Deputat: "Mən gəncləri qınamıram, onlar daha yaxşı həyat axtarırlar"
Sosioloq: "Regionlarda gənclərin yaş psixologiyasına uyğun iş yerləri yoxdur"
Azərbaycanda kəndlərdən şəhərlərə axın artıq təkcə demoqrafik deyil, sosial və iqtisadi baxımdan da diqqət çəkən tendensiyalardan birinə çevrilib. Ən çox miqrasiya edən təbəqə isə gənclərdir. Təhsilini başa vuran və ya əmək bazarına yeni qədəm qoyan gənclərin əksəriyyəti gələcəyini kənddə deyil, şəhərdə qurmağa çalışır. Nəticədə bir sıra yaşayış məntəqələrində gənc əhalinin sayı azalır, kəndlərin inkişaf perspektivləri ilə bağlı suallar aktuallaşır.
Maraqlıdır, bu seçimin arxasında hansı səbəblər dayanır və gənclərin doğma kəndlərində yaşayıb işləməsi üçün hansı şərait formalaşdırılmalıdır?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev qeyd edib ki, Azərbaycanda kəndlərin boşalması artıq sosial məsələdən daha çox strateji məsələyə çevrilməkdədir. Onun sözlərinə görə, əgər bu proses vaxtında dayandırılmasa, gələcəkdə həm ərzaq təhlükəsizliyi, həm də regionların inkişafı baxımından ciddi problemlərlə üzləşə bilərik.
"Mən gəncləri qınamıram. Gənc insan daha yaxşı həyat, sabit gəlir və inkişaf imkanı axtarır. Bu gün o imkanları əsasən şəhərlərdə görür. Kənddə isə iş yerləri məhduddur, iqtisadi fəallıq zəifdir, sosial və mədəni mühit kifayət qədər inkişaf etməyib. Gənc düşünür ki, ali təhsil alıb yenidən kəndə qayıtsa, öz ixtisasına uyğun iş tapa bilməyəcək. Bu düşüncəni dəyişmədən miqrasiyanın qarşısını almaq mümkün deyil.
Düşünürəm ki, dövlət kənddə yaşamağı təşviq edən yeni siyasət formalaşdırmalıdır. Kənddə yaşayan insanın hansı üstünlüyü var? Açığını desək, bu gün demək olar ki, heç bir üstünlüyü yoxdur. Halbuki, şəhərin ekoloji yükünü azaltmağa, ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə və torpağı boş qoymamağa xidmət edən insanlar məhz kənddə yaşayırlar. Onlar dövlət tərəfindən daha çox dəstəklənməlidirlər.
Bir dəfə dağ kəndlərindən birində, təmiz ekologiyası və saf havası ilə seçilən bir yerdə yaşayan ağsaqqala dedim: “Çox gözəl yerdə yaşayırsınız. Bu təmiz hava böyük nemətdir.” O isə heç tərəddüd etmədən cavab verdi: “Bala, mənə təmiz hava yox, pul lazımdır".

Deputat hesab edir ki, bu qısa cavab kənddən şəhərə köçün əsas səbəbini çox dəqiq ifadə edir:
"İnsanlar təmiz havanı sevmədikləri üçün deyil, dolanışıq, iş və gəlir dalınca kəndi tərk edirlər. Təklif edirəm ki, kənddə daimi yaşayan ailələr üçün xüsusi güzəştlər paketi hazırlansın. Kənddə yaşayan və işləyən vətəndaş şəhərdə yaşayanla eyni kommunal xərcləri ödəməməlidir. Elektrik, qaz və su üzrə müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu, kənddə qalmaq üçün real stimul yaradacaq.
Digər vacib məsələ maliyyə resurslarına çıxışdır. Kənddə yaşayan gənc sahibkar şəhərdə yaşayanla eyni şərtlərlə kredit almamalıdır. O, daha aşağı faizlə, daha uzunmüddətli və daha əlçatan kredit əldə etməlidir. Kənddə ev tikmək istəyən gənclərə güzəştli ipoteka, ailə təsərrüfatı yaradanlara qrantlar, ilk biznesini quranlara vergi və sosial sığorta güzəştləri verilməlidir. Dünyanın bir çox ölkəsində kəndlərin yaşaması məhz belə təşviq mexanizmləri hesabına təmin edilir".
Bununla yanaşı, deputat vurğulayıb ki, kənddə fəaliyyət göstərən müəllim, həkim, aqronom, baytar və digər mütəxəssislər üçün əlavə əməkhaqqı və mənzil təminatı proqramları genişləndirilməlidir:
"Gənc mütəxəssis bilməlidir ki, kəndə gedərsə, bunun qarşılığında əlavə sosial təminatlar əldə edəcək.
Kənd yalnız əkin sahəsi deyil. Kənd həm də iqtisadiyyatın bir hissəsidir. Buna görə də kəndlərdə emal müəssisələri, aqroparklar, soyuducu anbarlar, logistika mərkəzləri, kiçik istehsal sahələri yaradılmalıdır. İnsan yalnız məhsul istehsal etməklə kifayətlənməməli, onu emal edib daha yüksək gəlir əldə edə bilməlidir".
Sədr müavini onu da diqqətə çatıdırıb ki, artıq “Kəndlərin İnkişafı üzrə Dövlət Proqramı” qəbul etməyin vaxtı çatıb:
"Bu proqram kənddə yaşayan və ya kəndə qayıtmaq istəyən gənclər üçün güzəştli ipoteka, aşağı faizli kreditlər, startap və aqrobiznes qrantları, rəqəmsal təhsil, yüksək sürətli internet, uşaq bağçaları, idman və mədəniyyət obyektləri kimi kompleks dəstək tədbirlərini özündə birləşdirməlidir.
Biz kəndləri yalnız infrastruktur yaratmaqla inkişaf etdirə bilmərik. İnsan kənddə qalmağa maraq göstərməlidir. Maraq isə çağırışlarla deyil, üstünlüklərlə yaranır. Elə bir şərait yaratmalıyıq ki, gənc şəhərə köçməyi yox, kənddə qalmağı öz gələcəyi üçün daha sərfəli seçim hesab etsin. İnanıram ki, düzgün dövlət siyasəti ilə buna nail olmaq mümkündür".
Sosioloq Üzeyir Şəfiyev məsələnin kökündə müxtəlif səbəblərin olduğunu vurğulayıb:
"Bu səbəblər arasında şəhərlə kənd arasındakı fərqlər, resurslara və müxtəlif xidmətlərə əlçatanlıq məsələləri xüsusi yer tutur. Biz regionlardan paytaxta gələn gənclərlə söhbətlərimizdə, həmçinin bölgələrə səfərlərimiz zamanı bunu müşahidə edirik.
Məsələ ondadır ki, regionlarda gənclərin yaş psixologiyasına uyğun iş yerləri kifayət qədər deyil. Bu, əsas səbəblərdən biridir. Bundan başqa, məsələ təkcə iş və məşğulluqla bağlı deyil. Eyni zamanda mənəvi mühit amili də var. Şəhərdə mövcud olan sosial və mənəvi mühit kənddə yoxdur. Gənclərin yaş psixologiyasını nəzərə alsaq, bu da onların şəhərlərə üz tutmasına səbəb olur. Asudə vaxtın səmərəli təşkili, mənəvi və emosional ehtiyacların ödənilməsi ilə bağlı imkanlar kəndlərdə məhduddur. Gənclər bunları tapa bilmədikləri üçün paytaxta üz tuturlar".
Sosioloq bildirib ki, şəhərlə kənd arasında mövcud olan fərqləri azaltmaq lazımdır:
"Dövlət başçısının çıxışlarında da bu fikir dəfələrlə səsləndirilib ki, şəhərlə kənd arasında fərqlər maksimum dərəcədə azaldılmalıdır.
Mən hesab edirəm ki, mədəni-kütləvi tədbirlərin daha çox regionlarda keçirilməsi məqsədəuyğun olar. Hətta kəndlərin özündə mümkün olmasa belə, rayon mərkəzlərində şəhərə yaxın bir mühit formalaşdırılmalıdır. Rayonlar bu gün şəhər statusu daşıyır və həmin şəhərlərə xas sosial-mədəni mühit yaradılmalıdır ki, gənclər öz mənəvi və emosional ehtiyaclarını ödəmək üçün paytaxta deyil, elə yaşadıqları rayon mərkəzlərinə üz tutsunlar.
Məsələn, görürük ki, yay aylarında insanlar daha çox bölgələrdə olurlar. Bunun səbəbi təbii şərait və istirahət imkanlarıdır. Elə şərait yaradılmalıdır ki, bölgələr yalnız yay mövsümündə deyil, ilin bütün fəsillərində cəlbedici olsun və mövsümi turizm bütün ilboyu davam etsin. Belə olduqda bölgələrə maraq və axın da artacaq".

Ü.Şəfiyev açıqlamasında mövcud tendensiya fonunda dünya ölkələrinin təcrübəsinə müraciətin önəminə də diqqət çəkib:
"Nümunə olaraq, elə ölkələr var ki, regionlarda çalışanlara paytaxt və iri şəhərlərlə müqayisədə daha yüksək əməkhaqqı verilir. Bu da insanları bölgələrdə işləməyə həvəsləndirən və motivasiya edən alətlərdən biridir.
Qardaş Türkiyə Respublikasında 2017-ci ildə həyata keçirilən "300 Çiftçi" layihəsi buna yaxşı nümunədir. Həmin layihə çərçivəsində kənddən şəhərə köç etmiş 300 min nəfərin yenidən kənd təsərrüfatına qayıtmasına nail olundu. Bu, kifayət qədər böyük göstəricidir.
Layihənin mahiyyəti ondan ibarət idi ki, kəndə qayıdan insanlara subsidiya verilir, təsərrüfat qurmaq üçün şərait yaradılırdı. Məsələn, onlara 300 baş sığortalı qoyun verilirdi və müəyyən edilirdi ki, sürü 3000 başa çatana qədər həmin heyvanlara toxunulmayacaq. Bunun müqabilində həmin şəxsə minimum əməkhaqqı həcmində maaş ödənilirdi. Sürü 3000 başı keçdikdən sonra isə əldə olunan gəlir artıq tam şəkildə həmin kəndçiyə qalırdı. Belə həvəsləndirici layihələr həyata keçirmək olar".
Sosioloq xatırladıb ki, Azərbaycanda da özünüməşğulluq proqramı çərçivəsində oxşar layihələr həyata keçirilir:
"Ancaq hesab edirəm ki, bu proqramlar daha effektiv olmalı və daha geniş əhali qruplarını əhatə etməlidir. Digər tərəfdən, gənclərin məşğulluğunu və onların asudə vaxtının səmərəli təşkilini təmin etmək üçün müxtəlif məkanlarla yanaşı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə vergi güzəştləri də tətbiq oluna bilər. Belə güzəştlər hazırda da var, lakin hesab edirəm ki, regionlarda daha geniş və daha effektiv vergi təşviqlərinə ehtiyac var.
Bundan başqa, paytaxtda fəaliyyət göstərən teatr kollektivlərinin, incəsənət adamlarının və mədəni tədbirlərin regionlarda daha çox təşkili də vacibdir. Yaradılan iş yerlərinin statistikasına baxdıqda görürük ki, onların əsas hissəsi Bakı və Abşeronun payına düşür. Daha məqsədəuyğun olar ki, bu iş yerlərinin bölgələr üzrə diversifikasiyası həyata keçirilsin və rayonlarda da yeni iş yerləri açılsın".
Onun fikrincə, iş yerləri yaradılarkən kollektiv əmək mühitinə də diqqət yetirilməlidir:
"Gənclərin birgə çalışa biləcəyi, ünsiyyət qura biləcəyi iş yerləri yaradılmalıdır. Qızlar və oğlanlar birlikdə çalışdıqları kollektivlərdə həm sosiallaşar, həm də onların ünsiyyət və mənəvi ehtiyacları müəyyən qədər ödənilmiş olar.
Ümumiyyətlə, kənddəki həyatı canlandırmaq lazımdır. Bunun üçün infrastruktur inkişaf etdirilməlidir. Məsələn, bölgələrdə həkim çatışmazlığı var. Elə ailələr olur ki, sağlamlıq imkanları məhdud uşaqlarının reabilitasiyası və ya habilitasiyası üçün məcburən paytaxta köçürlər. Çünki regionlarda bunun üçün lazımi şərait yoxdur.
Həkimlərin regionlar üzrə daha düzgün bölgüsü təmin edilməli, səhiyyə xidmətləri gücləndirilməli, məktəblər müasir tələblərə uyğun olmalıdır. Onların keyfiyyəti şəhər məktəblərinə yaxın səviyyədə təşkil edilməlidir ki, region sakini desin: "Səhiyyə xidməti də buradadır, təhsil də buradadır, sosial xidmətlər də əlçatandır. O zaman niyə paytaxta gedim?"
Yəni bu məsələyə holistik, başqa sözlə, hərtərəfli yanaşmaq lazımdır. Hesab edirəm ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində də əlavə təşviqedici tədbirlər görülə bilər ki, kənddən və rayonlardan paytaxta, mərkəzi şəhərlərə gənclərin axını azalsın".
Ü.Şəfiyev onu da əlavə edib ki, gənclərin kənddən şəhərə axını özü ilə başqa problemlər də gətirir:
"Regionlarda təbii artım azalır. Halbuki əvvəlki dövrlərdə təbii artım əsasən regionlarda yüksək olurdu. Gənclərin köçü nəticəsində artıq bu göstəricidə də azalma müşahidə edilir. Digər tərəfdən, paytaxtda və iri şəhərlərdə əmək bazarında sıxlıq yaranır və bunun ardınca digər sosial problemlər meydana çıxır.
Ona görə də hesab edirəm ki, bütün bu istiqamətlər üzrə kompleks tədbirlər görülməli, regionların iqtisadi, sosial, mədəni və infrastruktur baxımından inkişafı daha da sürətləndirilməlidir ki, gənclər yaşadıqları bölgələri tərk etməyə məcbur qalmasınlar", - deyə sosioloq qeyd edib.