Modern.az

Azərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır

Azərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır

Ölkə

Bu gün, 18:01

Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomat, siyasətçi, parlamentari, akademik, alim, tələbə, biznes nümayəndələri və digər siyasi-ictimai xadimləri bir araya toplayan Forumun təşkilinə ADA Universiteti, BP şirkəti, Britaniyanın Bakıdakı səfirliyi, eləcə də Azərbaycanın Britaniyadakı səfirliyi dəstək veriblər. 

Modern.az xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Həmçinin Britaniyanın Bakıdakı səfiri Norman Dunkan tədbir iştirakçılarına video-müraciət edib.

Çıxışı zamanı Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçmiş münasibətlərdir və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır.
2025-ci ilin 8 avqust ayında keçirilən tarixi Vaşinqton sammitindən sonra Azərbaycana səfər edən ilk Avropalı rəsminin məhz Britaniya XİN-in dövlət naziri olmasının Britaniyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstəyinin bariz göstəricisi olduğunu deyən səfir Süleymanov Britaniya tərəfinə regiondakı reallıqları düzgün qiymətləndirdiklərinə görə təşəkkür etmişdir.
Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan tədbir iştirakçılarına göndərdiyi video-mesajda Forumun olduqca əhəmiyyətli bir vaxtda – Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib. Britaniya səfiri Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinin əmələ gətirdiyi regional sülh və sabitliyin bütün bunlara münbit şərait yaratdığını qeyd edib. 


Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən ticarət, enerji, təhlükəsizlik, bağlantılar və sairə kimi sahələrdə Azərbaycanın Britaniya üçün vacib əhəmiyyətinin olduğunu vurğulayıb və Azərbaycan üzrə Qrupun sədri kimi Britaniya parlamentində Azərbaycanın geosiyasi əhəmiyyətinin təşviq edilməsi istiqamətində öz davamlı fəaliyyətindən söhbət açıb. Bob Bləkmən Azərbaycana səfərlərini yada salaraq 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.


Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin patşrlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. Lord Xan dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib. O, ötən aylarda Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Koaker, həmçinin Britaniyanın Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın Azərbaycana səfərlərini yada salaraq iki ölkə arasında əməkdaşlığın böyük potensialının olduğunu söyləyib.


BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iki ölkə arasında ənənəvi enerji, eləcə də alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb. 


Çıxış edənlər Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisdə Azərbaycan-Britaniya parlamentləarası işçi qrupunun sədri Fariz İsmayılzadəyə tədbirin təşkil edilməsindəki töhfələrinə, görə təşəkkür ediblər. 


Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik konktekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Paneldə Britaniya parlamentinin sabiq üzvü, Better Earth Limited şirkətinin İcraçı direktoru Nigel Adams, Xəzər Siyasət Mərkəzinin Baş məsləhətçisi, Britaniyalı keçmiş səfir David Moran, The City of London Korporasiyasının üzvü, Alderman Emma Edhem, Realstrategik Konsultasiya şirkətinin direktoru Pərvinə Hüseynova, AnewZ kanalının redaktor müavini Orxan Amaşov çıxış edərək müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyini müzakirə ediblər. 


XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü – regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.


Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək Forumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması Forum iştirakçılarının yekdil mövqeyidir. 


Tədbirin sonunda xatirə şəkli çəkilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia