Müasir Azərbaycan mediasının formalaşması və davamlı inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər milli mətbuatımızın inkişafı istiqamətində geniş islahatlar həyata keçirərək KİV üzərində senzuranı tamamilə ləğv etdi, media fəaliyyətini qanunvericiliklə tənzimləyən mühüm hüquqi bazanın formalaşdırılmasını təmin etdi. Ulu Öndərin yüksək diqqət və qayğısı sayəsində KİV-in maddi-texniki bazasının müasirləşdirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ölkəmizdə peşəkar medianın formalaşdırılması üçün əsaslı zəmin yaradıldı.
“Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
“Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulu, 2021-ci ildə Medianın İnkişafı Agentliyinin təsis olunması ölkəmizdə medianın institusional inkişafının təmin edilməsi, peşəkar jurnalistikanın təşviqi və müasir informasiya çağırışlarına cavab verə bilən güclü media mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl dövlət siyasətinin mühüm tərkib hissəsidir.
“Media haqqında” Qanunun qəbul edilməsi milli mətbuatımızın müasir tələblərə uyğun hüquqi tənzimlənməsini təmin edir. Bu qanun informasiya təhlükəsizliyi, rəqabətlilik, informasiya məkanının sağlamlaşdırılması və jurnalistika peşəsinin nüfuzunun artırılması məqsədlərinə xidmət edir.
Ölkəmizdə hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunması ölkəmizdə jurnalistikaya verilən dəyərin göstəricisidir. Bu gün jurnalistlərin sosial rifahı və peşəkar inkişafı da dövlətin diqqət mərkəzindədir. Onlar güzəştli ipoteka kreditlərindən, vergi azadolmalarından, media subyektlərinə dəstək mexanizmlərindən yararlanır, fəxri adlarla təltif olunur, müvafiq təlimlərə cəlb olunurlar.
Cəmiyyətimizin inkişafında və maariflənməsində, ictimai rəyin formalaşmasında əvəzsiz rola malik mətbuatımız bu gün yalnız informasiya daşıyıcısı deyil, həm də cəmiyyətlə dövlət arasında ünsiyyət körpüsü rolunu uğurla icra edir.
Fürsətdən istifadə edib, peşə bayramları münasibətilə bütün media mənsublarını ürəkdən təbrik edir, şərəfli və əzmkar fəaliyyətlərində onlara uğurlar diləyirəm.
Şahin İsmayılov,
Milli Məclisin deputatı