Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi bu il tələbə qəbulu zamanı Azərbaycanda ən zəif nəticə göstərmiş rayonların Təhsil şöbələrinin işi ilə bağlı araşdırmalar aparır. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən
Modern.az-a bildirilib ki, yaxın on gün ərzində bununla bağlı açıqlama veriləcək. “Hazırda məsələ öyrənilir, araşdırma aparlır”.
Qeyd edək ki,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyimiz 2010/2011-ci tədris ilində ali məktəblərə ən az abituriyenti qəbul olunan bölgələrin siyahısında Xaçmaz, Fizuli, Daşkəsən, Ağsu rayonları ilə bərabər Ağdaşın da adı qeyd olunmuşdu.
Lakin sonradan apardığımız dəqiqləşdirmələr nəticəsində bizə məlum oldu ki, Ağdaş rayonunun adı siyahıya yanlışlıq üzündən düşüb.
Buna görə də
Ağdaş rayonundan bu il ali məktəbə qəbul olunanların statistikası ilə maraqlandıq. Real statistika bu rayonda təhsilin səviyyəsi barədə müsbət fikirlər söyləməyə əsas verir.
Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Lütfi Paşayev saytımıza bildirib ki, 2010/2011-ci tədris ilində Ağdaşdan ali və orta ixtisas məktəblərinə 470 abituriyent sənəd verib. Onlardan 201 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub.
Ağdaşlı abituriyentlərdən 269 nəfər isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb.
Bu isə o deməkdir ki, bu il Ağdaşdan olan bütün 470 abituriyent hamılıqla tələbə bileti alıb.
L.Paşayevin sözlərinə görə, 470 abituriyent arasından bu qədər gəncin tələbə adını qazanması yaxşı göstərici sayılır. Təhsil Şöbəsinin müdiri onu da deyib ki, bu il ali məktəbə qəbul olunan ağdaşlı tələbələridən 29 nəfər 500-dən yuxarı, 9 nəfər 600-dən yuxarı bal toplayaraq Ağdaşın başını daha da uca edib. Onun sözlərinə görə, bir müddət öncə Ağdaşdaşdan olan yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Görüşdə Ağdaş rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib, tələbələrə mükafatlar və təqaüdlər ayrılıb.
Modern.az