İranın Ali Dini Liderinin müşaviri, SEPAH-ın keçmiş komandanı Yəhya Rəhim Səfəvi Azərbaycan və Türkiyə ilə dron insidentindən sonra əlaqələrin qurulduğunu və məsələ ilə bağlı qarşılıqlı mövqelərin müzakirə edildiyini bildirib.
Modern.az xəbər verir ki, Yəhya Rəhim Səfəvi bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, dron insidentindən sonra Azərbaycan və Türkiyə tərəfi ilə koordinasiyalı danışıqlar aparılıb.
“Türkiyə tərəfi özü əlaqə saxladı və baş verən dron məsələsini soruşdu. Biz açıq bildirdik ki, Türkiyə və ya Azərbaycan hədəfimizdə deyil”, – deyə o bildirib.
Səfəvinin sözlərinə görə, Türkiyə İncirlik aviabazasından İrana qarşı əməliyyatlarda istifadə edilməyəcəyini bəyan edib. O, Azərbaycanın isə ölkə ərazisində ABŞ və İsrailə məxsus hərbi bazaların olmadığını bildirdiyini deyib.
İranlı general baş verən hadisəni “açıq təxribat” adlandıraraq qeyd edib ki, bundan sonra ölkə daxilində araşdırma aparılması barədə göstəriş verib. O əlavə edib ki, məsələ ilə bağlı həm Azərbaycan, həm də Türkiyə tərəfinə məlumatın çatdırılması üçün İran Xarici İşlər Nazirliyinə müraciət olunub.