İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, diplomat deputat Rizvan Nəbiyev bildirib ki, diplomatik korpusun azad edilmiş ərazilərə səfərləri Prezident İlham Əliyevin sülh diplomatiyasının və postmünaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni reallıqların beynəlxalq müstəvidə təqdimatının mühüm elementidir:
“Əsas məsələ yalnız görülən işləri nümayiş etdirmək deyil, bu reallıqların xarici diplomatlar tərəfindən birbaşa yerində müşahidə olunmasını təmin etməkdir. 2020-ci ildən sonrakı Azərbaycan diplomatiyasını üç mərhələli model kimi xarakterizə etmək olar. Birinci mərhələ müharibə və informasiya diplomatiyası idi ki, burada Azərbaycan beynəlxalq ictimaiyyətə müharibənin səbəblərini, hüquqi-siyasi mövqeyini və arqumentlərini birbaşa çatdırdı. İkinci mərhələdə ərazi bütövlüyü və suverenlik tam təmin edilərək yeni reallıq formalaşdırıldı. Üçüncü mərhələ isə postmünaqişə sülh və inkişaf diplomatiyasıdır. Azərbaycan indi həmin reallığın nəticələrini - bərpa, qayıdış, inkişaf və regional əməkdaşlıq gündəliyini beynəlxalq aləmə təqdim edir. Bugünkü diplomatik səfər məhz bu üçüncü mərhələnin mühüm nümunəsidir".

Deputat vurğulayıb ki, 58 ölkə və 9 beynəlxalq təşkilatdan təxminən 150 nümayəndənin iştirakı ilə keçirilən 22-ci səfər çərçivəsində "Müharibədən sonra nə baş verdi?", sualına Azərbaycanın real cavabı yerində göstərilir:
"Diplomatların Xankəndi, Xocalı, Şuşa, Ağdərə və Kəlbəcərdə layihələri yerində görməsi postmünaqişə siyasətinin praktiki nəticələrinin beynəlxalq auditoriyaya çatdırılmasıdır. Prezident İlham Əliyevin idarəçilik strategiyasında diplomatik təşəbbüslər yerdə formalaşdırılan reallıqlarla tamamlanır. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə suverenlik bərpa edilib, bölgədə yeni idarəetmə, genişmiqyaslı infrastruktur, böyük qayıdış və mədəni irsin bərpası prosesi sürətlənib".
R. Nəbiyev səfərlərin ardıcıl təşkilinin xüsusi siyasi mesaj daşıdığını qeyd edib:
"Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə təşkil olunan bu səfərlər göstərir ki, Qarabağdakı dəyişiklik birdəfəlik hadisə deyil, davamlı və sistemli dövlət quruculuğudur. Şəffaflıq siyasətinin tərkib hissəsi olan bu səfərlər sayəsində məlumat vasitəçilərdən deyil, birbaşa mənbədən alınır".
"Səfər marşrutunda Xankəndi və Xocalının olması xüsusi simvolik məna kəsb edir. Uzun illər münaqişənin ən ağrılı nöqtələri olan bu məkanların indi quruculuq və inkişaf nümunəsi kimi təqdim edilməsi Azərbaycanın postmünaqişə narrativini dəyişdiyini göstərir. Siyasi diskurs 'münaqişə və qarşıdurma' mövzusundan 'bərpa, reinteqrasiya, inkişaf və sülh' mövzusuna keçirilir. Azərbaycan artıq azad edilmiş ərazilərdəki reallığı sadəcə izah etmir, onu beynəlxalq ictimaiyyətə canlı nümayiş etdirir", – deyə parlamentari sonda vurğulayıb.