Modern.az

Çörək növbələri

Çörək növbələri

Ölkə

31 Avqust 2010, 15:35

Son günlər yenə çörəyin qiymətindən danışmağa başlayıblar. Deyirlər bahalaşacaq...
Hərdən yol qırağına, səkilərin üstünə, bəzən də zibilxanaya çörək atıldığını görəndə ürəyim ağrıyır. Axı bu neməti niyə belə hörmətsiz edirlər. Axı onun ərsəyə gəlməsi üçün neçə-neçə insanın zəhməti var. Unutqanlığımız nə vaxtadək davam edəcək. Görəsən çörəyi zibilxanaya atanlar 1990-cı illərin əvvəllərini xatırlamırlarmı?

Mənimsə o günlər heç zaman yadımdan çıxmır.
- Əfqan əmi 4 dənə ver də…
- Əfqan 7 çörək ver….
- Yoxdur. Vallah yoxdur…
...hərəyə 3 çörəkdən artıq verməyəcəm…

Bu sözlər hələ də mənim qulağımda cingildəyir. Səhər saat 5-də yuxudan durar, çörək növbəsinə gedərdim. Ailəmiz böyük idi. Günə 3 çörəkdən artıq vermirdilər. Odur ki, yazıq anam növbəyə məni də aparırdı. Balaca olduğumdan adamların arasından keçir, 3 çörək də mən alırdım. Bəzən isə heç çörək çatmırdı. Həmin gün yarıac qalası olurduq. Ölkədə müharibə gedirdi axı....

Çörək növbələrində arabir başıma dəyən qapazları, şillələri tez-tez xatırlayıram. Bir dəfə də növbəyə soxulanda bir kişi məni tutdu. Başıma bir qapaz vurdu və “it oğlu-it, bunun hərəkətinə bax” dedi. O vaxt ikinci sinifdə oxuyurdum. O kişi məni nöbəyə duranların arasından kənara itələdi. Yerə yıxıldım. Bu vaxt həmin “kişinin” balaca bir uşağa “nooldu keç də fərasətsiz...” deməsini gördüm. Sən demə məni kənara itələyən bu “haqqsevər” öz oğlunu növbəsiz araya soxurdu. Ürəyimdən bir anlıq qisas hissi keçdi. Amma balaca idim, yanımda o uşaq atam yox idi. O, müharibədə vuruşurdu.
Yenidən növbəyə girmək istədim, yenə həmin kişi mənim üstümə qışqıranda “öz oğlunu araya niyə soxursan” deyə mən də onun üstünə bağırdım. Bir anlıq duruxdu… Ətrafdakı nifrət dolu baxışların altında gülə-gülə “işimiz var də səninlə” dedi. Amma bir-iki nəfər “utanmazın biri, yekə kişisən uşağı niyə vurursan” deyəndən sonra ürəkləndim. Bu vaxt kimsə “çörək çıxdı” deyə qışqırdı. Ətrafa “Əfqan çörək ver…Əfqan əmi… Ay qardaş” sədaları yayıldı.
Əfqan isə hirsli-hirsli “o uşağa yol verin, yoxsa çörək verməyəcəyəm” deyə məni göstərdi. Sən demə bayaqdan olanlara baxırmış. İrəli keçdim.
- Neçə dənə istəyirsən?
- Qorxa-qorxa 6 dənə dedim.
- Elə 6 çörək çıxıb, al hamısı sənindir.

Pulu verib çörəkləri götürdüm. Arxama baxmadan qaçdım. Arxadan adamların “Əfqan bu nə hərəkətdir..? Əcəb eləyirəm” sözlərini eşitsəm də, dayanmadım. Sevinə-sevinə evə tələsirdim. Üstüm toza batsa, dirsəyim qanasa da çörək almışdım…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı