Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb.
Sənədə əsasən, 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonası yaradılacaq. Həmin zonaların tərkibində azı 3 turizm mərkəzinin formalaşdırılması planlaşdırılır.
Seçilmiş turizm mərkəzlərinin baş inkişaf planlarına uyğun olaraq sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya, avtomobil yolları və yol-nəqliyyat infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə bu ərazilərə özəl investisiyaların cəlb olunması və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Dövlət Proqramı çərçivəsində dağ-piyada turizminin inkişafı istiqamətində də tədbirlər görüləcək. Belə ki, mövcud 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə 8 dağ-piyada marşrutu müəyyən edilərək işarələnəcək və rəqəmsal xəritələndiriləcək.
Bununla yanaşı, seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.