Azərbaycan turizmi xaricdə böyük reklam kampaniyasına başlayır.
Modern.az xəbər verir ki, Azərbaycan “2026–2030-cu illəri əhatə edən Dövlət Turizmin İnkişafı Proqramı” çərçivəsində ölkənin turizm potensialının beynəlxalq bazarlarda tanıdılması üçün genişmiqyaslı proqram həyata keçirməyə hazırlaşır.
Proqram çərçivəsində Azərbaycanın turizm imkanlarının 5 beynəlxalq televiziya kanalı və 2 məşhur onlayn platformada reklam olunması nəzərdə tutulur. Bundan başqa, kino sənayesi və sosial şəbəkələr üçün xüsusi kontent hazırlanmasına diqqət yetiriləcək. Hazırlanacaq materialların ümumi illik baxış sayının 100 milyona çatdırılması planlaşdırılır.
Proqramın digər əsas istiqamətlərindən biri Azərbaycanın xarici ölkələrlə hava əlaqələrinin genişləndirilməsi olacaq. Bu çərçivədə yeni birbaşa aviareyslərin açılması, mövcud uçuşların sayının artırılması, regional hava limanlarından daha fəal istifadə və büdcəli aviaşirkətlərin ölkəyə cəlb edilməsi nəzərdə tutulur.
İlkin mərhələdə hər il ən azı bir yeni prioritet turizm istiqamətinin açılması planlaşdırılır.
Proqramın sonuna qədər isə ən azı 4 yeni aviareysin istifadəyə verilməsi və hazırda mövcud olan uçuşların tezliyinin 20 faiz artırılması hədəflənir.
Turizmin inkişafı proqramında viza rejiminin liberallaşdırılması da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan prioritet hesab olunan turizm ölkələrinin vətəndaşları üçün birtərəfli və ya qarşılıqlı vizasız rejimin tətbiqi məqsədilə zəruri prosedurlar həyata keçirəcək.
Nəticədə 34 ölkənin vətəndaşları üçün vizasız giriş imkanının yaradılması planlaşdırılır.