Modern.az

Maaşların gecikdirilməsinə elektron nəzarət tətbiq olunacaq

Maaşların gecikdirilməsinə elektron nəzarət tətbiq olunacaq

Ölkə

Bu gün, 12:23

Azərbaycanda əməkhaqqının faktiki ödənilməsini elektron məlumatlar əsasında izləməyə imkan verən mexanizmin yaradılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, işçilərə əməkhaqqı və digər ödənişlərin nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında, Mərkəzi Bankın müəyyən etdiyi elektron ödəniş sistemi vasitəsilə verilməsi təklif olunur. Vəsait işçinin sərbəst seçdiyi bank hesabına köçürüləcək.

Onun sözlərinə görə, yeni mexanizm əməkhaqqının sənədlərdə göstərilən məbləği ilə faktiki ödənişini müqayisə etməyə imkan yaradacaq:

“Beləliklə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşacaq”.

Z.Əliyev qeyd edib ki, əmək münasibətlərinin iştirakçıları əməkhaqqı, digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar və şəxsin gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış əldə edə biləcəklər.

Sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına xidmət edəcək. Məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı orta əməkhaqqının avtomatik hesablanması da nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!