Azərbaycan istehlakçıları ehtiyacından çox alış-veriş edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, bu vəziyyət həm istehlak mədəniyyəti, həm də biznes qurumlarının marketinq siyasəti ilə bağlıdır.
Onun sözlərinə görə, Azərbaycan istehlakçıları qənaətcil deyil və israfçılığa meyillidirlər:
"Azərbaycan istehlakçıları ümumiyyətlə israfçı istehlakçılardır. Bu israf qida məhsullarında da, sənaye mallarında da özünü göstərir. Uşaqlıqdan istehlakçıları israfçı böyütmək olmaz. Baxın, balaca uşağın nə qədər oyuncağı var. Belə böyüyən uşaq sonradan acgöz istehlakçıya çevriləcək".
E.Hüseynov bildirib ki, insanların ehtiyacından artıq məhsul alması sonradan həm maddi itkilərə, həm də qida tullantılarının artmasına səbəb olur:
"İnsanlar çörək alıb atırlar, meyvəni normadan artıq alırlar, xarab olur, zibilə gedir. Evlərdə istifadə olunmayan paltarlar, əşyalar yığılır. İstehlakçı bilməlidir ki, bir ili keçib istifadə etmədiyi əşyanı artıq evdə saxlamağın mənası yoxdur".
Birlik sədri hesab edir ki, insanların həddindən artıq alış-veriş etməsində marketinq siyasəti mühüm rol oynayır:
"Biznes qurumları istehlakçıları gözü doymayan istehlakçıya çevirməyə çalışırlar. Brend anlayışı insanların həyatına elə daxil edilib ki, guya bahalı və markalı məhsul mütləq daha keyfiyyətlidir. Halbuki bizə ən çox şikayətlər məhz bahalı və brend məhsullarla bağlı daxil olur".
O qeyd edib ki, yeni texnologiyalar və məişət avadanlıqları da insanları lazımsız xərclərə sövq edir:
"Bizə elə şikayətlər gəlir ki, insanlar 1000-1200 manatlıq məişət texnikası alırlar. Halbuki həmin məhsullara real ehtiyacları olmur. Kiçik dəyişiklik edib yeni model kimi təqdim edirlər və istehlakçı da buna aldanır".
Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda istehlakçıların ən çox aldadıldığı yerlərdən biri marketlərdir:
"Ən geniş yayılmış hallar rəfdə bir qiymətin, kassada isə başqa qiymətin tətbiq olunması, saxta endirim kampaniyaları və almadığı məhsulun pulunun istehlakçıdan tutulmasıdır. Bizə daxil olan şikayətləri ümumiləşdirsək, təkcə bir il ərzində Azərbaycan istehlakçıları almadıqları mallara görə təxminən 500 milyon manat artıq pul ödəyiblər".
Ekspert bildirib ki, istehlakçı hüquqlarının qorunması və maarifləndirmə işinin zəif olması bu problemlərin davam etməsinə şərait yaradır:
"Ölkədə istehlakçı siyasəti kifayət qədər güclü deyil. İstehlakçı hüquqlarını qoruyan qurumların fəaliyyəti və maarifləndirmə işi zəif olduğundan biznes qurumları bundan istifadə edir. İnsanlar da çox vaxt hansı hallarda aldadıla biləcəklərini bilmirlər".
E.Hüseynov vətəndaşlara alış-veriş zamanı ehtiyaclarını düzgün qiymətləndirməyi, qiymətləri kassada mütləq yoxlamağı, endirim kampaniyalarına tənqidi yanaşmağı və impulsiv alışlardan çəkinməyi tövsiyə edib.