Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan Milli Ordusunun şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Ermənistan prezidenti Serk Sərkisyana müraciət edib. Bu barədə “Armenia Today” informasiya agentliyi məlumat yayıb. Eçmiədzinin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan erməni mətbuatına bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir müddət öncə bütün Rusiyanın patriarxı Kirill vasitəsilə II Qareginə müraciət edərək, Mübariz İbrahimovun meyitinin qaytarılmasında Azərbaycana kömək etməsini istəyib. Vaqram Melikyan deyib ki, bu məsələ ilə əlaqədar II Qaregin artıq Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb və ondan Dağlıq Qarabağdakı döyüşdə şəhid olan Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılmasına yardış göstərməyi xahiş edib. “Bəs prezidentin katalikosa cavabı nə olub” sualına Eçmiədzinin mətbuat xidmətinin rəhbəri deyib ki, bununla bağlı informasiyanın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Modern.az-ın məlumatına görə, erməni mətbuatı yazır ki, bütün ermənilərin katolikosu II Qareginin bu addımı erməni millətçilərini qəzəbləndirib. Millətçilər 5 erməni əsgərini öldürən azərbaycanlı gizirin meyitinin qaytarılmasına qarşı çıxaraq II Qareginin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Xatırladaq ki gizir Mübariz İbrahimov bu il iyunun 18-də Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə qəhrəmancasına həlak olub. Ölkə başçısının sərəncamı ilə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Modern.az