıqlı etimadın yüksək səviyyəsi, strateji məqsədlərin uyğunluğu və regional proseslərə ortaq baxışın mövcudluğudur. Bu amillər iki ölkə arasında əməkdaşlığı sadəcə dostluq münasibətlərindən daha yüksək səviyyəyə qaldırıb.

Bu gün Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün də mühüm əhəmiyyət daşıyır. Enerji layihələri, nəqliyyat marşrutları, müdafiə sənayesi sahəsində əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu müttəfiqliyin çoxölçülü xarakter daşıdığını göstərir.

Əslində, Ankara-Bakı xətti artıq regional siyasətdə sabitlik yaradan əsas dayaqlardan biri kimi çıxış edir.

Əməkdaşlıq və siyasi ziddiyyətlərin paralel mövcudluğu

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlərdən də görünür ki, Azərbaycan Avropa istiqamətində daha incə və diferensiallaşdırılmış siyasət həyata keçirir. Dövlət başçısı Avropa İttifaqının müxtəlif institutlarına münasibətdə fərqli yanaşma sərgiləyir və bu da Bakının son illərdə formalaşdırdığı praqmatik diplomatik xəttin göstəricisidir.

Ölkəmizin enerji təhlükəsizliyi sahəsində Avropa Komissiyası ilə əməkdaşlığı inkişaf etməkdədir. Azərbaycanın qaz ixracının artması, Avropanın enerji təminatında rolunun güclənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi tərəflər arasında qarşılıqlı maraqların mövcudluğunu göstərir.

Lakin Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə yaranmış böhran tamamilə fərqli mənzərə yaradır. Azərbaycanın nümayəndə heyətinin hüquqlarının məhdudlaşdırılması Bakıda haqlı olaraq siyasi qərəzin təzahürü kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı sərt mövqeyi göstərir ki, Azərbaycan bundan sonrada beynəlxalq təşkilatlarda selektiv yanaşmaların və ikili standartların davam etməsini qəbul etmək niyyətində deyil.

Burada diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın Avropanı vahid siyasi mərkəz kimi deyil, müxtəlif maraq qrupları və institutlardan ibarət mürəkkəb sistem kimi qiymətləndirməsidir. Bu dərin analitik və faktoloji təhlilə söykənən  yanaşma Bakıya ayrı-ayrı strukturlarla münasibətləri fərqli əsaslar üzərində qurmağa imkan verir.

Nəticədə, Azərbaycan bir tərəfdən Avropa ilə enerji və iqtisadi əməkdaşlığı genişləndirir, digər tərəfdən isə milli maraqlarına zidd hesab etdiyi siyasi qərarlara qarşı prinsipial mövqe nümayiş etdirir.

Yeni geosiyasi reallıqlar fonunda münasibətlərin yenidən formatlaşdırılması

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin cavablarında diqqət çəkən istiqamətlərdən biri ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlıdır. Dövlətimizin başçısının fikirlərindən aydın görünür ki, Bakı Vaşinqtonla münasibətlərin tarixində yeni mərhələnin formalaşması üçün yaranmış imkanları diqqətlə izləyir və bu prosesə strateji baxışla yanaşır.

Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində paradoksal xarakter daşıyıb. Bir tərəfdən, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, Əfqanıstan əməliyyatlarına dəstək və regional sabitlik məsələlərində iki ölkə arasında əməkdaşlıq mövcud olub. Digər tərəfdən isə 907-ci düzəliş kimi qərəzli siyasi qərarlar münasibətlərin tam potensialını reallaşdırmağa imkan verməyib.

Bu xüsusda Prezidentin səsləndirdiyi fikirlər yalnız keçmişə qiymət vermək məqsədi daşımır. Əsas mesaj gələcəyə yönəlib. Azərbaycan Vaşinqtonla münasibətlərin qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan model əsasında inkişaf etdirilməsində maraqlıdır.

Regional inteqrasiyanın yeni mərhələsi

Forum çərçivəsində müzakirə olunan mövzulardan biri də Zəngəzur dəhlizi və onun regional perspektivləri ilə bağlıdır. Prezident İlham Əliyevin fikirlərindən aydın görünür ki, Azərbaycan bu layihəyə təkcə nəqliyyat marşrutu kimi baxmır.

Əslində, Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr XXI əsrin geoiqtisadi rəqabətinin tərkib hissəsidir. Burada söhbət yalnız yük daşımalarından və logistika imkanlarından deyil, yeni iqtisadi xəritələrin formalaşmasından, bazarlara çıxış imkanlarından və regional təsir mexanizmlərindən gedir.

Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Ölkə öz əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasını strateji zərurət hesab edir. Bu, həm dövlətin ərazi bütövlüyünün praktiki təminatı, həm də regionun iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır. Dəhlizin fəaliyyətə başlaması Türkiyə ilə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsinə, Orta Dəhlizin potensialının artmasına və bütövlükdə Avrasiya məkanında yeni iqtisadi dinamikanın yaranmasına təkan verə bilər.

Bu səbəbdən də Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr əslində gələcək regional düzənin konturlarının müəyyənləşdirilməsi uğrunda aparılan siyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Gələcəyin dövlət modelinə keçid

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm istiqamətlərdən biri də rəqəmsal inkişaf və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlıdır. Bu mövzu ilk baxışdan xarici siyasət gündəliyindən kənar görünə bilər. Lakin müasir beynəlxalq münasibətlər sistemində texnoloji potensial artıq milli gücün əsas elementlərindən biri hesab olunur.

XXI əsrdə dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi göstəricilərlə müəyyən edilmir. İnnovasiya imkanları, rəqəmsal idarəetmə səviyyəsi, süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının keyfiyyəti də geosiyasi rəqabətin mühüm komponentlərinə çevrilib.

Azərbaycanın son illərdə rəqəmsal dövlət modelinə keçidlə bağlı həyata keçirdiyi tədbirlər məhz bu reallığın nəticəsidir. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya ekosisteminin formalaşdırılması və süni intellekt texnologiyalarına investisiyaların artırılması ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması onu göstərir ki, Azərbaycan enerji və nəqliyyat imkanları ilə yanaşı, texnoloji inkişafı da milli təhlükəsizlik və rəqabət qabiliyyəti məsələsi kimi qiymətləndirir.

Enerji diplomatiyası: yeni dövrün çağırışları və Azərbaycanın mövqeyi

Azərbaycanın xarici siyasətində enerji amili uzun illərdir mühüm yer tutur. Lakin Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi fikirlər göstərir ki, ölkənin enerji strategiyası artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Qitənin müxtəlif dövlətlərinə qaz ixrac edən Azərbaycan həm enerji təchizatçısı, həm də etibarlı tərəfdaş kimi qəbul edilir.

Bununla yanaşı, qlobal enerji bazarında baş verən dəyişikliklər yeni yanaşmalar tələb edir. Avropanın yaşıl keçid siyasəti, karbon emissiyalarının azaldılması istiqamətində qəbul olunan qərarlar və bərpaolunan enerji mənbələrinin inkişafı yeni reallıq formalaşdırır.

Azərbaycan bu proseslərə mümkün qədər tez uyğunlaşmağa çalışır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi, günəş və külək enerjisi layihələrinin reallaşdırılması, beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi bunun göstəricisidir.

Burada diqqətəlayiq məqamlardan biri ondan ibarətdir ki, Bakı ənənəvi enerji resursları ilə yaşıl enerji arasında seçim etmir. Əksinə, hər iki istiqaməti paralel şəkildə inkişaf etdirməyə çalışır. Bu yanaşma ölkəyə həm mövcud gəlirləri qorumaq, həm də gələcəyin enerji bazarında mövqelərini möhkəmləndirmək imkanı yaradır.

Regional məsuliyyət konsepsiyası

Prezident İlham Əliyevin çıxışında yer alan mühüm istiqamətlərdən biri də regionun təhlükəsizlik sisteminin gələcəyinə yönəlik dəyərləndirmələrdir. Dövlətimizin başçısının fikirlərindən görünür ki, Azərbaycan xarici vasitəçilərin dominant rol oynadığı əvvəlki modellərin effektivliyinə ciddi şübhə ilə yanaşır.

Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması, otuz ilə yaxın müddətdə münaqişənin həll olunmaması və beynəlxalq institutların ortaya real nəticə qoya bilməməsi bu yanaşmanın formalaşmasında mühüm rol oynayıb.

Buna görə də Prezident İlham Əliyevin vurğuladığı regional əməkdaşlıq modeli diqqətəlayiqdir. Burada əsas ideya ondan ibarətdir ki, regionun problemləri ilk növbədə region ölkələrinin iştirakı ilə həll edilməlidir.

Belə yanaşma Azərbaycanın suverenlik prinsipinə verdiyi önəmin təzahürüdür. Eyni zamanda, bu mövqe Bakının özünü artıq beynəlxalq vasitəçilərin himayəsinə ehtiyac duyan ölkə kimi deyil, regional proseslərin fəal iştirakçısı və təşəbbüskarı kimi gördüyünü nümayiş etdirir.

Dekolonizasiya gündəliyi və qlobal Cənubla həmrəylik siyasəti

Şuşa Forumunda diqqət çəkən məsələlərdən biri də dekolonizasiya mövzusudur. Son illər Azərbaycanın bu istiqamətdə fəallığının artması, şübhəsiz ki, təsadüfi deyil.

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və Fransa ilə bağlı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız öz milli maraqları çərçivəsində deyil, daha geniş qlobal gündəlik kontekstində də mövqe formalaşdırmağa çalışır.

Burada əsas məqsəd beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və siyasi manipulyasiya halları ilə bağlı alternativ və daha obyektiv baxışın ortaya qoyulmasıdır.

Bu siyasət Azərbaycana Asiya, Afrika və Latın Amerikası ölkələri ilə münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır. Eyni zamanda ölkənin beynəlxalq nüfuzunun yalnız regional məsələlər çərçivəsində deyil, qlobal miqyasda da genişlənməsinə xidmət edir.

Çoxvektorlu tərəfdaşlıq strategiyası

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda verdiyi cavablardan çıxan əsas nəticələrdən biri də Azərbaycanın xarici siyasətində çoxvektorluluq prinsipinin dəyişməz olaraq qalmasıdır. Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünya getdikcə daha mürəkkəb və parçalanmış geosiyasi müstəviyə çevrilir. ABŞ-Çin rəqabəti, Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar, Yaxın Şərqdə davam edən gərginlik və qlobal iqtisadi sistemdə müşahidə olunan transformasiya dövlətlərdən daha çevik və balanslaşdırılmış siyasət tələb edir.

Azərbaycan da məhz bu reallıqlar fonunda öz xarici siyasət kursunu formalaşdırır. Prezident İlham Əliyevin çıxışında Rusiya ilə münasibətlərin normallaşma mərhələsinə daxil olması, Çinlə strateji tərəfdaşlığın genişlənməsi və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi barədə səsləndirdiyi fikirlər təsdiqləyir ki, Bakı heç bir geosiyasi blokun tərkib hissəsinə çevrilmək niyyətində deyil.

Bu xüsusda Rusiya ilə münasibətlərdə müşahidə olunan proseslər xüsusilə diqqət çəkir. Son illər müxtəlif səbəblərdən ikitərəfli münasibətlərdə yaranan müəyyən gərginlik elementlərinə baxmayaraq, tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini qoruyub saxlamağa çalışırlar. Azərbaycanın mövqeyi burada kifayət qədər praqmatikdir. Bakı Moskva ilə münasibətlərdə emosional yanaşmadan deyil, milli maraqlardan çıxış edir. Regionun təhlükəsizliyi, nəqliyyat marşrutlarının fəaliyyəti, iqtisadi əlaqələr və humanitar əməkdaşlıq bu münasibətlərin əsas sütunlarıdır.

Çin istiqamətində isə tamamilə fərqli dinamika müşahidə olunur. Son illər Pekinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrin miqyası genişlənir. Günəş enerjisi layihələri, sənaye əməkdaşlığı, nəqliyyat-logistika infrastrukturu və yüksək texnologiyalar sahəsində əməkdaşlıq gələcəkdə daha böyük perspektivlər vəd edir.

Mərkəzi Asiya istiqaməti isə Azərbaycanın xarici siyasətində yeni strateji ölçü formalaşdırır. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla əlaqələrin dərinləşməsi təkcə ortaq tarixi və mədəni bağlarla izah oluna bilməz. Burada söhbət eyni zamanda yeni geoiqtisadi məkanın formalaşmasından gedir. Xəzər hövzəsi üzərindən qurulan nəqliyyat marşrutları, enerji layihələri və Türk Dövlətləri Təşkilatının artan rolu bu əməkdaşlığa əlavə siyasi məzmun qazandırır.

Əslində, Azərbaycanın həyata keçirdiyi siyasətin əsas üstünlüyü də məhz bundadır. Bakı həm Qərblə, həm Şərqlə, həm də regional tərəfdaşlarla əməkdaşlıq imkanlarını eyni vaxtda qorumağı bacarır. Bu isə müasir beynəlxalq münasibətlər sistemində az sayda dövlətə nəsib olan strateji üstünlükdür.

"Orta güc" statusu və Azərbaycanın beynəlxalq sistemdə yeni mövqeyi

Prezident İlham Əliyevin forum zamanı toxunduğu mühüm mövzulardan biri də Azərbaycanın beynəlxalq sistemdəki yeri və rolu ilə bağlıdər. Son illərdə beynəlxalq siyasi ədəbiyyatda geniş istifadə olunan "orta güc" anlayışına münasibət bildirən dövlət başçısının fikirləri diqqətəlayiq siyasi məna daşıyır.

Ənənəvi olaraq beynəlxalq münasibətlər sistemində dövlətlər böyük güclər, regional güclər və kiçik dövlətlər kimi təsnif edilir. Lakin son onilliklərdə "orta güc" anlayışı ayrıca kateqoriya kimi formalaşıb. Bu kateqoriyaya aid edilən dövlətlər qlobal hegemonluq imkanlarına malik olmasalar da, regional və beynəlxalq proseslərə təsir göstərmək qabiliyyətinə sahib olurlar.

Prezident İlham Əliyevin cavablarından da görünür ki, Azərbaycan özünü məhz bu kontekstdə qiymətləndirir. Dövlət başçısının vurğuladığı meyarlar – milli maraqları qorumaq qabiliyyəti, müstəqil qərarvermə imkanları, beynəlxalq proseslərə təsir göstərmək potensialı və xarici təzyiqlərə müqavimət bacarığı – faktiki olaraq orta güc statusunun əsas göstəriciləridir.

Son illərin hadisələri də bu yanaşmanı təsdiqləyir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regional nəqliyyat və enerji layihələrinin əsas iştirakçısına çevrilib, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi hüququ qazanıb və bir çox beynəlxalq platformalarda təşəbbüskar mövqedən çıxış edib.

Bu reallıq fonunda Azərbaycanın artıq yalnız regional proseslərin obyekti kimi təqdim olunması mümkün deyil. Ölkə getdikcə daha çox beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən aktorlardan birinə çevrilir.

Qlobal idarəetməyə alternativ baxış

Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər arasında qlobal idarəetmə sisteminin gələcəyi ilə bağlı tezislər də xüsusi diqqət çəkir. Dövlət başçısının BMT Təhlükəsizlik Şurasının islahatına dair mövqeyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan ambisiyalarının göstəricisi kimi qiymətləndirilə bilər.

Müasir dünya nizamı İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış institutlar üzərində qurulub. Lakin son onilliklər ərzində baş verən geosiyasi dəyişikliklər göstərir ki, mövcud mexanizmlər artıq bir çox hallarda yeni çağırışlara adekvat cavab verə bilmir.

Azərbaycanın təklif etdiyi yanaşma xüsusilə maraqlıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı kimi qurumların qlobal qərarvermə mexanizmlərində daha geniş təmsil olunmasına dair çağırışlar beynəlxalq münasibətlər sisteminin daha ədalətli əsaslar üzərində qurulmasına yönəlmiş təşəbbüs kimi görünür.

Bu mövqenin arxasında duran əsas məntiq ondan ibarətdir ki, müasir dünyanın siyasi və iqtisadi reallıqları artıq ötən əsrin ortalarında mövcud olan mənzərədən köklü şəkildə fərqlənir. Ona görə də qlobal idarəetmə sisteminin də yeni reallıqlara uyğunlaşdırılması zərurəti yaranır.

Azərbaycanın bu məsələdə fəal mövqe tutması onun beynəlxalq siyasətdə yalnız regional məsələlərlə məhdudlaşmaq niyyətində olmadığını göstərir.

Xarici siyasətdə yeni mərhələ

IV Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarına verdiyi cavablar Azərbaycanın xarici siyasət kursunun cari vəziyyətinə dair izahat olmaqla yanaşı, həm də ölkənin yaxın və orta perspektiv üçün müəyyənləşdirdiyi strateji hədəflərin təqdimatı kimi dəyərləndirilə bilər. Bu çıxışların ümumi məntiqi göstərir ki, Azərbaycan artıq özünü yalnız regional təhlükəsizlik problemləri ilə məşğul olan dövlət kimi deyil, daha geniş geosiyasi proseslərin iştirakçısı və təşəbbüskarı kimi görür.

Forumda səsləndirilən fikirlərin təhlili bir daha təsdiqləyir ki, son illərdə Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələ formalaşıb. Əgər əvvəlki dövrlərdə əsas diqqət ərazi bütövlüyünün bərpasına, işğal faktının beynəlxalq səviyyədə tanınmasına və münaqişənin həllinə yönəlirdisə, bu gün gündəlik tamamilə fərqlidir. Artıq söhbət postmünaqişə mərhələsinin idarə olunmasından, regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasından, beynəlxalq nəqliyyat marşrutlarının yenidən qurulmasından və Azərbaycanın qlobal geosiyasi xəritədə tutduğu yerin möhkəmləndirilməsindən gedir.

Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycanın özünü beynəlxalq münasibətlər sistemində necə təqdim etməsidir. Bu təqdimatın mərkəzində üç fundamental yanaşma dayanır.

Bunlardan birincisi, Azərbaycan artıq təhlükəsizlik istehlakçısı deyil, təhlükəsizlik istehsalçısı kimi çıxış edir. Uzun illər ərzində regional təhlükəsizlik risklərinin təsirinə məruz qalan ölkə bu gün regionda sabitliyin təmin olunmasına töhfə verən aktora çevrilib. İstər enerji təhlükəsizliyi, istər nəqliyyat kommunikasiyalarının etibarlı fəaliyyəti, istərsə də regional əməkdaşlıq formatlarının təşviqi baxımından Azərbaycanın rolu əhəmiyyətli dərəcədə dəyişib.

Digər mühüm amil Azərbaycan regional gündəmin obyekti olmaqdan çıxaraq həmin gündəmi formalaşdıran subyektə çevrilməsidir. Bu gün regionla bağlı aparılan müzakirələrin əksəriyyətində Bakı tərəfindən irəli sürülən təşəbbüslər əsas müzakirə predmetinə çevrilir. Zəngəzur dəhlizi, Orta Dəhliz, yaşıl enerji layihələri, Türk dünyası ilə inteqrasiyanın genişləndirilməsi və regional təhlükəsizlik formatları bunun ən aydın nümunələridir.

Digər önəmli faktor isə ondan ibarətdir ki, Azərbaycanın xarici siyasəti  müdafiə xarakterli diplomatiyadan təşəbbüskar diplomatiyaya uğurla transformasiya olunub. Bu fərq son dərəcə vacibdir. Müdafiə xarakterli diplomatiya mövcud təzyiqlərə cavab verməyə yönəlirsə, təşəbbüskar diplomatiya yeni siyasi gündəlik formalaşdırmağa xidmət edir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər göstərir ki, Bakı artıq hadisələrin inkişafını izləyən deyil, onların istiqamətinə təsir göstərməyə çalışan siyasət yürüdür.

Bu baxımdan, Şuşa Qlobal Media Forumunun özü də ayrıca siyasi hadisə kimi qiymətləndirilməlidir. Forum sadəcə media nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbir deyil. O, Azərbaycanın öz mövqeyini, baxışlarını və gələcək planlarını beynəlxalq auditoriyaya birbaşa çatdırdığı platformadır. Ən mühüm məqam isə ondan ibarətdir ki, bu mesajlar artıq müdafiə xarakteri daşımır. Azərbaycan özünü izah etməyə deyil, öz baxışını təqdim etməyə çalışır.

Prezident İlham Əliyevin çıxışında ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türk dünyası və Yaxın Şərq istiqamətləri üzrə səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan klassik geosiyasi seçim dilemmasından kənarda qalmağa çalışır. Dünya siyasətində yeni qütbləşmə meyillərinin gücləndiyi bir dövrdə Bakı müxtəlif güc mərkəzləri ilə münasibətləri qarşıdurma deyil, qarşılıqlı maraqlar əsasında qurmağa üstünlük verir. Bu siyasət Azərbaycanın son illərdə qazandığı ən mühüm strateji üstünlüklərdən biri hesab edilə bilər.

Digər mühüm məqam Azərbaycanın beynəlxalq nüfuzunun artıq yalnız enerji resursları və ya coğrafi mövqeyi ilə izah olunmamasıdır. Son illərdə əldə edilən uğurlar göstərir ki, ölkənin siyasi çəkisi tədricən institusional imkanlar, diplomatik təşəbbüskarlıq və regional proseslərə təsir qabiliyyəti ilə ölçülməyə başlayıb. Bu isə Azərbaycanın beynəlxalq sistemdə daha dayanıqlı mövqe qazanmasına imkan yaradır.

Şuşa Forumunda səsləndirilən fikirlərdən çıxan əsas nəticə isə ondan ibarətdir ki, Azərbaycan öz xarici siyasət gündəliyini artıq başqalarının təşəbbüsləri üzərində qurmur. Əksinə, Bakı regional və qlobal proseslərə dair öz baxışını formalaşdırır, bu baxışı beynəlxalq auditoriyaya təqdim edir və tərəfdaşlarını həmin reallıqları nəzərə almağa sövq edir.

Əgər XX əsrin sonlarında Azərbaycan beynəlxalq sistemdə öz yerini müəyyənləşdirməyə çalışan dövlət idisə, bu gün həmin sistem daxilində öz maraqlarını müdafiə edən, təşəbbüslər irəli sürən, regional proseslərin istiqamətinə təsir göstərən və yeni əməkdaşlıq formatları təklif edən siyasi aktor kimi çıxış edir.

Beləliklə, Azərbaycan öz gələcəyini müəyyənləşdirən, geosiyasi proseslərə təsir göstərən və regional inkişafın əsas istiqamətlərini formalaşdıran dövlət kimi yeni mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti isə müdafiədən təşəbbüsə, reaksiya verməkdən gündəm formalaşdırmağa və regional iştirakçı statusundan geosiyasi aktor statusuna keçiddir.

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı, Əməkdar Jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr