Modern.az

İşəgötürənlərə ciddi xəbərdarlıq: Bu səhv sizə baha başa gələ bilər

İşəgötürənlərə ciddi xəbərdarlıq: Bu səhv sizə baha başa gələ bilər

Ölkə

Bu gün, 12:00

Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulan təminatlardan istifadə etməsi yalnız onun müraciətindən və ya təşəbbüsündən asılı deyil. İşəgötürən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmalı və qanunvericilikdə nəzərdə tutulan təminatları özü tətbiq etməlidir.

Modern.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin əmək mübahisəsinə dair hüquqi mövqeyində bildirilib.

Məhkəmə vurğulayıb ki, bəzi hallarda işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi statusu barədə məlumat vermədiyini, yaxud müvafiq sənədləri təqdim etmədiyini əsas gətirərək qanunla nəzərdə tutulmuş təminatları tətbiq etməməyə çalışırlar. Lakin bu yanaşma əmək qanunvericiliyinin məqsədlərinə uyğun hesab edilmir.

Ali Məhkəmənin baxdığı iş üzrə müəyyən edilib ki, ikinci qrup əlilliyi olan işçi uzun müddət həftədə 40 saat işləyib. Halbuki qanunvericiliyə əsasən, bu kateqoriyadan olan işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq ola bilməz.

İşəgötürən işçinin əlilliyi barədə məlumatlı olmadığını bildirsə də, məhkəmə bu arqumenti əsaslı saymayıb. Nəticədə işçinin normadan artıq işlədiyi saatlara görə əlavə əmək haqqının ödənilməsi tələbi təmin edilib.

Ali Məhkəmə qeyd edib ki, işçi hüquqi biliklərinin məhdudluğu səbəbindən qanunvericiliyin ona verdiyi bütün hüquq və təminatları bilməyə, hətta malik olduğu hüquqi statusun əmək münasibətlərində hansı nəticələr doğurduğundan xəbərsiz olmağa bilər.

Məhkəmənin mövqeyinə görə, əmək münasibətlərində daha güclü tərəf olan işəgötürən peşəkar idarəetmə imkanlarına, insan resursları xidmətinə və hüquqşünas dəstəyinə malik olduğundan əmək qanunvericiliyinin tələblərini bilməli və tətbiq etməlidir.

Qərarda vurğulanıb ki, qanunla nəzərdə tutulmuş təminatların tətbiqi işəgötürənin aktiv öhdəliyidir. Buna görə də işəgötürən əmək müqaviləsi bağlanarkən və əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, zəruri məlumatları toplamalı və həmin statusa uyğun əmək təminatlarını tətbiq etməlidir. İşçinin bunu xatırlatmaması və ya ayrıca tələb etməməsi işəgötürənin bu öhdəliklərini aradan qaldırmır.

Ali Məhkəmə hesab edir ki, "işçi məlumat verməmişdi" və ya "müvafiq sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin əmək qanunvericiliyindən irəli gələn vəzifələrini istisna etmir.

Məhkəmə işə qəbul zamanı işəgötürənlərə işçinin əlilliyi və ya əmək təminatları yaradan digər hüquqi statuslarının olub-olmadığını, bunu təsdiq edən sənədlərin mövcudluğunu dəqiqləşdirməyi, həmçinin həmin statusa uyğun iş vaxtının, məzuniyyət və digər əmək hüquqlarının düzgün tətbiqini təmin etməyi tövsiyə edib.

Qərarda qeyd olunub ki, əmək təminatlarının vaxtında və düzgün tətbiqi həm işçilərin hüquqlarının qorunmasına, həm sosial ədalətin təmin edilməsinə, həm də gələcək əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR