Modern.az

Bakının Mərkəzi Asiya gedişi: Özbəkistanla nələr dəyişəcək? 

Bakının Mərkəzi Asiya gedişi: Özbəkistanla nələr dəyişəcək? 

Ölkə

Bu gün, 12:25

"Azərbaycan və Özbəkistan arasında əlaqələr getdikcə daha da güclənir. Mərkəzi Asiyada əhalisinin sayına görə lider mövqedə olan Özbəkistanda maşınqayırma sənayesi, eləcə də pambıqçılıq inkişaf edib.
Bir sözlə, Özbəkistan Mərkəzi Asiyada olduqca önəmli yer tutur".

Modern.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərində mövcud hüquqi və müdafiə bazasının daha da irəlilədilməsi və yeni reallıqlara uyğunlaşdırılması çox vacib nüansı özündə ehtiva edir:

“Azərbaycan-Özbəkistan münasibətləri ikitərəfli əlaqələrdə mövcud olan hüquq-müqavilə bazasının daha da irəlilədilməsi və onun yeni reallıqlara uyğunlaşdırılması çox vacib nüansı özündə ehtiva edir. Digər tərəfdən, Azərbaycan-Özbəkistan münasibətlərini çoxtərəfli formatda, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlıq müstəvisində qiymətləndirə bilərik.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya artıq mühüm yer tutmağa başlayır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdə Azərbaycanın mövqeyinin güclənməsi aydın şəkildə ifadə olunur”.

Politoloq qeyd edib ki, Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin qurulması daha çox nəqliyyat, logistika sahəsində yeni elementlərlə zənginləşəcək: “Cənab Prezident İlham Əliyev Özbəkistan İnformasiya Agentliyinə verdiyi müsahibədə bununla bağlı kifayət qədər ciddi məqamlara toxunub. Deməli, tarixi, mədəni, təhsil sahəsində əlaqələrdən savayı, siyasi münasibətlərdə də yenilənmə gedir. Bunun iqtisadi-ticari sferaya sirayət olunması prosesində daha maraqlı hadisələr, Azərbaycan üçün yaddaqalan nəticələr doğura bilər.
Çünki Azərbaycanın xarici siyasət kursunun vektorlarına baxdıqda, rəsmi Bakı təkcə Qafqazla əhatələnən siyasətlə kifayətlənmir.

Eyni zamanda, bunun Mərkəzi Asiya ilə strateji bağlantılar quran körpülərini inşa etməyi bacarır.
Buna görə də Azərbaycan-Özbəkistan münasibətləri ən çox respublikamızın xarici siyasətinin güclənməsinin bir indikatoru kimi çıxış edir. Bu, Azərbaycanın Mərkəzi Asiyada yenidən mövqelənməsi beynəlxalq oyunçularla münasibətlərinə də müsbət təsir edəcək”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr yaxşı səviyyədə olsa da, əməkdaşlıq üçün potensial daha böyükdür: “Azərbaycanla Özbəkistan arasında əlaqələr yaxşı səviyyədədir. Ancaq Özbəkistanla əməkdaşlıqda potensial daha da böyükdür. Bir neçə görüşlərdə də iqtisadi, investisiya, ticari, bir də logistik-tranzit məsələləri ön planda olub.

Özbəkistan qısa dövrdə çox böyük iqtisadi inkişaf yolu keçib. Əhali sayına görə Özbəkistan ən böyük ölkədir. Onların çoxu avtomobilqayırma, pambıq sənayesində bir çox sahələrdə bizə örnək də ola bilərlər.

Özbəkistanla Azərbaycan arasında İnvestisiya Fondu da yaradıldı ki, birgə maraqlı layihələrə investisiyalar qoyulsun. Kooperasiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də işlər görülür. Ticarət əlaqələri hazırda potensialından aşağıdır.

Amma İnvestisiya Fondu birgə maraqlı layihələrə investisiya edəcəyinə görə, Özbəkistanla birgə müəssisələrin yaranma prosesini də yaxın gələcəkdə görəcəyik. Əsas məsələ odur ki, hər iki dövlət bu istiqamətdə ciddi surətdə addımlar atır.

Potensialın özü çox böyükdür. Xüsusən birgə əməkdaşlıq fikirləşilir, həm də investisiya qoyuluşları fikirləşilir, həm də tranzit əlaqələri, həm də Özbəkistandan ixracının Azərbaycan üzərindən Avropaya çıxarılması, Orta Dəhlizin inkişaf etdirilməsi kimi ciddi potensial mövcuddur. Görünən odur ki, hər iki ölkə bu istiqamətdə ciddi addımlar atır”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!