Azərbaycanda istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların sayında ardıcıl azalma meyilləri müşahidə olunur. Son statistik göstəricilər ölkədə heyvandarlığın ciddi krizislə üz-üzə qaldığını göstərir.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 757,8 min baş qoyun və keçi, 2 milyon 435,5 min baş iribuynuzlu mal-qara (o cümlədən 1 milyon 207,1 min baş inək və camış) mövcud olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvarın 1-də ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib. Bu isə cəmi bir il ərzində 30,1 min baş azalma deməkdir.
Analoji vəziyyət xırdabuynuzlu heyvanlarda da qeydə alınıb. Belə ki, 2025-ci ilin əvvəlində qoyun və keçilərin sayı 6 milyon 896,5 min baş olduğu halda, son bir ildə 138,7 min baş azalaraq 6 milyon 757,8 min başa düşüb. Həmçinin donuzların sayı da 3 103 başdan 2 890 başa enib.
Daha narahatedici məqam isə odur ki, son 10 ildə xırdabuynuzlu heyvanların sayında təxminən 20-25 faiz, iribuynuzlu heyvanların sayında isə 7-8 faiz azalma qeydə alınıb.
Davam edən mənfi dinamikanı Modern.az-a şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, yaranmış vəziyyətin əsas səbəbi ölkədə örüş ərazilərinin kəskin kiçilməsi və yem bazasının sıradan çıxmasıdır:
"Təsəvvür edin, bazarda ətin və südün qiyməti kəskin şəkildə artır. Belə bir vaxtda kəndli və ya fermer heyvan saxlamaqdan, ət-süd istehsal edib varlanmaqdan niyə imtina etsin? Deməli, kökündə ciddi problemlər var.
Uzun müddətdir Azərbaycanda örüş əraziləri get-gedə azalır. Vaxtilə 2 milyon 400 min hektar olan otlaq sahələrinin demək olar ki, yarısı məmurlar və bəzi şirkətlər tərəfindən mənimsənilib. Əvvəllər otlaq kimi istifadə olunan torpaqlarda indi bəzi məmurlar əkinçiliklə, pambıqçılıqla məşğul olur, bəziləri isə özünə villa və ya istirahət zonası tikib".

Ekspert vurğulayıb ki, bu addımlar bir tərəfdən yem istehsalını azaldır, digər tərəfdən isə fermerlərin heyvanları otarmasını mümkünsüz edir:
"Əvvəllər fermerlər təxminən 2 milyon hektarlıq örüş ərazisindən rahat yararlana bilirdilər və heyvanların baş sayı indikindən ən azı 20 faiz çox idi. İndi isə otlaq tapılmadığı üçün kəndli heyvanı qapalı şəraitdə saxlamağa məcburdur. Bu zaman kəskin yem çatışmazlığı ilə qarşılaşırlar.
Bir müddət əvvəl Şamaxı, Hacıqabul və ətraf rayonlarda 100 min hektara yaxın geniş otlaq sahələri ələ keçirildi, orada taxıl səpini aparıldı. Lakin həmin torpaqlarda məhsuldarlıq çox aşağı oldu. Üstəlik, əkindən sonra lazım olan gübrələr verilmədi və deqradasiya nəticəsində o torpaqlar tamamilə yararsız hala düşdü. Hazırda həmin ərazilərin bir çoxundan ümumiyyətlə istifadə olunmur".
Vahid Məhərrəmli sonda qeyd edib ki, prosesin qarşısı alınmadığı üçün heyvanların sayındakı azalma meyli hələ devam edəcək.