2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz böyüyüb.
Modern.az xəbər verir ki, bu barədə əsas makroiqtisadi göstəricilərin icmalında məlumat verilib.
Hesabat dövründə neft-qaz sektorunda 0,8 faiz azalma, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz real artım qeydə alınıb. Qeyri-neft-qaz sektorunda yaradılan ÜDM-in həcmi 61 milyard 527,6 milyon manat olub.
Sənaye məhsulunun ümumi həcmi 44 milyard 620,3 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz azalıb. Bununla yanaşı, qeyri-neft-qaz sənayesində 5,4 faiz artım qeydə alınıb.
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,6 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 8,7 faiz, informasiya və rabitə xidmətləri 10,7 faiz, pərakəndə ticarət dövriyyəsi isə 3,9 faiz artıb.
Əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 10 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat, xərcləri 22 milyard 770,6 milyon manat olub. Nəticədə büdcədə 3 milyard 715,9 milyon manat profisit yaranıb.
Sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dollarına çatıb. Xarici dövlət borcu isə 7,8 faiz azalaraq 4 milyard 559,5 milyon dollar təşkil edib.
Avqustun 1-nə iqtisadiyyata kredit qoyuluşları 34 milyard 155,1 milyon manata yüksəlib. Fiziki şəxslərin banklardakı əmanətləri 15,8 faiz artaraq 17 milyard 896,7 milyon manata çatıb.
2026-cı ilin yanvar-iyul aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1176,7 manat olub. Eyni dövrdə inflyasiya 5,7 faiz təşkil edib.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 17,4 milyon dollar olub. İxrac 39,1 faiz artaraq 20 milyard 136,7 milyon dollara çatıb, idxal isə 27,4 faiz azalaraq 9 milyard 880,7 milyon dollar təşkil edib.