Modern.az

Şəxsi problemlərimizin yükünü uşaqların üzərinə qoymamalıyıq – Psixoloq

Şəxsi problemlərimizin yükünü uşaqların üzərinə qoymamalıyıq – Psixoloq

Ölkə

Bu gün, 16:45

Valideynlərin yaşadığı emosional gərginlik və ailədaxili münaqişələr uşaqların davranışına, emosional vəziyyətinə və şəxsiyyətinin formalaşmasına təsir göstərə bilər. Problemləri uşaqlardan gizlətməyə çalışmaq onların evdəki gərginliyi hiss etmədiyi anlamına gəlmir.

Bunu Modern.az-a açıqlamasında psixoloq Fəridə Musavi bildirib.

Onun sözlərinə görə, uşaqlar valideynlərinin yalnız dediklərinə deyil, səs tonuna, hərəkətlərinə və bir-birinə münasibətinə də reaksiya verirlər. Kiçik yaşlı uşaqlar belə evdəki qışqırıq və gərginliyi hiss edə bilirlər.

“Uşaqlar valideynlərinin hərəkət və davranışlarını təkrarlayırlar. Münaqişələrdən tam uzaq qala bilmiriksə, heç olmasa həmin vəziyyətə emosional deyil, məntiqli yanaşmağa çalışmalıyıq. Ən vacibi, övladımızla övlad kimi rəftar etməli, şəxsi problemlərimizin və daxili yükümüzün ağırlığını onun üzərinə qoymamalıyıq”, – psixoloq vurğulayıb.

Fəridə Musavi valideynlərin öz psixoloji vəziyyətinə diqqət yetirməsinin uşağın rifahı baxımından da əhəmiyyətli olduğunu deyib. O, psixoloji dəstəyə müraciətin zəiflik kimi qiymətləndirilməsini yanlış hesab edir.

“Ayağımızda sümük sınanda həkimə müraciət edirik. Emosional çətinliklərlə üzləşəndə də mütəxəssisdən dəstək almaqdan çəkinməməliyik”, – o bildirib.

Psixoloq valideynləri uşaqların yanında davranışlarına diqqət yetirməyə, ailədə sağlam ünsiyyət mühiti yaratmağa və ehtiyac duyduqda peşəkar dəstək almağa çağırıb.

Gülbadam Cümşüdova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia