Hər bir gəncin gələcək həyat yoldaşı haqqında özünəməxsus fikirləri var. Evlilikdən qabaq gələcək ömür-gün həmdəmi barədə hərə bir cür xəyal qurur, sevgilisinin necə olmasını öz-özlüyündə təsəvvür edir.
Modern.az saytı ötən dəfə ayrı-ayrı peşə sahibləri olan gənc oğlanlardan “gələcək həyat yoldaşınızın necə olmağını istəyirsiz” sualına cavab öyrənmişdi.
Bu dəfə eyni sualı gənc qızlara ünvanladıq. Cavablar rəngarəngdir.
Nailə Abdiyeva, jurnalist: “Məncə burada fərdi seçimdən söhbət gedir. Mənə gəldikdə, demokratik dünyagörüşlü, ambisiyalı oğlanla ailə qurmaq istərdim. Bir az romantikliyi ikinci dərəcəli olsa da şərtdir, yaşla bağlı heç bir kompleksim olmasa da, boyca məndən hündür olmağı arzuediləndir. Son olaraq isə məni olduğum kimi qəbul edən birisi olmalıdır. Bu tip xarakterli oğlanları da xanımlara məsləhət görərdim”.
Könül Cəfərova, humanitar sahə üzrə mütəxəssis: “Deməli ən azından ailə həyatı quracağım insan məni olduğum kimi qəbul etməli və hər zaman başa duşməlidir. Həmişə ailəsinə, xanımına hörmət etməlidir. Bundan əlavə, müasir zamana uyğunlaşmalıdır, amma təbii ki, milli-mənəvi dəyərlərdən kənara çıxmamaq şərtilə. Həmçinin məndən savadlı və dünyagörüşlü olsun ki, lazım olanda bilmədiyim şeyləri ondan soruşub öyrənə bilim. Həm də bir az da qisqanc olsun, mənim üçün oğlanların xaricindən çox daxili gözəlliyi daha önəmlidir. Cüzi yaraşığı olsa kifayətdir, amma əsas ürəyi, daxili gözəl olsun. Bir də mənim üçün ailə həyatı quracaq insanın ailəsi də çox önəmlidir. Ən azından ailələr hər zaman bir-birinə uyğun olmalı və hər ikisi gəlini və ya kürəkəni düzgün qaydada qəbul etməlidirlər”.
Məlahət Nəsibova, tərcüməçi-redaktor: “Yüksək intellekt sahibi olmalı, danışıq qabliyyəti yaxşı olmalıdır. Mənə və ətrafımdakılara hörmət etməyi bacarsın. Məni olduğum kimi qəbul edə bilsin. Karyerama qarşı çıxmasın. Diqqətli olsun, məni sevsin. Boyda məndən hündür olsun. İnkişaf etməyi sevsin və inkişaf etsin”.
Samirə Abdullayeva, mədəniyyət sahəsi üzrə mütəxəssis: “Əsas odur ki, insan olsun. Mənə dəyər verib, başa düşsün. Boyu məndən hündür olsun. Görünüşü normal olmalıdır. Yəni yanında gedəndə nə mən, nə dəki o utansın. Əgər mən həmin insanla ailə həyatı quracağamsa, bu zarafat deyil. Çox qısqanc olmamalı, hər şeyi çürüdən olmamalıdır. Dinləməyi bacarmalı, səbirli olmalı, yaşda məndən mütləq böyük olmalı, normal qazancı olmalıdır. Sevgiylə qarın doymaz”.
İnci Məmmədova, marketinq meneceri: “Ağıllı, hörmət etməyi bacaran və çoxlu kitab oxuyan, dünyagörüşlü oğlan olsun. Bəsimdir”.
Günel Ağayeva, tələbə: “Əslində çətin sualdı. İnsan sevəndən sonra heç nəyə fikir vermir. Sevmədiyimə görə ağıllı fikirlərim var. Ağır bağlı, ailəcanlı, bir az da yaşlı olsun. Çünki onların həyatdan başları çıxır. Lap cavan olanlar əyləncə axtarırlar. Ailəsini saxlaya bilən olsun, anlayışlı biri olsun. Güclü olsun. Bilim ki, hər zaman yanımda güclü bir çiyin var”.
Gülay Həşimova, menecer: “Mən şəxsən evlilikdə sevgiyə fikir verməyəcəm. Əsas yanında rahat olacağım, səhvimi başa düşən, həyatı yaxşı paylaşacağım biri olsun, yetər”.
Ülkər Əliyeva, iqtisadçı: “Mən istərdim ailə qurduğum insanda bütün yaxşı xüsusiyyətləri görüm. Təbii ki, bu, hər bir insanın arzusudur. Mənim əks cinsin nümayəndələrində görmək istədiyim ən əsas cəhət ciddilikdir. Məncə, qeyri-ciddi insanla münasibət qurmaq çox pis olardı. Qızlara məsləhətim budur ki, ailə qurduqları insanı diqqətlə araşdırsınlar. Evdə qalmamaq xatirinə təsadüfi insanlarla ailə qurmasınlar. Çünki kortəbii şəkildə qurulan nikahların ağır nəticələrini bugün hər birimiz mətbuatdan izləyirik. Ataların bir məsəli var: “Yüz ölç bir biç”. Xanımlara məsləhətim həmişə bu məsəli öz şəxsi həyatlarına tətbiq etmələridir”.
Günay Musayeva, tələbə-jurnalist: “Oğlanlarda bəyənmədiyim xüsusiyyət: loğalıq, yalançılıq, özlərini şit aparmaları, kobudluq, yerli-yersiz danışmaları, ən əsası da şorgöz olamalarıdır. Təbii ki, bu, bütün oğlanlara aid deyil. Oğlanların 70 %-i yalan danışır. Bir də ki, oglanlar qizlara zəif deyir, amma yeri gələndə onlar qızlardan da zəif olur. Hər zaman güclü görünməyə çalışırlar, ancaq zəif tərəfləri çoxdur. Özləri etiraf etməsələr də... Ən əsası oğlanlar bilməlidirlər ki, qadınlar diqqəti və komplimenti çox sevirlər. Mənə gəlincə, hər bir çətinliyə dözən, güvənli, ailəcanlı, şorgöz və qısqanc olmayan yaxşı bir aşiqə aşik ola bilərəm...”.
Aygün Məmmədli, tələbə: “Hər bir qız xəyalında həmişə evlənəcəyi oğlanı təsəvvür edir. Bəziləri yalnız xarici görünüşə, bəziləri ağıla, bəziəri də pula üstünlük verir. Evlənəcəyi insan qarşısına çıxanda, hər bir qız onu hiss etməlidir. Əsas qarşılıqlı hörmət və sevgidir. Qalanları sonradan möhkəm iradə və ağılla həll olunur”.
Hazırladı Vüqar Ağamalıoğlu