Modern.az

“Əkinçi”dən rəqəmsal dövrə: milli mətbuat dövlətçiliyimizin salnaməsidir

“Əkinçi”dən rəqəmsal dövrə: milli mətbuat dövlətçiliyimizin salnaməsidir

Ölkə

20 İyul 2026, 12:32

“Bir əsr yarımı əhatə edən inkişaf yolu ərzində Azərbaycan milli mətbuatı cəmiyyətdə baş verən prosesləri sadəcə işıqlandırmaqla kifayətlənməyib, həm də bu proseslərin fəal iştirakçısına çevrilib. Milli jurnalistikamızın tarixi maarifçiliyin yayılması, milli özünüdərkin formalaşması, ana dilinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi tarixidir. Məhz buna görə də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü yalnız media ictimaiyyətinin peşə bayramı deyil, həm də ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, bu nəşr xalqımızın ictimai fikir tarixində silinməz iz buraxdı. İlk dəfə olaraq Azərbaycan dilində çap olunan qəzet maarifçilik ideyalarının yayılmasına, milli şüurun formalaşmasına və cəmiyyətin tərəqqisinə xidmət edən güclü tribuna rolunu oynadı. Çar Rusiyasının sərt senzura şəraitində fəaliyyət göstərən “Əkinçi” milli jurnalistikanın əsas missiyasını – cəmiyyətə xidmət etməyi, maarifçilik ideyalarını təşviq etməyi və milli maraqları qorumağı müəyyənləşdirdi. Təsadüfi deyil ki, Həsən bəy Zərdabi bu gün təkcə Azərbaycan jurnalistikasının banisi deyil, həm də milli oyanış hərəkatının görkəmli simalarından biri kimi dəyərləndirilir.

“Əkinçi”nin yaratdığı ənənə sonrakı dövrdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet və jurnallarda uğurla davam etdirildi. Bu mətbuat orqanları Azərbaycan ədəbi dilinin inkişafında, milli ictimai fikrin formalaşmasında, maarifçilik ideyalarının geniş yayılmasında və milli kimliyin möhkəmlənməsində müstəsna rol oynadı. Həmin nəşrlər dövrünün görkəmli ziyalılarını bir araya gətirərək cəmiyyətin inkişafına xidmət edən ideyaların müzakirə olunduğu mühüm intellektual platformaya çevrildi.



Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında yeni mərhələ başlandı. Bu mərhələnin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar həlledici rol oynadı. 1990-cı illərin sonlarında həyata keçirilən sistemli dəyişikliklər nəticəsində ölkədə söz və mətbuat azadlığının hüquqi əsasları möhkəmləndirildi. 1998-ci ildə senzuranın ləğvi Azərbaycan mediasının tarixində dönüş nöqtəsinə çevrildi. Bununla yanaşı, qanunvericilik bazası təkmilləşdirildi, medianın sərbəst fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradıldı və demokratik təsisatların inkişafına mühüm töhfə verildi. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilərək yeni dövrün çağırışlarına uyğun zənginləşdirildi. Son illərdə ölkəmizdə medianın institusional inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi və informasiya məkanının rəqəmsal transformasiyası istiqamətində ardıcıl tədbirlər görülüb.

Sevinc Fətəliyeva qeyd edib ki, müasir dövrdə jurnalistikanın mahiyyəti də ciddi şəkildə dəyişib. Əgər əvvəllər əsas informasiya mənbələri qəzetlər və televiziya idisə, bu gün rəqəmsal platformalar, xəbər portalları və sosial media informasiya mühitinin ayrılmaz hissəsinə çevrilib. Süni intellekt texnologiyalarının inkişafı, böyük verilənlərin emalı və yeni kommunikasiya vasitələri jurnalistika üçün geniş imkanlar yaratmaqla yanaşı, dezinformasiya və saxta xəbərlər kimi yeni çağırışları da gündəmə gətirib. Belə şəraitdə milli medianın üzərinə düşən məsuliyyət daha da artır. Müasir jurnalistika yalnız xəbərləri operativ şəkildə çatdırmaqla kifayətlənməməli, eyni zamanda obyektiv informasiya təqdim etməli, ictimai etimadı möhkəmləndirməli və Azərbaycanın milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir.

“Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu bir həqiqəti aydın şəkildə nümayiş etdirir: milli jurnalistika hər zaman dövlətçilik tariximizin ayrılmaz hissəsi olub. Həsən bəy Zərdabinin maarifçilik missiyasından başlayaraq müasir rəqəmsal media platformalarınadək uzanan bu yolun əsas mahiyyəti dəyişməyib. Mahiyyət isə cəmiyyətə xidmət etmək, milli birliyi möhkəmləndirmək, tarixi yaddaşı qorumaq və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir”,-deyə deputat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR