Milli Məclisə seçkilrədə namizədliyini irəli sürmüş bir sıra şəxslər sonradan dairələrini dəyişsələr də, Mərkəzi Seçki Komissiyasının rəsmi “Seçkilər” İnformasiya Mərkəzinin saytında hər iki dairə üzrə namizəd kimi göstərilir. Halbuki bu şəxslər mətbuata açıqlamalarında rəsmi olaraq dairələrini dəyişdiklərini elan ediblər. Modern.az namizədliyini bir dairədən irəli sürüb sonradan başqa dairəyə keçən namizədlərin siyahısını sizin nəzərinizə çatdırır. Onlar aşağıdakılardır:

Əhməd Vəliyev – YAP. Hakim partiya onun namizədliyini əvvəlcə 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürmüşdü. Sonradan həmin dairədən namizədliyini geri götürən Ə.Vəliyev artıq 107 saylı Qazax seçki dairəsindən deputatlıq uğrunda mübarizə aparır.
Gülər Əhmədova- YAP. Hakim partiya onun namizədliyini əvvəlcə 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürmüşdü. Sonradan həmin dairədən namizədliyini geri götürən G.Əhmədova artıq 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlıq uğrunda mübarizə aparır.

Əli Əliyev – Vətəndaş və İnkişaf Partiyasının sədri. O, deputatlığa namizədliyini əvvəlcə 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürmüşdü. Sonradan həmin dairədən namizədliyini geri götürən Ə.Əliyev artıq 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa iddialıdır.

Fuad Əliyev - Azərbaycan Liberal Demokrat Partiyasının sədri. Əvvəlcə deputatlığa namizədliyini 18 saylı Nərimanov – Nizami seçki dairəsindən irəli sürən F.Əliyev sonra oradan imtina edib. O, indi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Akif Nağı – Qarabağ Azadlıq Təşkilatının sədri. Əvvəlcə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa iddialı olan A.Nağı sonradan geri çəkildi. O, indi 9 Binəqədi ikinci seçki dairəsindən deputatlıq uğrunda mübarizə aparır.

Sahib Alıyev - “Lider” telekanalının əməkdaşı, tanınmış telejurnalist. Sahib Alıyev əvvəlcə 107 saylı Qazax seçki dairəsindən deputatlığını irəli sürmüş və sentyabrın 23-də imza vərəqələrini də DSK-ya təhvil vermişdi. Ancaq deputat Əhməd Vəliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsinə dəyişiləndən sonra S.Alıyev buradan geri çəkildi. O, indi 95 saylı Tərtər seçki dairəsindən deputatlığa iddia edir.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev iki DSK-da adı olan deputatlığa namizədliyini irəli sürən şəxslər barədə münasibətini Modern.az-a açıqlayıb. MSK rəsmisinin sözlərinə görə, seçki dairəsindən namizədliyini geri götürmüş şəxslər imtina ilə bağlı DSK-ya rəsmi ərizə ilə müraciət etməyiblər. Odur ki, DSK-lardan bu ərizələr daxil olmayınca “Seçkilər” İnformasiya Mərkəzi onların adını keçmiş dairələrindən çıxara bilməz.
“Dairəsini dəyişmiş namizədlərin ərizələri DSK-lardan MSK-ya çatan kimi onların adı köhnə dairələrin siyahısından çıxarılacaq”-deyə A.Sarıyev bildirib.