“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin müvafiq qurumları tərəfindən turizm potensiallı bölgələrdə ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunması üzrə müvafiq tədbirlər həyata keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir:
.
Zaqatala şəhər mərkəzində fəaliyyət göstərən “Dədə Qorqud” parkında mövcud olan dörd ədəd Şərq çinarı təbiət abidələrinin üzərində bu abidələrin Azərbaycan və ingilis dilində yazılmış xarakterik xüsusiyyətlərini əks etdirən lövhələr asılmış, abidələrin pasportlaşdırılması başa çatdırılaraq şəhər ərazi nümayəndəliyinə təqdim edilib.
Turizm üçün böyük əhəmiyyət kəsb edən Tarix Mədəniyyət Qoruğunda mühafizə divarları ilə əhatələnən qala ərazisində yerli meşə cinslərinə aid tinglər əkilib. Qoruq turistlərin qəbulu üçün hazır vəziyyətdə saxlanılır.
Rayon mərkəzindən 18 km məsafədə, Dövlət Meşə Fondunun ərazisində yerləşən və III-IV əsrə aid Pəri Qala tarixi abidəsinin cənub hissəsindəki 3 hektar düzənlik sahədə 2008-2010-cu illərin ağac əkini dövrlərində üç min ədəd şabalıd, min ədəd qoz və 150 ədəd fındıq kolları əkilib. Əkin sahəsinin mühafizəsi üçün ərazi çəpərlənib.
Zaqatala rayonu ərazisində turizmin inkişafına xidmət edəcək otellərin və digər xidmət sahələrinin hər biri mərkəzi kanalizasiya sisteminə qoşulub. Keçirilən monitorinqlər zamanı bu obyektlərin ətraf mühitə zərərli təsir göstərməsi faktları aşkar edilməyib.
Qax rayonunda turizmin inkişafı üçün uyğunlaşdırılmış “Uludağ”, “Yaşıl Park” istirahət obyektlərinin fəaliyyətləri qanun pozuntularına yol verildiyi üçün məhdudlaşdırılıb.
Şəki şəhərindəki Qala ərazisində “Tarix Mədəniyyət Qoruğu”nun bilavasitə yaxınlığında ət satışı səyyar köşklərinin yaratdığı antisanitar vəziyyət aradan qaldırılıb. Qeyd olunan qoruğun və bütövlükdə Şəki şəhərinin ərazisindən axan Qurcana çayına məişət tullantılarının atılmasının və tullantı sularının axıdılmasının qarşısı da alınıb. Bu cür halların təkrarlanmaması üçün ərazilərdə bu barədə müvafiq xəbərdaredici lövhələr yerləşdirilibvə bu tədbirin icrasında şəhər bələdiyyəsinin, şəhər ərazi nümayəndəliyinin və QHT-nin iştirakı təmin edilib.
İsmayıllı, Qəbələ, Şamaxı və Ağsu rayonları ərazilərində mövcud turizm yerləşdirmə obyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın minimuma endirilməsi ilə əlaqədar turizm obyektlərində tullantı suların axıdılması, əmələ gələn bərk tullantıların idarə olunması vəziyyəti mütəmadi olaraq araşdırılır və ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı bu obyektlərin rəhbərliyinə qarşı inzibati tədbirlər görülür. Çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq məcburi göstərişlər verməklə yanaşı, bu obyektlərdə müvafiq maarifləndirmə işləri də aparıllb.
Müqtədir-Nabran ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün istirahət obyektlərinin əksəriyyətində formalaşan tullantı suları quyulara (şambo) axıdılır və xüsusi təyinatlı nəqliyyatla daşınır. Yalnız “Palma”, “Malibu”, ARDNŞ-in “Kaspian” istirahət zonasında modul tipli təmizləyici qurğular mövcuddur.
Xaçmaz rayonunun Nabran ərazisində Nabran-Yalama yolunun kənarında “AzərSu” ASC tərəfindən 2007-ci ildə təmizləyici qurğu quraşdırılsa da, fəaliyyətə başlamamış, qurğunun xətləri çəkilməmiş və çirkab suların təmizlənməsi üçün heç bir qurumla müqavilə bağlanılmayıb.
Nabran kəndi yaşayış massivinin kanalizasiya sisteminin layihələndirilməsi işləri aparılıb. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq daha 4 yaşayış məntəqəsində (Turist, Şimal, Günəşli və Müqtədir) modul tipli təmizləyici qurğunun quraşdırılması və tikintisi üçün torpaq sahəsi ayrılıb.
Qeyd olunanlarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sözügedən ərazilərdə fəaliyyət göstərən 20-ə yaxın istirahət komplekslərində ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti araşdırılmış, ətraf mühitə (o cümlədən su obyektlərinə) tullantı suların axıdılmasına və bərk tullantıların idarə olunmasında yol verilmiş qanun pozuntularına görə hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimələr və müvafiq qanunvericiliyə uyğun olaraq tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəmələr tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər verilib.
Lənkəran rayonda çoxyaşlı Azat, Qara qoz, At şabalıdı, Ağcaqayın, Şərq çinarı, Xəzəl lələyi ağacları, 8 hektarlıq Şümşad meşəsi, Lerik rayonda Azat ağacları, 3 hektarlıq Şümşad və 5 hektarlıq Fıstıq meşələri, Astara rayonda 24 hektarlıq çoxyaşlı Şümşad meşələri, Yardımlı rayonda Şərq çinarları, Azat ağacları, Masallı rayonda Azat, Palıd və Şümşad ağacları Təbiət Abidələri müvafiq qaydada mühafizə olunur və onlara aqrotexniki qaydada qulluq göstərilir.
Lənkəran rayonunda XVII-XVIII əsrin tarixi abidəsi olan Babagil türbəsinin həyətində təbiət abidəsi-çoxyaşlı Azat, Şümşad, Palıd cinsli qədim ağaclar, qədim tarixə malik Məscid kompleksi, Qızlar qalası, türbə mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.
Yardımlı rayonda b.e.ə. VI əsrdə inşa edilmiş Nekropol, X əsrdə inşa edilmiş Xınalıtəpə yaşayış yeri və küp qəbirləri, Tunc və daş dövrlərə aid olan daş qutu nekropolları, Gavurqəbir nekropolu və Alar mağarası, Dəvə Karvanı daş kompleksi, XII-XIII əsrə aid Göyəmli və Qalacıq yaşayış yeri, rayonun Porsova kəndinin ərazisində b.e.ə. IV-II əsrlərə aid Əligüneyli küp qəbirləri, I-II əsrə aid Gilavar küp və torpaq qəbirləri nekropolu, IX-XIII əsrə aid Ovçutəpə yaşayış yeri tarix və mədəniyyət abidələri mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.
Astara rayonun qədim tarixi mədəni dövrünü özündə əks etdirən tarix- diyarşünaslıq muzeyi, XII əsrə aid türbə, XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, qədim məscidlər və türbələr, Telman, Pensər, Təngərüd, Şüvi kəndlərində Tunc və Dəmir dövrlərinə aid kurqanlar kimi turizm əhəmiyyətli tarix və mədəniyyət abidələrinin əraziləri mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir. Sözügedən rayonlarda turizm əhəmiyyətli müasir istirahət komplekslərində formalaşan tullantı suları komplekslərin ərazilərində qazılmış quyulara (şambo) yığılır və sonradan xüsusiləşdirilmiş nəqliyyat vasitəsilə daşınır. Əmələ gələn bərk məişət tullantıları isə poliqonlara daşınaraq zərərsizləşdirilir.
Modern.az